Xəbər verdiyimiz kimi, aprelin 9-da "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Ukrayna Prezidenti Viktor Yuşşenkonun və xanımı Katerina Yuşşenkonun şərəfinə rəsmi ziyafət verilib.
Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
-Hörmətli cənab Prezident, hörmətli hökumət üzvləri, əziz qonaqlar!
Mən dostum Viktor Andreyeviç Yuşşenkonu yenidən salamlamaqdan çox şadam. Bu gün biz ikitərəfli münasibətlərin inkişaf yolları haqqında çox geniş müzakirələr apardıq və belə bir ümumi qənaətə gəldik ki, ölkələrimiz arasında ikitərəfli strateji tərəfdaşlığın potensialını fəal surətdə inkişaf etdirməli və artırmalıyıq. Tarixdə bizim xalqlarımızı birləşdirən məqamlar çoxdur. Ukrayna və Azərbaycan xalqları əsrlər boyu dostluq və mehribanlıq şəraitində yaşamışlar. Xalqlarımızın mədəniyyətlərinin bir-birinə qarşılıqlı təsirinin xalqlarımızı, ölkələrimizi zənginləşdirməsinə aid çox misallar göstərmək olar. Çox fərəhli haldır ki, ölkələrimizin müstəqil suveren dövlətlər kimi inkişaf etdiyi dövrdə dostluq münasibətlərimiz möhkəmlənir, çox fəal siyasi dialoq aparılır. Təkcə Ukrayna və Azərbaycan prezidentlərinin səfərlərinin statistikasına nəzər salsaq görərik ki, bu münasibətlər ən dinamik münasibətlərdən biridir. Statistik məlumatlardan əlavə, müzakirə edilən məsələlərin mahiyyəti də ikitərəfli əməkdaşlıq üçün, regional əməkdaşlıq üçün, qitə çərçivəsində əməkdaşlıq üçün çox böyük əhəmiyyət kəsb edir. Bu gün bizim fəal müzakirə etdiyimiz məsələlər arasında qarşılıqlı siyasi əlaqələr, bu əlaqələrin dərinləşdirilməsi, iqtisadi kooperasiya, enerji təhlükəsizliyi, nəqliyyat məsələləri, sənayenin inkişafı, hərbi-texniki əməkdaşlıq və humanitar sahə ilə bağlı məsələlər vardır. Yəni, bizim gündəliyimiz çox genişdir. Hər bir istiqamət üzrə konkret fəaliyyət planı var və bu gün artıq o, qarşıdakı iki ildə Ukrayna ilə Azərbaycan arasında birgə tədbirlər planının, "yol xəritəsinin" imzalanması ilə hüquqi cəhətdən rəsmiləşdirildi. Orada bizim fəal əməkdaşlıq edəcəyimiz bütün istiqamətlər, qərarların yerinə yetirilməsinin konkret müddətləri, konkret qrafiki göstərilmişdir.
Mənim bəhs etdiyim məsələlərin hər birinin böyük əhəmiyyəti vardır. Lakin heç şübhəsiz, regiondakı vəziyyət, enerji təhlükəsizliyi məsələləri təkcə bizim ölkələrimizdə deyil, bütövlükdə Avropa qitəsində daha çox maraq doğurur. İndi iqtisadi əməkdaşlıq məsələlərini enerji sahəsində əməkdaşlıqdan təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyildir. Hər bir ölkənin enerji təhlükəsizliyi yüksək diqqət yetirilən məsələdir. Azərbaycan regionun, Avropanın enerji təhlükəsizliyi məsələlərinə öz töhfəsini verməyə çalışır və inanıram ki, ötən illərdə bizim irəli sürdüyümüz və hazırda uğurla həyata keçirilən təşəbbüslər, habelə indi münasibətlərimizin ikitərəfli formatında fəal müzakirə etdiyimiz təşəbbüslər onların həyata keçirilməsinə, enerji bazarında vəziyyətin proqnozlaşdırılmasına, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların uzunmüddətli əməkdaşlığa əmin olmasına şərait yaradacaqdır.
