Azərbaycan-Ukrayna: Strateji əməkdaşlıqda yeni şanslar
Ukrayna Prezidenti Viktor Yuşşenkonun Bakıya ikigünlük rəsmi səfəri ötən həftənin ən mühüm xarici siyasət olayı olaraq yerli və beynəlxalq ictimai rəyin yaddaqalan hadisəsinə çevrildi. Tərəflər arasında imzalanmış sənədlər, xüsusilə iki ölkə prezidentinin təsdiqlədikləri Bakı bəyannaməsi Ukrayna ilə Azərbaycanın strateji sahədə əməkdaşlığına daha böyük imkanlar vəd edir...
Bakı ilə Kiyevin münasibətləri iki ölkənin xalqları arasındakı dostluq və səmimi əməkdaşlıq müstəvisi ilə kifayətlənmir. Eyni zamanda, hakimiyyət orqanları da strateji planda real müttəfiqlər kimi çıxış edirlər. Bunu GUAM-ın yaradılması və onun fəaliyyəti də təsdiqləyə bilər. Neft kəmərlərinin çəkilişi sahəsində də Azərbaycanla Ukrayna arasında yaxın perspektivdə bir sıra layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulub. Rəsmi Kiyev Azərbaycanın "Odessa-Brodı-Qdansk-Plotsk" neft kəmərinə qoşulması təklifi ilə çıxış edib. Prezident İlham Əliyev hələ bir müddət əvvəl Ukraynanın populyar "Mir" jurnalına müsahibəsində bildirmişdi ki, bu ideyanın müzakirəsi davam etdirilir və Azərbaycan Kiyevin irəli sürdüyü təklifi araşdırmaqla məşğuldur.
Kiyev Xəzər və Azərbaycan neftinin Avropa bazarlarına nəqlini nəzərdə tutan "Bakı-Odessa-Brodı-Qdansk-Plotsk" marşurutu üzərində israrla dayanıb. Ukraynada məhz Xəzər neftinin bir hissəsinin bu kəmərlə nəqlinə böyük ümidlər bəsləyirlər. Hələ bir müddət bundan əvvəl də Azərbaycan Prezidenti bu məsələ ilə bağlı suala verdiyi cavabında Xəzər neftinin dünya bazarına nəqli ilə bağlı məsələnin müzakirə hədəfi ola biləcəyini istisna etməmişdi. ABŞ prezidentinin Xəzərin regionu üzrə sabiq nümayəndəsi Stiven Menn də məsələyə münasibətdə ölkəsinin tutduğu mövqeyə aydınlıq gətirmişdi. Onun sözlərinə görə, ABŞ Xəzər neftinin dünya bazarına "Odessa-Brodı-Qdansk-Plotsk" marşurutu ilə nəqli məsələsinə müsbət yanaşır. Yeri gəlmişkən, əslində, Xəzər neftinin dünya bazarına adıçəkilən kəmər vasitəsilə nəqlinin ilk təşəbbüskarı da məhz ABŞ olub.
Ukrayna Prezidenti Viktor Yuşşenkonun Azərbaycana növbəti rəsmi səfəri həm də əlverişli coğrafi-geosiyasi mövqeyinə, iqtisadi resurslarına görə MDB məkanının iki öncül respublikası arasında əməkdaşlığın çoxşaxəli inkişaf perspektivlərini müəyyənləşdirmək, bütövlükdə, Cənubi Qafqaz regionunun tərəqqisinə xidmət edən qarşılıqlı faydalı əlaqələri genişləndirmək baxımından kifayət qədər əhəmiyyətli sayıla bilər. Səfərin gedişi bir daha təsdiqləyir ki, Ukrayna və Azərbaycan arasında hələ Sovetlər Birliyi dövründən mövcud olmuş hərtərəfli əlaqələri bərpa etmək, gücləndirmək hər iki respublikanın xarici siyasət kursunda mühüm yer tutur. Güclü iqtisadi potensiala və hərbi sənaye kompleksinə malik olan Ukraynanın hələ keçmiş SSRİ dövründə Azərbaycanla bir sıra sahələrdə sıx əməkdaşlıq münasibətləri mövcud idi. 1991-ci ildə imperiyanın süqutu iki müttəfiq respublika arasında ənənəvi əlaqələrin qırılması ilə nəticələnsə də, yeni ictimai-iqtisadi formasiyanın reallıqları ən müxtəlif sahələrdə çoxşaxəli münasibətlərin davam etdirilməsini zəruri məsələ kimi önə çıxarırdı. 1992-ci il yanvarın 31-də müstəqil Azərbaycan və Ukrayna respublikaları arasında münasibətlərin diplomatik təməli qoyuldu. 1991-1993-cü illərdə müəyyən mənada formal xarakter daşıyan bu münasibətlərin gerçək əməkdaşlıq, qarşılıqlı etimad və anlaşma mühitində inkişafı yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Həmin dövrdən etibarən Ukrayna ilə müxtəlif regional və beynəlxalq məsələlərdə əməkdaşlıq münasibətlərinin qurulması, iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasət strategiyasının başlıca istiqamətlərindən birinə çevrildi. 1995-ci ilin iyulunda Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın Azərbaycana, 1997-ci ilin martında isə ümummilli lider Heydər Əliyevin Ukraynaya gerçəkləşən səfərləri iki dövlət arasında genişmiqyaslı əlaqələrin inkişafı üçün zəruri hüquqi-normativ bazanın formalaşması, habelə, perspektiv əməkdaşlıq prioritetlərinin müəyyənləşməsi baxımından kifayət qədər əhəmiyyətli oldu.
