Dünya Gənclərinin Beynəlxalq Həmrəylik Günü münasibətilə “Adımız ünvanımızdır” adlı tədbir keçirilib
AZTV və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) birgə layihəsi əsasında 24 aprel Dünya Gənclərinin Beynəlxalq Həmrəylik Günü münasibətilə "Adımız ünvanımızdır" adlı tədbir keçirilib.
SİA-nın məlumatına görə, Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunmuş tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov da iştirak edib. R.Abbasov çıxış edərək Azərbaycanda təhsil alan əcnəbi tələbələri salamlayıb. O, ölkə başçısı İlham Əliyevin xaricdə təhsil alan azərbaycanlı gənclərə və Azərbaycanda təhsil alan əcnəbi tələbələrə qayğısını qeyd edərək tədbirin mahiyyətindən söz açıb.
Tədbirdə Türkiyə, Çin, Pakistan, Hindistan, İran, Rusiya, Sudan və başqa ölkələrin Azərbaycanda təhsil alan tələbələri müxtəlif bədii çıxışlarla yadda qalıblar. Bundan əlavə, azərbaycanlı gəncləri də öz yaradıcılıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, 2000-2008-ci illərdə dövlət 220 azərbaycanlı gənci xarici ölkələrə təhsil almağa göndərib. 2015-ci ilə qədər isə belə gənclərin sayının 5 minə çatacağı planlaşdırılıb.