Rusiya Azərbaycanı strateji müttəfiq hesab edir
Prezident İlham Əliyevin Moskvaya işgüzar səfərinin gedişi belə bir reallığı ortaya qoydu ki, Azərbaycan-Rusiya münasibətlərinin perspektivi üçün praktik məqamlar kifayət qədərdir. Səfərin gedişi onu da sübut etdi ki, Rusiya Azərbaycanla iqtisadi sahədə işbirliyini genişləndirməyin tərəfdarıdır və rəsmi Bakı bu yöndə Moskvaya ciddi layihələr təklif edə bilər.
Bu səfərin gedişində o da sübut olundu ki, təsərrüfat və sənaye nöqteyi-nəzərindən xarici sərmayədarları heç nə ilə cəlb etməyən Ermənistanın Rusiya üçün hansı "əhəmiyyət" kəsb etdiyi göz qabağındadır. İqtisadi cəhətdən iflas həddində olan bu ölkə, Rusiyaya olan borclarını da strateji müəssisələri ilə ödəmək zorundadır. Heç şübhəsiz ki, Azərbaycan-Rusiya münasibətlərində Ermənistanı daha çox narahat edən cəhət Moskvanın Dağlıq Qarabağ nizamlanmasına münasibətinin dəyişməsi ola bilər. Çünki Ermənistan münaqişənin başladığı ilk gündən Moskvaya arxalanıb və onun himayəsində olub. Odur ki, Rusiyanın Azərbaycanla strateji əməkdaşlığını göz önünə alaraq Ermənistan-Azərbaycan konfliktinə obyektiv prizmadan yanaşmaq ehtimalı Yerevanda sakit qarşılana bilməz.
Prezidentlər Kremldə keçirdiyi görüşdə ölkələr arasındakı əməkdaşlığın bütün sahələrini nəzərdən keçirdilər. Prezident Dmitri Medvedev bildirib ki, yaxın 2-3 ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmini iki dəfə artırmaq mümkün olacaq. Həmçinin, o, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 3 mlrd dol-a çatdığını bildirib: "Hesab edirəm ki, yaxın iki-üç il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmini iki dəfə artırmağa nail olacağıq. İnkişafın hazırkı tempi bunu söyləməyə əsas verir. Rusiya və Azərbaycan enerji sahəsində aktiv əməkdaşlıq edir. Biz danışıqlar zamanı Rusiya qazının Azərbaycana nəqli məsələsini də müzakirə edəcəyik".
Prezident İlham Əliyev isə son dövrlərdə Rusiya ilə Azərbaycan arasında münasibətlərin müstəqillik dönəmində ən yüksək səviyyəyə çatdığını bildirib: "Biz əməkdaşlıq potensialını genişləndirməyə hazırıq. Siyasi-iqtisadi və humanitar sahələrdə Azərbaycanla Rusiya arasında aktiv əməkdaşlıq mövcuddur. Problemlərin pozitiv həlli ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə və regionda situasiyanın stabilləşməsinə təsir göstərəcək".
Prezident İlham Əliyev Moskvadakı görüşlərində onu da xatırladıb ki, bu gün Azərbaycanda Rusiyanın 300-dən çox şirkəti uğurla işləyir, onlar Azərbaycan iqtisadiyyatına, o cümlədən də, energetika sektoruna 100 mln-larla dol məbləğində sərmayə qoyub. Həmçinin, Prezident İlham Əliyev Rusiyanın bütün iri şirkətlərini Azərbaycanla əməkdaşlığa dəvət etdi. Yeri gəlmişkən, qeyd edək ki, Rusiya Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşlarından biridir. Son dövrlər iki ölkənin ticarət dövriyyəsi təxminən 50 faiz artıb və 3 mlrd dol təşkil edib. Moskva görüşündə prezidentlər belə bir fikirdə də həmfikir olublar ki, yaxın vaxtlarda bu rəqəmin iki-üç dəfə artırılması tamamilə realdır. Tərəflər 2010-cu ilə qədər olan dövrdə iqtisadi əməkdaşlıq proqramının həyata keçirilməsi, yanacaq-energetika kompleksi sahəsində, nəqliyyat və rabitə, aerokosmik sahədə əməkdaşlıq barədə razılığa gəliblər. Ümumilikdə isə, Azərbaycanla Rusiya arasında qarşılıqlı faydalı iqtisadi münasibətlərin dərinləşdirilməsi hər iki ölkənin strateji maraqlarına cavab verir. Prezident İlham Əliyev də çıxışında bu fikri vurğulayıb.
Dövlət başçısı bildirib ki, Azərbaycan öz münasibətlərini qonşu ölkələrlə də, region ölkələri ilə də inkişaf etdirir və bu xüsusda Rusiya ilə münasibətlər öncül xarakter daşıyır. Prezident məmnunluqla qeyd edib ki, iki ölkə arasında siyasi etimad və qarşılıqlı fəaliyyət çox yüksək səviyyədədir və bu, birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün ən əlverişli zəmindir: "Bu gün Rusiya da, Azərbaycan da dinamik inkişaf edən ölkələrdir. Odur ki, ölkələrimizin iqtisadiyyatı nə qədər qüdrətli olarsa, təbii ki, biz daha sıx əməkdaşlıq, daha çox ticarət edəcəyik. Bu gün elə layihələr həyata keçirilir ki, beş il əvvəl onlar, bəlkə də, az real görünərdi. Bunların hamısı ona görədir ki, münasibətlərimiz üçün əsas olan əlverişli siyasi zəmin mövcuddur".
Göründüyü kimi, Azərbaycan Rusiya münasibətlərinin strateji xarakteri real təmələ, yəni ilk növbədə, qarşılıqlı fayda gətirən iqtisadi işbirliyinə söykənir. Burada bir məqamı vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin Moskva səfərinin iqtisadi tərəfini şərh edən bir sıra icmalçılar iddia edirlər ki, Azərbaycanın iqtisadi potensialını Rusiya şirkətləri üçün açması Şimal qonşumuzun bizə iqtisadi anneksiyası ilə nəticələnəcək. Lakin ümummilli lider Heydər Əliyevin ötən 10 ildə həyata keçirdiyi iqtisadi kurs və xarici sərmayələrə açıq qapı siyasəti hər zaman Azərbaycanın milli maraqlarını ehtiva edib və bu xətt Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Digər tərəfdən, son 10 il ərzində Qərb, o cümlədən, ABŞ şirkətləri Azərbaycan iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyub və heç bir iqtisadi anneksiyadan söhbət getmir.
Prezidentlərin Moskva görüşündə Dağlıq Qarabağ münasaqişəsi də diqqətə alınıb. "Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır. Çünki bu, istər Azərbaycanla, istərsə də Ermənistanla dolğun əməkdaşlıq üçün bizə geniş imkan verəcək. İndiki qeyri-normal vəziyyətin davam etməsi isə bu əlaqələrin inkişafında təbii məhdudiyyət yaradır. Biz bu vəziyyətin dəyişməsində olduqca maraqlıyıq və bunun mümkün qədər tez baş verməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik" - Rusiya Prezidenti Dmitri Medvedev İlham Əliyevlə görüşdə bu fikri də vurğulayıb.
Bu mövqedən belə anlaşılır ki, Rusiyanın Qarabağ məsələsinin həllində köklü maraqları var. İndi qalır, sözügedən marağın problemin konstruktiv həllinə transformasiyasına nail olmaq. Lakin bu, həm bizdən, həm də Şimal qonşumuzdan asılıdır.