Ötən müddətdə imzalanmış sazişlər müxtəlif regional və beynəlxalq məsələlərdə bir-birini dəstəkləyən iki müttəfiq respublikanın qısa müddətdə enerji və kommunikasiya sahəsində əməkdaşlığına da geniş imkanlar açıb. 1997-ci ildə Azərbaycan və Gürcüstan hökumətləri arasında Xəzər neftinin Qara dənizə çıxarılması üçün "Bakı-Tbilisi-Supsa" marşrutu ilə nəqlini nəzərdə tutan saziş imzalanıb və həmin razılaşmada Ukrayna da iştirak edib. 1999-cu il aprelin 17-də Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin iştirakı ilə uzunluğu 850 km, illik buraxılış qabiliyyəti 5 mln t olan Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilib. Ukraynanın Azərbaycanla əməkdaşlığa olan ciddi marağı bu ölkənin Xəzər hövzəsində həyata keçirilən neft-qaz və nəqliyyat kommunikasiyaları layihələrinə fəal surətdə qoşulmaq, alternativ enerji mənbələri əldə etmək istəyi ilə şərtlənir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən əlverişli geosiyasi məkanda yerləşməsi, zəngin təbii sərvətlərə malik olması, Avrasiya məkanında subregional inteqrasiyanın və enerji təhlükəsizliyinin mühüm təminatçısı qismində çıxış etməsi, Qərblə yanaşı, Rusiya ilə münasibətlərdə də uğurlu nəticələr qazanması respublikamızı Ukrayna üçün strateji əhəmiyyətli dövlətə çevirir.
Hazırda Avropanın xam neftlə təminatında əsas söz sahiblərindən birinə çevrilmiş respublikamız öz böyük potensialı ilə Ukraynanı Rusiyanın enerji asılılığından çıxarmaq imkanlarına malikdir. Hələ 2005-ci ilin qışında Rusiya Gürcüstanı və Ukraynanı enerji sınağı ilə "imtahana çəkəndə", Azərbaycanın bölgədə heç bir asılılığı olmayan ölkə olduğu təsdiqini tapmışdı. Bir müddət əvvəl isə Rusiya Ukraynaya satdığı mavi yanacağın qiymətini növbəti dəfə qaldırmaqla regionda növbəti gərginlik yaratdı. Azərbaycanla genişmiqyaslı əməkdaşlıq, bu baxımdan, Ukraynaya alternativ enerji kəmərləri əldə etmək imkanı qazandırdı. Ukrayna hökumətinin strateji məqsədlərindən biri də, məhz Xəzər neftinin Qərb bazarlarına daşınması prosesində özünün tranzit-kommunikasiya imkanlarını gerçəkləşdirmək və bu yolla enerji təhlükəsizliyini təmin etməkdir. Rəsmi Kiyevin 10 ilə yaxın müddətdə üzərində israr etdiyi layihələrdən biri də, məhz Xəzər neftinin "Odessa-Brodı-Qdansk-Plotsk" kəməri ilə nəqlini nəzərdə tutur. İstər texniki imkanların yetərli səviyyədə olmamasına, istərsə də daşınma qiymətlərinin bahalığına görə indiki mərhələdə heç də qənaətbəxş sayılmayan həmin layihənin hansısa mərhələdə aktuallaşacağına ümid bəsləyən rəsmi Kiyev, bu məqsədlə Azərbaycan və Qazaxıstan hökumətlərinin razılığını almağa çalışır.
