PDF Oxu

Siyasət

  • 12

İlham Əliyev niyə İstanbula getmədi?

İlham Əliyev niyə İstanbula getmədi?
Son vaxtlar Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması istiqamətində həyata keçirilən tədbirlər daha intensiv xarakter alıb. Hər iki ölkənin rəsmiləri tərəfindən verilən açıqlamalar və bəyanatlar Azərbaycanın  ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb, müxtəlif təbəqələri- vətəndaş cəmiyyəti institutları, ziyalılar, ayrı-ayrı sahələri təmsil edən qruplar bu məsələyə öz etirazlarını bildiriblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamalarında Türkiyə-Ermənistan sərhədlərinin açılması bölgədə gərginliyi artıracaq və Ermənistanın işğalçı siyasətinə bəraət qazandıracaq, həmçinin, bu dövləti yeni işğallara həvəsləndirəcək amil kimi qiymətləndirilib.
Yeri gəlmişkən, Türkiyə prezidenti Abdullah Gül və ABŞ dövlət katibi Hillari Klinton Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda açılan Mədəniyyətlər İttifaqı zirvəsinə qatılması xahişi ilə ona zəng ediblər. Bu barədə dünən Türkiyənin "Hürriyet" qəzeti xəbər verib.
SİA-nın Türkiyədəki mənbələrdən aldığı xəbərə görə, Azərbaycan Prezidentinə öncə türkiyəli həmkarı Abdullah Gül telefon açıb. Lakin ölkə başçısı Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə kəskin etirazını bildirib və İstanbulda keçirilən tədbirə qatılmaqdan imtina etmək qərarını dəyişməyib. Bundan sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da Azərbaycan Prezidentinə telefon açıb. Baş nazir də prezidentin qərarının dəyişməsinə nail olan bilməyib.
"Hürriyet"in xəbərinə görə, daha sonra ABŞ dövlət katibi Hillari Klinton Azərbaycan Prezidentinə zəng edib. Xanım Klinton Prezidentin tədbirə qatılacağı təqdirdə Türkiyədə səfərdə olan ABŞ prezidenti Barak Obama ilə Azərbaycan dövlət başçısının görüşünün baş tutacağını söylədiyi də bildirilir. "Amma bu mesaj belə Azərbaycan Prezidentini fikrindən döndərə bilməyib" - deyə qəzet yazıb.
Türkiyədəki mənbələrin bildirdiklərinə görə, Azərbaycan Prezidenti bütün telefon danışıqlarında Türkiyə-Ermənistan sərhədlərinin açılmasına kəskin etirazını bildirməklə yanaşı, bunun Azərbaycanın bütün ictimaiyyəti tərəfindən də böyük narazılıqla qarşılandığını vurğulayıb. Dövlət başçısının bu məsələnin Cənubi Qafqazdakı proseslərə, həmçinin, iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcəyini söylədiyi bildirilir.
Beləliklə, Gül, Ərdoğan və Klintonun xahişləri də İlham Əliyevin Mədəniyyətlər İttifaqı forumunda iştirakdan imtina qərarını dəyişdirmədi və  Prezident İstanbula getmədi. Ölkə başçısı "Azərbaycan prinsipial mövqeyindən heç vaxt əl çəkməyəcək"-deyərək öz qəti mövqeyini bir daha ortaya qoydu.
Prezident İlham Əliyev Türkiyəyə səfərdən imtina etməklə Azərbaycanın  mənafelərinin onun nə qədər əhəmiyyətli olduğunu açıq nümayiş etdirdi. Türkiyə və ABŞ rəsmilərinin dəfələrlə müraciətlərinə, zənglərinə baxmayaraq dövlət başçısı  öz qəti mövqeyini dəyişmədi və göstərdi ki, heç nə xalqımızın maraqlarından üstün ola bilməz.
Azərbaycan Prezidenti İlham Əliyev öz mövqeyi və əməli fəaliyyəti ilə sübut etdi ki, Azərbaycan dövlətinin, xalqımızın maraqlarını, mənafelərini hər şeydən üstün tutur və milli maraqlarımız heç bir halda güzəşt mövzusu ola bilməz.
Yeri gəlmişkən, xatırladaq ki, bu məsələrlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. AzərTAC-dan alınan xəbərinə görə, iclasda Azərbaycanda mövcud olan daxili ictimai-siyasi sabitlik, ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri, Dağlıq Qarabağ ətrafında yaranmış regional vəziyyət, qonşu ölkələrlə münasibətlər və digər məsələlər müzakirə edilib.
