PREZİDENT İLHAM ƏLİYEV VƏ AVROPA KOMİSSİYASININ SƏDRİ JOZE MANUEL BARROZU BİRGƏ MƏTBUAT KONFRANSI KEÇİRİBLƏR
İşçi nahardan sonra Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu birgə mətbuat konfransı keçiriblər.
Joze Manuel Barrozu Azərbaycan Prezidenti ilə aparılan danışıqların faydalı olduğunu bildirdi və qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının vacib tərəfdaşıdır. Ölkəmizin dinamik iqtisadi inkişafını vurğulayan Joze Manuel Barrozu dedi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq getdikcə genişlənir. Azərbaycanın neft-qaz sektorunda böyük potensialı var və Avropa İttifaqı bu sahədə ölkəmizlə əməkdaşlığa mühüm önəm verir.
Joze Manuel Barrozu Azərbaycanın tranzit ölkə kimi də imkanlarını yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair memorandumun imzalandığını xatırlatdı və qeyd etdi ki, tərəflər arasında enerji sahəsində yüksək əməkdaşlıq var. Ölkəmizin iqtisadi nailiyyətlərindən danışan Prezident İlham Əliyev neft-qaz sektorunda da Azərbaycanın nəhəng layihələrə imza atdığını, bu sahədə Avropa İttifaqı ilə əməkdaşlığın uğurlu olduğunu dedi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bildirdi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bir milyon insan məcburi köçkünə və qaçqına çevrilib, torpaqlarımızda etnik təmizləmə siyasəti aparılıb. Ermənistan hələ də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur. Sonra Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu kütləvi informasiya vasitələrinin nümayəndələrinin suallarına cavab verdilər.