PDF Oxu

Siyasət

  • 6

Siyasi partiyalar bəyanat qəbul edib

Siyasi partiyalar bəyanat qəbul edib
Son vaxtlar Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmağa başladığı müşahidə edilir. Ankara-Yerevan arasında olan yaxınlaşma barədə ilk vaxtlar Türkiyə rəsmiləri susmağa üstünlük verirdilərsə, artıq bununla bağlı fikirlər də ifadə edilir. Hətta sərhədlərin açılması barədə fikirlərdə səslndirirlər.
Türkiyə xarici işlər naziri Əli Babacan Ankarada ermənilərlə keçirilən görüşdə 1915-ci ildən sonra Ermənistanla Türkiyə arasında bu qədər yaxınlaşma olmadığını söyləmişdir. Onu da qeyd etmişdir ki, Türkiyədə yaşayan ermənilər Ermənistanla əlaqələrin qurulması üçün vasitəçilik səyləri göstərməlidirlər. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da regionda sülhə nail olunması üçün Ermənistanla əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirmişdir.
Bütün bunlara əsaslanaraq, demək olar ki, AKP hakimiyyəti Qərbin, eləcə də, erməni diasporalarının təzyiqləri qarşısında zəif duruma düşərək, geri çəkilməkdədir. Bu isə təəccüb doğurmaya bilməz. Çünki tarixən türklər qətiyyəti, möhkəm iradəsi ilə seçilən rəhbərləri ilə tanınıb. İndi isə, 70 mil-luq türk xalqı 3 mil-luq erməni qarşısında zəiflik göstərməkdədir. Təbii ki, bunun obyektiv və subyektiv səbəbləri mövcuddur. Birincisi, AKP hakimiyyəti müəyyən məsələlərdə siyasi səhvlərə yol verməsi səbəbindən, istər daxildə, istərsə də xaricdə dayaqlarını itirib. İkincisi isə, Ərdoğan iqtidarı Ermənistana yaxınlaşmaqla, Avropa Birliyinə üzv olmaq və bununla da tarixdə iz buraxmaq niyyətindədir. Üçüncüsü isə, iqtisadi maraqlardır ki, bunun da kökündə Türkiyənin istehsal etdiyi malların satılmayan hissəsinin Ermənistana ixrac etmək istəyi dayanır.
Qeyd etmək lazımdır ki, ABŞ prezidenti Barak Obama ABŞ-da keçirilən prezident seçkiləri ərəfəsi "erməni soyqırımı"nı tanıyacağı ilə bağlı boşboğaz ermənilərə vədlər vermişdi. Artıq B.Obama ABŞ-ın prezidentidir. Bu isə, ermənilərə "erməni soyqırımı"nı tanımaqla bağlı ümidlər verib. Ankarada keçirilən Beynəlxalq Mədəniyyət Forumunda Barak Obama üçtərəfli görüşdə Ermənistan və Türkiyə rəsmilərinə əlaqələrin möhkəmləndirilməsi üçün səylərin artırılmasını tövsiyə etmişdir. Bu isə, ermənilərə növbəti ümidlər verib.
AKP hakimiyyətinin təzyiqlər qarşısında zəif düşərək Ermənistanla iş birliyi qurmağa can atması, istər Azərbaycan, istərsə də, Türkiyə ictimaiyyəti tərəfindən cidd narazılıqlar doğurmaqdadır. İctimai-siyasi təşkilatlar Ərdoğan hakimiyyətinin Ermənistanla sərhədlərini açmaq istəyini xəyanət kimi dəyərləndirirlər. Dünən Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar - Yeni Azərbaycan Partiyası, Sosial Rifah, Böyük Quruluş, Ədalət, "Ümid", Vətəndaş Birliyi və Demokratik İslahatlar Partiyaları Türkiyə Cümhuriyyətini Ermənistanla sərhədləri açmaq, bu ölkə ilə diplomatik münasibətlər yaratmaq niyyəti və onun nəticələri barədə birgə müzakirə aparmışlar. Müzakirələrdə qeyd olunmuşdur ki, Türkiyənin rəsmi dairələrini Ermənistanla sərhədləri açmaq və diplomatik münasibətlər yaratmaq yönümündə aparılan danışıqlar Türkiyə-Azərbaycan qardaşlığına, bütövlükdə, türk birliyi ideyasına ciddi zərbə ola bilər.
Müzakirələrdə o fikir də xüsusilə vurğulanmışdır ki, Türkiyə- Ermənistan sərhədlərinin açılması təcavüzkara iqtisadi və mənəvi dəstək olmaqla yanaşı, həm də Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarına mənfi təsir göstərəcək, gərginliyin və qarşıdurmanın daha da artmasına xidmət edən amilə çevriləcək.
Müzakirə iştirakçıları birmənalı şəkildə Türkiyə hakim dairələrinin Ermənistanla sərhədləri açmaq istiqamətində atdığı addımlara qəti etirazlarını bildirmiş və hakimiyyəti bu addımdan çəkinməyə çağırmışlar.
Toplantının sonunda Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyaların Azərbaycan xalqı və ictimaiyyətinin böyük narahatlığını ifadə edən birgə bəyanat qəbul olunmuşdur.

Digər xəbərlər