İkitərəfli münasibətlərə mühüm təsir göstərən amillərdən biri də Ukrayna və Azərbaycanın Qərbə inteqrasiya yolu tutması, Avropanın mötəbər beynəlxalq təşkilatları ilə sıx əməkdaşlığa meyilli olması, habelə, strateji əhəmiyyətli məsələlərdə maraq və mənafelərinin üst-üstə düşməsidir. 1996-cı ildən Avropa Birliyinin ciddi dəstək verdiyi TRASEKA layihəsinin gerçəkləşməsinə Azərbaycanla eyni dərəcədə səy göstərən Ukrayna, paralel olaraq, respublikamızla GUAM çərçivəsində çoxtərəfli əməkdaşlıq əlaqələri qurub. Qərb dövlətləri, xüsusən də, ABŞ tərəfindən dəstəklənən təşkilat ötən müddətdə MDB-dən kənar subregional inteqrasiyanın uğurlu modelinə çevrilməklə ölkələrimiz arasındakı qarşılıqlı faydalı münasibətlərə əlavə impulslar verib. GUAM çərçivəsində sıx əməkdaşlıq edən Ukrayna və Azərbaycan ilk gündən Xəzərin zəngin təbii resurslarının Qərb şirkətləri ilə birgə mənimsənilməsi, Şərq-Qərb (TRASEKA) nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, NATO ilə əməkdaşlığın genişləndirilməsi, habelə, azad ticarət zonasının formalaşdırılması məsələlərində vahid mövqedən çıxış edib.
Ukrayna Prezidenti Viktor Yuşşenkonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana gerçəkləşən rəsmi səfəri isə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələdə inkişafı baxımından vacib əhəmiyyət kəsb edir. Səfər tarixən siyasi və iqtisadi tellərlə bir-birinə bağlı olmuş iki postsovet respublikası arasında əməkdaşlığın yeni mərhələdə mühüm geosiyasi reallıqlarla şərtləndiyini təsdiqləyir. Bakıda aparılan ikitərəfli müzakirələr müxtəlif beynəlxalq və regional məsələlərdə eyni mövqedən çıxış edən Azərbaycan və Ukrayna arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün güclü potensialın mövcudluğunu təsdiqləyib. Dövlət başçıları ikitərəfli danışıqlar zamanı qlobal maliyyə böhranına rəğmən, bu potensialdan maksimum səmərəli yararlanmaqla mövcud əlaqələri daha da genişləndirməyin vacibliyini bildiriblər.
Bugünkü əlaqələrin inkişaf səviyyəsindən razı olduğunu vurğulayan Prezident İlham Əliyev, Ukrayna Prezidentinin Azərbaycana səfərinin bir sıra mühüm məsələlərin müzakirəsi və ikitərəfli sazişlərin imzalanması baxımından əhəmiyyətini diqqətə çəkib. Ən müxtəlif sahələrdə əməkdaşlığa dair geniş fikir mübadiləsinin aparıldığını, Avropa Birliyi çərçivəsində nəzərdə tutulan "Şərq tərəfdaşlığı" layihəsi üzrə müzakirələri əhəmiyyətli sayıb. Dövlət başçısı, eyni zamanda, bildirib ki, əsas diqqət qarşılıqlı siyasi, iqtisadi əməkdaşlığın genişləndirilməsinə, habelə energetika, nəqliyyat və hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinə yönəlib: "...Bu gün biz təkcə ölkələrimiz üçün deyil, əminəm ki, həm də region üçün, Avropa üçün əhəmiyyətli məsələləri və nəqliyyat sahəsində, Xəzərin enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması, enerjidaşıyıcıları nəqlinin şaxələndirilməsi sahəsində nəzərdə tutduğumuz məsələləri, bu istiqamətdə Ukraynanın və Azərbaycanın rolunu hərtərəfli müzakirə etdik".
Ukraynanın Azərbaycanın mövqelərini dəstəkləməsi özünü Avropa Şurası Parlament Assambleyası müstəvisində də nümayiş etdirir. Bəlli olduğu kimi, Ukrayna Radasının AŞPA-dakı nümayəndə heyəti bütün məsələlərdə Azərbaycanın mövqelərini müdafiə edirlər. Belə ki, indiyə kimi azərbaycanlı parlamentarların AŞPA-nın sessiyasında müzakirə edilmək üçün təqdim etdikləri bütün qətnamə layihələrində ukraynalı deputatların imzası var.
Bütün bunlarla yanaşı, bənzər siyasi proseslərdən keçmiş və oxşar problemlərə malik Kiyev də Bakının əməkdaşlıq etdiyi NATO və Avrora Birliyi kimi bir sıra Avratlantik strukturlara uğurlu şəkildə inteqrasiya edə bilmişdir. Hazırda Azərbaycan və Ukrayna üzv olduqları BMT, Avrora Şurası, ATƏT, QİƏT və digər beynəlxalq qurumlar çərçivəsində səmərəli əməkdaşlıq etməkdədirlər. Ukrayna prezidentinin Bakıya rəsmi səfərinin nəticələri bu əlaqələrin davamlı olacağına inamı daha da artırdı...