Bu gün biz enerji ehtiyatlarının nəqlinin şaxələndirilməsi baxımından ölkələrimiz üçün müstəsna əhəmiyyəti olan Odessa-Brodı-Plotsk-Qdansk layihəsini ətraflı müzakirə etdik. Təbii ki, neft və qaz hasil edən ölkə kimi Azərbaycan bazarların şaxələndirilməsində öz maraqlarını görür. Buna görə də Odessa-Brodı-Plotsk-Qdansk layihəsi bizim üçün böyük maraq doğurur. Əlbəttə, tranzit ölkələr və istehlakçı ölkələr xammal mənbələrinin şaxələndirilməsinin müsbət cəhətlərini görürlər və bu da tamamilə məntiqə uyğundur. Ona görə də bu istiqamətdə səylərin birləşdirilməsi və əlaqələndirilməsi, maraqların birləşdirilməsi uğurun rəhnidir. Deməliyəm ki, bu baxımdan Ukrayna və Azərbaycan rəhbərliyi arasında gələcəkdə bu istiqamətdə necə əməkdaşlıq etməli olduğumuz, bu əməkdaşlığın formatının nə dərəcədə geniş olması və iri beynəlxalq qurumların bu əməkdaşlıqda necə iştirak edə bilməsi, zəruri hallarda buna necə kömək edə bilməsi məsələlərində tam anlaşma var.
Energetika bizi yaxınlaşdıran yeganə sahə deyildir. Bu gün gündəlikdə duran çox geniş məsələləri nəzərdən keçirdik və əlbəttə, indi bizim üçün böyük maraq doğuran və gələcəkdə də böyük maraq doğuracaq məsələləri müzakirə etdik. Onların arasında humanitar əməkdaşlıq məsələsini xüsusi qeyd etmək istərdim, çünki bunsuz, insanlar səviyyəsində əlaqələr olmasa, mədəni mübadilə olmasa gələcəkdə ölkələrimiz arasında əməkdaşlığın müsbət ruhunu qoruyub saxlamaq çətin olacaqdır. Bu gün mən də, Viktor Andreyeviç də mətbuat üçün bəyanatda bildirdik ki, bizim Ukraynaya və Azərbaycana səfərlərimizin, demək olar, hər biri ölkələrimizin və xalqlarımızın mədəni həyatında çox mühüm hadisələrlə bağlı olur. Bizim tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə qayğıkeş münasibət ölkələrimizi səciyyələndirən cəhətlərdir. Mən Ukrayna xalqının böyük oğlu Taras Şevçenkonun Bakıda abidəsini birlikdə açdığımız günü çox səmimi hisslərlə xatırlayıram. Bu abidənin qoyulduğu bağça indi Bakının ən gözəl guşələrindən birinə, Ukrayna diasporu nümayəndələrinin və Bakı sakinlərinin toplaşdığı yerə çevrilmişdir. Bu cür misallardan çox göstərmək olar. Başlıcası odur ki, gələcəkdə biz ölkələrimizin suverenliyini möhkəmlətmək və bir neçə əsr irəlicədən müstəqil inkişafımızı təmin etmək üçün, ölkələrimiz üçün, əlbəttə, mühüm olan iqtisadi, siyasi layihələrin, energetika layihələrinin əhəmiyyəti arxasında bu sahəni heç vaxt unutmayaq. Biz ölkələrimizi və xalqlarımızı bir-birinə yaxınlaşdıran məqamları həmişə yadda saxlamalıyıq.
Mən dəvətimi qəbul etdiyinə və bu gün buraya gəldiyinə görə Ukrayna Prezidentinə dərin minnətdarlığımı bildirmək, aparılmış danışıqlardan, qəbul edilmiş qərarlardan məmnunluğumu ifadə etmək istərdim. Əminəm ki, bizim münasibətlərimizin praktikasında dəfələrlə olduğu kimi, bu qərarların da hamısı həyata keçiriləcəkdir.
Mən bu badəni Ukrayna Prezidentinin, onun xanımının sağlığına, qardaş Ukrayna xalqının sağlığı və firavanlığı şərəfinə qaldırmaq istəyirəm!
UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN ÇIXIŞI
-Çox hörmətli İlham Heydər oğlu!
Çox hörmətli birinci xanım! Xanımlar və cənablar!
İlham Heydər oğlu keçirdiyimiz bu günü, münasibətlərimizin xüsusiyyətlərini o qədər ətraflı səciyyələndirdi ki, mən öz çıxışımı prinsipcə aşağıdakı kimi qura bilərdim: "Sonda demək istərdim ki, gəlin, bu badəni böyük xalqlarımızın şərəfinə, Azərbaycan Respublikasının şərəfinə, Ukrayna dövlətinin şərəfinə qaldıraq". Bu, daha düzgün olardı. Ancaq hər halda, mən deyilənlərin davamı olaraq bir neçə kəlmə bəzi fikirlərimi söyləmək istərdim. Mən fəxr edirəm ki, iki il tamam olmamış biz AANND adlanan layihənin sonuncu mərhələsinə çatmışıq. 18 ay əvvəl beş prezident ilk addım kimi, siyasi saziş imzalamışdı. İndi isə deyirik ki, on iki gündən sonra "Novaya Sarmatiya" müştərək müəssisəsinin Varşavada keçiriləcək iclasında bu layihəyə dair texniki-iqtisadi əsaslandırma qəbul ediləcəkdir. Beləliklə, asan olmayan layihənin siyasi niyyətdən reallaşdırılmayadək yolunda nöqtə qoyulur. Ona görə asan layihə deyil ki, siyasət olmasaydı, bu layihə çoxdan həyata keçirilərdi. Lakin təəssüf ki, energetika sahəsində münasibətlərdən danışanda çox sərtləşən siyasət bu layihənin həyata keçirilməsində tez-tez ciddi əngələ, bizdən asılı olmayan əngələ çevrilirdi. Biz cənab Prezidentlə başa düşürük ki, bu cür layihə bir aya və hətta bir ilə də ərsəyə gəlmir. Düşünürəm, 24 ay ərzində bu layihənin reallaşdırılmasına yaxınlaşa biləcəyimiz gözəl nəticədir. Əziz dostlar, bu layihəni gerçəkləşdirmək üçün bütün səviyyələrdə görülən işlərə görə hamınıza təşəkkür edirəm. Bu, uğurlu layihədir. Biz onun reallaşdırılmasına doğru yolu ləyaqətlə keçdik.
Biz danışmışıq və Klaypedadan İlyiçevskə konteyner daşımalarını uğurla təmin edən "Vikinq" layihəsi üzrə təşəbbüsü əslində dürüstləşdirmişik. İnişil İlyiçevskdən bu marşrutu Potiyədək, Batumiyədək davam etdirdik, bu il Kerçdən Potiyə, Batumiyədək davam etdirəcəyik. Bu gün biz razılığa gəldik ki, bu tranzit layihəsi Gürcüstan-Azərbaycan-Qazaxıstan, Poti-Batumi-Bakı-Almatı tranzit layihəsi ilə ahəngdarlığını tapacaqdır.
Şübhə etmirəm ki, az vaxt ötəcək və biz müvafiq nazirliklər, idarələr səviyyəsində tariflərin də, sığorta ödənişlərinin də, gömrük ödənişlərinin də, anbar xərclərinin də, yükləmə-boşaltmanın da idarə olunmasının uyğunlaşdırılmasına nail ola biləcəyik, bu marşrut ahəngdar şəkil alacaq və o, "Vikinq" layihəsi kimi səmərəli olacaqdır.
Bizim bu gün çox diqqət yetirdiyimiz hərbi-texniki əməkdaşlıqdan danışmaq olar. Artıq deyildiyi kimi, humanitar sahədə əməkdaşlıqdan danışmaq olar. Düşünürəm ki, biz 17-18 ildir müstəqillik şəraitində yaşayan ölkələrimiz üçün ən mühüm layihələrdən danışırıq. 18 il ərzində təkcə dövlətə deyil, həm də regional münasibətlərə xas olan münasibətlər sistemini qurmaq çətindir. 18 il az vaxtdır. 18 il ərzində insanı tərbiyə etmək olmaz, biz isə dövlətin təşəkkülündən danışırıq.
