PREZİDENT İLHAM ƏLİYEV PİTER SEMNEBİNİ QƏBUL EDİB
Prezident İlham Əliyev aprelin 8-də Avropa İttifaqı Şurasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Piter Semnebi Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Xavyer Solanonun salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizdə keçirdiyi görüşlər barədə Prezident İlham Əliyevə məlumat verdi, Azərbaycanla Avropa İttifaqı arasında sıx əlaqələrin olduğunu bildirdi.
Dövlətimizin başçısı ölkəmizlə Avropa İttifaqı arasında genişlənən əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliyini vurğuladı. Prezident İlham Əliyev Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Xavyer Solanonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali komissarına çatdırmağı xahiş etdi.