PDF Oxu

Siyasət

  • 8

UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKO MİLLİ MƏCLİSDƏ OLUB

UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKO MİLLİ MƏCLİSDƏ OLUB
Azərbaycanda səfərdə olan Ukrayna Prezidenti Viktor Yuşşenko aprelin 10-da Milli Məclisə gəlib. Parlamentin binası önündə ali qonağı Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, müavin Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər qarşıladılar.
Ukrayna Prezidenti Viktor Yuşşenko Milli Məclisin iclas salonuna baxdı, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirdi. Sonra ali qonaq Heydər Əliyev Xatirə salonu ilə tanış oldu və burada fəxri qonaqlar kitabına ürək sözlərini yazdı. Sonra Milli Məclisin sədri Oqtay Əsədov və Ukrayna Prezidenti Viktor Yuşşenko arasında görüş oldu.
Parlamentin sədri Oqtay Əsədov dedi ki, Azərbaycan ilə Ukrayna arasındakı mehriban dostluq əlaqələri daim inkişaf edir. Qarşılıqlı münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolunu xüsusi vurğulayan Milli Məclisin sədri bildirdi ki, prezidentlərin qarşılıqlı səfərləri, keçirilən görüşlər, imzalanan sənədlər ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm təməl yaradıblar. İndiyədək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair 100-dən çox sənəd imzalanıb.
Azərbaycanın iqtisadi uğurlarından danışan parlamentin sədri ticarət dövriyyəsinin artırılması üçün geniş imkanların olduğunu bildirdi. O.Əsədov dedi ki, ölkələrimizin əlaqələrinin inkişafında parlamentlər də xüsusi rol oynayır. Milli Məclisdə yaradılmış Azərbaycan-Ukrayna parlamentlərarası işçi qrupunda 21 deputat təmsil olunur. Deputatlarımız xalqlarımızın milli mənafeyinə xidmət edən məsələlərdə çox vaxt eyni mövqedən çıxış edirlər. Oqtay Əsədov GUAM çərçivəsində əməkdaşlıqdan razılığını ifadə etmişdir.
Prezident Viktor Yuşşenko Azərbaycan-Ukrayna əməkdaşlığının strateji xarakter daşıdığını vurğuladı. Ali qonaq indiki səfəri çərçivəsində keçirilən görüşlərdən, aparılan müzakirələrdən danışdı, növbəti illərdə birgə reallaşdırılacaq layihələrin, görüləcək işlərin ölkələrimizə və xalqlarımıza xeyir gətirəcəyini dedi. Ukrayna Prezidenti ölkəsinin Azərbaycan ilə əlaqələrinin daha da inkişafında maraqlı olduğunu vurğulayaraq dedi ki, əməkdaşlığı bundan sonra da genişləndirmək və qarşılıqlı ticarət dövriyyəsini artırmaq üçün yaxşı potensial var. Viktor Yuşşenko Azərbaycan parlamentinə gələcək fəaliyyətində uğurlar arzuladı.

Digər xəbərlər