PDF Oxu

Siyasət

  • 7

Prezident İlham Əliyev bir sıra ərazilərdə yenidənqurma işləri ilə tanış olub

Prezident İlham Əliyev bir sıra ərazilərdə yenidənqurma işləri ilə tanış olub
Prezident İlham Əliyev aprelin 23-də Bakının Nərimanov rayonu ərazisindəki 203 saylı yarımstansiyanın tikintisi, 110 kilovoltluq 3-cü və 4-cü "Xırdalan" hava xəttinin yenidən qurulması işləri ilə tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, 1967-ci ildə inşa edilmiş 110/35/16 kilovoltluq 203 saylı yarımstansiyanın yenidən qurulması və gücləndirilməsi paytaxtın paylayıcı və ötürücü şəbəkəsinin müasirləşdirilməsi istiqamətində görülən mühüm tədbirlərdəndir.
Buradakı köhnə stansiya tamamilə sökülərək, "Siemens" şirkətinin avadanlığından geniş istifadə olunmaqla yeni yarımstansiya tikilmişdir. Ərazidə hər birinin gücü 50 meqavoltamper olan 110/35/6 kilovoltluq iki transformator quraşdırılıb. Bakı şəhərinin əsas qidalandırıcı xətlərindən sayılan və yeni inşa edilən 203 saylı yarımstansiyanı elektrik enerjisi ilə təmin edən, 40 ildən çox müddətdə istismarda olan və texniki parametrlərini itirən 110 kilovoltluq 3-cü və 4-cü "Xırdalan" hava elektrik ötürücü xətti də yenidən qurulub. Həmin xəttin dayaqları gücləndirilmiş, naqillər en kəsiyi daha böyük naqillərlə əvəz edilib. Görülən əsaslı tədbirlər sayəsində uzunluğu 20 kilometr olan bu xəttin nəqletmə qabiliyyəti iki dəfə artırılmışdır. Bu qurğu Bakının Nərimanov, Binəqədi, Xətai və Nəsimi rayonlarının elektrik enerjisi ilə təchizatını əsaslı şəkildə yaxşılaşdırıb.
Ərazidə "Bakıelektrikşəbəkə" üçün mühüm əhəmiyyətə malik, ümumi sahəsi 10 min kvadratmetrə çatan müasir tipli anbar inşa edilmiş, həmçinin elektrik sayğaclarının test laboratoriyası üçün ümumi sahəsi 2000 kvadratmetr olan ikimərtəbəli bina tikilmiş, işçilər üçün hər cür şərait yaradılmış, ətrafda yaşıllıqlar salınmış, abadlıq işləri görülüb. Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq 203 saylı yarımstansiyada ən müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb. Yenidənqurma tədbirləri yarımstansiyaya 50 meqavoltamper əlavə güc qəbul etməyə və istehlakçılara paylamağa, eləcə də yeni inşa edilən yaşayış binalarının, sənaye, sosial və mədəni obyektlərin elektrik enerjisi ilə təchizatına imkan yaradıb. Nərimanov rayonu ərazisində müasir tipli 110/35/10 kilovoltluq yeni yarımstansiyanın da inşa edildiyi qeyd olundu. Həmin yarımstansiya Bakı şəhərinin əsasən Nərimanov, Nəsimi və Binəqədi rayonlarını elektrik enerjisi ilə fasiləsiz təchiz etməyə imkan verəcək.
Bildirildi ki, uzun illər Bakı şəhərinin elektrik təsərrüfatına rəhbərlik edən "Barmek" şirkəti şəhərin elektrik təchizatını yaxşılaşdırmaq əvəzinə, əhalidən yalnız pul toplamaqla öz maddi marağını güdmüşdü. Qanunsuz işlərlə məşğul olan "Barmek" özünün yarıtmaz fəaliyyəti ilə paytaxtın elektrik təsərrüfatını tamamilə baxımsız vəziyyətə qoymuşdur. Fəaliyyət göstərdiyi müddətdə "Barmek" şirkəti Bakı şəhərinin elektrik şəbəkəsinin inkişafına bir manat da olsun vəsait ayırmamış, burada çalışan işçilərin və mütəxəssislərin iş şəraiti acınacaqlı vəziyyətdə olub. Yalnız Bakı şəhərinin elektrik şəbəkəsi dövlətin nəzarətinə keçdikdən sonra Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində qısa vaxt ərzində paytaxtın elektrik enerji təsərrüfatı əsaslı şəkildə yenidən qurulmuş, şəhərin dayanıqlı enerji ilə tam təmin edilməsi istiqamətində mühüm tədbirlər görülüb. Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev yarımstansiyanı işə saldı. Dövlətimizin başçısı Bakı şəhərinin elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlarını verdi.

Digər xəbərlər