Toplantıda çıxış edən Azərbaycan Prezidenti bəyan edib ki, Azərbaycan öz müstəqil siyasətini həmişə milli maraqlar üzərində qurub: "Milli maraqların qorunması bizim üçün ən başlıca vəzifədir. Biz istər daxili, istər xarici siyasətlə bağlı məsələlərdə müstəqil qərar qəbul etməklə, Azərbaycan xalqının milli maraqlarını maksimum dərəcədə müdafiə edirik".
Prezident bəyan edib ki, bu siyasət bundan sonra da davam edəcək: "Həm regional müstəvidə, həm də dünyada hər kəsə bəllidir ki, Azərbaycan etibarlı tərəfdaşdır və öz müstəqil siyasətini davam etdirir. Bu siyasət ölkəmizin inkişafına xidmət göstərir. Eyni zamanda, digər ölkələrlə münasibətlər uzunmüddətli əsaslar üzərində çox düzgün qurulub. Azərbaycanın siyasəti proqnozlaşdırıla bilən siyasətdir. Azərbaycanın siyasəti bölgədə sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına yönəldilib. Regional məsələlərə gəldikdə həyat göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən, icra edilən nəhəng transmilli iqtisadi enerji layihələri və siyasi təşəbbüslər icra olunur. Azərbaycanın iştirakı olmadan böyük geosiyasi əhəmiyyətə malik təşəbbüslər heç vaxt icra oluna bilməz. Bizim iradəmiz, siyasi yanaşmamız, regionda, o cümlədən, bizim iştirakımızla yaranmış uğurlu regional əməkdaşlıq yeni reallıqları mümkün edir".
Dövlət başçısı regional məsələlərdə Azərbaycanın siyasətinin həmişə çox açıq, aydın və bölgənin bütün ölkələrinə xeyir gətirən siyasət olduğunu bildirib: "Regionda baş verən və baş verə biləcək hadisələri izləyirik, mümkün olan geosiyasi dəyişikliklər bizim tərəfimizdən izlənilir və lazımi tədbirlər görülür. Bir daha bəyan etmək istəyirəm ki, bu istiqamətdə Azərbaycan öz prinsipial mövqeyindən heç vaxt əl çəkməyəcək. Bizim ölkəmiz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmayıb və gələcəkdə də belə niyyətimiz yoxdur. Azərbaycan başqa ölkələr arasındakı ikitərəfli münasibətlərə də heç vaxt müdaxilə etməyib və etməyəcək. Ancaq bununla bərabər öz siyasətini, regionda yaranan və yaxud yarana biləcək vəziyyətə uyğun şəkildə aparmaq bizim təbii hüququmuzdur və bu hüquqdan istənilən formada istifadə edəcəyik".
Prezident İlham Əliyevin "Azərbaycan başqa ölkələr arasındakı ikitərəfli münasibətlərə də heç vaxt müdaxilə etməyib və etməyəcək" sözləri ilə Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşmasına işarə etdiyi gizli deyil.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, dünyada, bölgədə gedən proseslər, yeniliklər, bəzi məlumatlar, təhlillər, mülahizələr - bütün bunlar, təbii ki, bizim tərəfimizdən ciddi izlənilir və Azərbaycan dövləti öz siyasətini möhkəm əsaslar üzərində qurmaqla bərabər, onu bölgədə gedən dəyişikliklərə uyğunlaşdırır və belə də olmalıdır. 
Maraqlıdır ki, Türkiyə-Ermənistan qardaşlığının hər iki tərəfin mənafeləri nəzərə alınmadan həyata keçirilməsi Türkiyə ictimaiyyəti tərəfindən də ciddi təpki görmür. Halbuki bu yaxınlaşma, ilk növbədə, Türkiyənin maraqlarını zərbə altına qoyur. Əgər Türkiyənin Ermənistanla sərhədləri açmaması üçün irəli sürdüyü 3 şərtin biri Dağlıq Qarabağın azad edilməsi idisə, digər 2 şərt- yalançı soyqırım iddialarından əl çəkmək və Türkiyəyə qarşı ərazi iddiaları irəlü sürməmək məsələsi Ankara üçün böyük əhəmiyyət kəsb etməli idi. Amma Ermənistan rəsmilərinin bəyanatlarından göründüyü kimi, onlar öz iddialarından əl çəkənə oxşamırlar və türklərə qarşı gizli düşmənçiliklərini davam etdirəcəklər.
Tarixən böyük qardaşlarının yardımı ilə türklərə qarşı böyük soyqırımlar törədən ermənilər, indi bütün dünyada Türkiyə əleyhinə böyük anti-təbliğat işi aparır və türklərin onları soyqırıma məruz qoyması haqda cəfəngiyyatların dünyada qəbul olunmasına nail olurlar. Belə bir durumda hazırkı Türkiyə iqtidarının həyata keçirdiyi siyasəti anlamaq mümkün deyil.
