Azərbaycanla Rusiya hərtərəfli əməkdaşlıq həyata keçirir
Rusiya Federasiyasının Azərbaycanda yeni təyin olunmuş səfiri Vladimir Doroxin aprelin 22-də Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşüb. Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən Oqtay Əsədov ona fəaliyyətində uğurlar arzulamış və ümidvar olduğunu bildirib ki, o, Rusiya ilə Azərbaycan arasındakı əlaqələrin daha da dərinləşməsinə və inkişafına yeni töhfələr verəcək. Milli Məclisin sədri qeyd edib ki, ölkələrimiz arasındakı münasibətlər dərin köklərə malikdir. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri bu əlaqələrin daha da möhkəmləndirilməsində əvəzsiz rol oynayır və geniş perspektivlər açır. Prezident İlham Əliyevin Rusiya Federasiyasına son səfərini xatırladan Oqtay Əsədov bildirib ki, səfər zamanı müxtəlif formatlarda keçirilən görüşlər və aparılan danışıqlar ikitərəfli əlaqələrin inkişafında yeni mahiyyət kəsb edəcək.
Parlamentlərarası əlaqələrin inkişafından danışan O.Əsədov, müxtəlif beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətlərimizin fəal əməkdaşlığını xüsusi qeyd edib. Milli Məclisin sədri Rusiya Federasiyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında bundan sonra da səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib. Səfir Vladimir Doroxin Rusiya-Azərbaycan əlaqələrinin inkişafı üçün səy və bacarığını əsirgəməyəcəyini, bütün mümkün imkanlardan istifadə edəcəyini vurğulayıb. Diplomat qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında daim inkişaf edən əlaqələr hərtərəfli xarakter daşıyır və təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Ölkələrimiz humanitar və mədəniyyət sahəsində də yüksək əməkdaşlıq nümayiş etdirirlər. Bu sırada təhsil sahəsindəki əməkdaşlığı xüsusi qeyd etmək lazımdır.
Vladimir Doroxin fəaliyyəti dövründə mövcud ikitərəfli əlaqələrin daha da inkişafına töhfə verəcəyini diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da müzakirələr aparılıb.