AZAD MƏTBUATIN İNKİŞAFI DÖVLƏT BAŞÇISININ DİQQƏT MƏRKƏZİNDƏDİR
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında Fərman imzalayıb. Fərmanda "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılması və Fondun Nizamnaməsinin təsdiq olunması, Fondun fəaliyyətinin təşkili üçün müvafiq yerin ayrılmasını və maddi-texniki təminatı ilə bağlı məsələlərin həll olunması, xərclər smetasının, ştat cədvəlinin, işçilərinin say həddinin və aylıq vəzifə maaşlarının müəyyən edilməsi, hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədi ilə müvafiq vəsaitin nəzərdə tutulmasının təmin edilməsi və bu Fərmandan irəli gələn digər məsələlərin həll edilməsi qeyd olunur.
Dövlət başçısının Fərmanında həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılır və Mətbuat Şurasına tövsiyə olunur ki, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlər barədə təkliflərini bir ay müddətində ölkə Prezidentinə təqdim etsinlər. Fərmanda eyni zamanda Ədliyyə Nazirliyinin 15 gün müddətində Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun dövlət qeydiyyatına alınmasını təmin etməsi qeyd olunur.