İlham Heydər oğlu, ona görə də bu gün Sizinlə haqqında çox danışdığımız məsələlər - razılığa gəldiyimiz məsələlərə sadiq qalmağın və onlara görə məsuliyyət daşımağın nə qədər vacib olması mənim üçün çox həssas məqamdır. Bizim siyasətçilərimiz arasında, biznesmenlərimiz arasında, insanlarımız arasında münasibətlərin gözəl tarixi var və buna görə də biz əlaqələrimizdə insani səviyyədə münasibətlərə xüsusi yer veririk. Biz təhsildən danışırıq, mədəniyyət sahəsində münasibətlərdən danışırıq, biz hər iki ölkədə abidələr qoyulması, milli mədəniyyət günləri və ya illəri mübadiləsi haqqında danışırıq.
Əminəm ki, əsl münasibətlər bu zəmində qurulur. Sonra iqtisadiyyat, ticarət və bütün başqa şeylər gəlir. İnsanlarımız arasında, xalqlarımız arasında münasibətlərin gözəl ənənəsi var. Bəlkə bugünkü günün əhval-ruhiyyəsini, ab-havasını bu ənənə müəyyənləşdirir. Çünki bugünkü gün bizə dəqiq və aydın şəkildə deyir: biz bir-birimizə sadiqik, qarşımızda çox böyük ümumi məqsədlər durur, bizim aramızda ciddi ziddiyyətlər, fikir ayrılığı yoxdur. Aramızdakı etimad elə səviyyədədir ki, qarşılıqlı milli dövlət siyasətini bu və digər millət üçün səciyyəvi olan həssas məsələlərə çox həssaslıqla reaksiya verən siyasəti qurmağa imkan verir. Mən nəyi nəzərdə tuturam? Onu nəzərdə tuturam ki, Dağlıq Qarabağda siyasətdən, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində qəbul olunan məsələlərdən söhbət gedəndə, Ukrayna dost Azərbaycanı bu məsələdə dəstəkləməkdən başqa ayrı bir variantın olması barədə heç düşünmədi də.
Zənnimcə, siz sadəlövh deyilsiniz və başa düşürsünüz ki, Ukraynanın mövqeyinin başqa cür olmasını arzulayanlar nə qədər idi. Mən qəti əminəm ki, bu, Azərbaycanın dostları kimi, bizim öz dostlarımıza - Azərbaycan Prezidentinə, respublikanın xalqına göndərməli olduğumuz işarədir.
Hörmətli İlham Heydər oğlu, Baş Məclisdə mənim millətim, mənim xalqım üçün heç də az həssas olmayan məsələ - 1932-1933-cü illər Qolodomoru barədə məsələ qaldırılanda Sizin də münasibətinizi və Azərbaycanın da münasibətini biz bu cür hörmətlə qarşılayırıq. Bu isə, insani səviyyədə, mən heç siyasi səviyyədə demirəm, çox yüksək qiymətləndirilir.
Ona görə də çıxışımın sonunda demək istərdim, mən fəxr edirəm ki, Azərbaycanın inkişafı, möhkəmlənməsi üçün bu mühüm, nadir bir vaxtda ölkəsini daim müsbət qiymətləndiriləcək bir yolla aparan Azərbaycan Prezidenti İlham Heydər oğlu kimi dostum vardır. Fəxr edirəm ki, Ukrayna xalqının Azərbaycan xalqı kimi dostu vardır. Şadam ki, bizim hökumətlərimiz, nazirliklərimiz, idarələrimiz, regional hakimiyyətlərimiz arasında da səmimi dostluq münasibətləri vardır.
Buna görə də sonda nitqimin əvvəlində söylədiyim sözləri təkrar etmək istərdim. Mən demək istəyirəm ki, biz Azərbaycanın şərəfinə, Azərbaycan Prezidentinin şərəfinə, Ukraynanın şərəfinə və dostluğumuzun şərəfinə badə qaldırırıq!