Türkiyə rəsmilərinin ziddiyyətli açıqlamalarına görə, guya Ermənistanla sərhədlərin açılması müqabilində rəsmi Yerevan bir sıra məsələlərdə güzəştə gedəcək və bu da Türkiyə ilə Azərbaycanın maraqlarına xidmət edəcək.
Ermənistan yetkililəri isə, Türkiyə rəsmilərinin bəyanatlarını inkar edir. Ermənistan xarici siyasət idarəsindən bəzi Türkiyə rəsmilərinin iki ölkə arasında münasibətlərin normallaşması üçün, Yerevan qonşu Azərbaycanla Qarabağ məsələsini həll etməli olacağı barədə bəyanatlarını təkzib ediblər.
Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan deyib ki, bu kimi bəyanatlar Türkiyə ilə danışıqlardakı irəliləyişi pozmaq cəhdləri kimi qəbul olunur.
Nazir əlavə edib ki, Yerevanla Ankara arasında münasibətlərin normallaşması məsələsinin, onun təbirincə, Birinci Dünya müharibəsi zamanı ermənilərə qarşı türk soyqırımına dəxli yoxdur.
Bəli, Türkiyə qondarma erməni soyqırımı haqqında beynəlxalq aləmdə ciddi problemlərlə üzləşib və təəssüflər olsun ki, bu problemlərin həll edilməsi istiqamətində doğru bir strategiya və taktika seçməyib. Türkiyənin ən çox narahat olduğu mövzu isə, dünyanın "ağası" olan ABŞ-ın qondarma soyqırımını tanımasından sonra digər dövlətlərin də avtomatik olaraq soyqırımı tanıma təhlükəsidir.
Əksər ekspertlər AKP hökumətinin son zamanlarda Ermənistanla bağlı və digər məsələlərdə həyata keçirdiyi siyasəti Türkiyənin və Azərbaycanın düşmənlərinin dəyirmanına su tökmək kimi qiymətləndirirlər. Bəli, AKP hökuməti birmənalı şəkildə Türkiyənin maraqlarına xəyanət edir və bu xəyanətinə davam edəcəkdir. Bu iqtidardan Azərbaycanın maraqlarının qorumasını tələb etmək də doğru deyildir.
Türkiyə tərəfindən edilən rəsmi açıqlamalarda Azərbaycanın maraqlarının qorunduğu haqqında fikirlər səslənsə də, bunlar, sadəcə, qulağa xoş gələn sözlərdən başqa bir şey deyildir. Təbii ki, hər bir dövlət, ilk növbədə, özünün maraqlarını qorumalıdır və qorumağa borcludur. Lakin qeyd etdiyimiz kimi, AKP hökuməti nəinki öz gen qardaşının, strateji müttəfiqinin, iqtisadi partnyorunun maraqlarını satır, üstəlik, Türkiyənin də maraqlarını böyük zərbə altına qoyur.
Bütün bunlara baxmayaraq, Azərbaycan Türkiyə ilə münasibətlərində bütün imkanlardan maksimum səviyyədə istifadə etməli, lakin bu cür xəyanəti qətiyyən unutmamalıdır.
Azərbaycan rəsmiləri və cəmiyyəti Türkiyənin Ermənistan ilə münasibətinin yaxınlaşmasından narazılığını müxtəlif vasitələrlə bildirib. Azərbaycanın mənafelərinə zidd siyasətə etiraz olaraq müəyyən əks-tədbirlər görülə bilər. Enerji və nəqliyyat sahəsində imzalanmış müqavilələrin şərtləri yenidən nəzərdən keçirilə, ölkədə böyük paya malik türk şirkətlərinə yaradılan üstün şəraitdən imtina edilə bilər və s.  Ümumiyyətlə, AKP iqtidarı bütün ciddiyyəti ilə anlamalıdır ki, Azərbaycan onun "kiçik qardaşı" deyil və olmaq da istəmir. Azərbaycana "böyük qardaş" da lazım deyil.
Bütün hallarda Türkiyə Ermənistan qarşısında mövqelərini itirməkdədir. Azərbaycan bu vəziyyəti olduqca diqqətli və strateji baxımdan dəyərləndirərək bu iki dövlətin mübarizəsində, daha doğrusu, Türkiyənin Ermənistan qarşısında məğlubiyyət prosesində qətiyyən uduzan tərəfin yanında yer almamalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin öz qəti mövqeyini ABŞ və Türkiyə rəsmiləri qarşısında cəsarətlə qoyması göstərir ki, Azərbaycan hakimiyyəti hadisələrə real yanaşır və öz siyasətini bu reallıqlar üzərində qurur. Siyasətdə isə əbədi dost və əbədi düşmən yoxdur. Bu, Türkiyə olsa belə.

Digər xəbərlər