Prezident İlham Əliyev İraqın turizm və tarixi abidələr nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də İraqın turizm və tarixi abidələr naziri Kahtan Abbas Noman Əl-Cuburi Alavadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycanın İraqla münasibətlərin inkişaf etdirilməsində və fəal əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirdi. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğuladı. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, İraqın turizm və tarixi abidələr naziri Kahtan Abbas Noman Əl-Cuburi Alavadinin başçılıq etdiyi nümayəndə heyətinin səfəri iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq imkanlarını nəzərdən keçirmək və Azərbaycanla tanışlıq baxımından əhəmiyyətli olacaq.
İraqın turizm və tarixi abidələr naziri Kahtan Abbas Noman Əl-Cuburi Alavadi İraq Prezidenti Cəlal Tələbaninin və Baş nazir Nuri Əl-Malikinin salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkəmizə səfərindən məmnunluğunu bildirən qonaq İraqın çətin vaxtlarında Azərbaycan xalqının göstərdiyi dəstəyi minnətdarlıq hissi ilə xatırladı. Kahtan Abbas Noman Əl-Cuburi Alavadi Azərbaycanın və İraqın turizm və tarixi abidələr sahəsində əməkdaşlığını müzakirə etmək üçün bu səfərin yaxşı imkan yaratdığını söylədi.
Dövlətimizin başçısı İraq Prezidenti Cəlal Tələbaninin və Baş nazir Nuri Əl-Malikinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İraqın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.