Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir
Prezident İlham Əliyev aprelin 3-də Milli Təhlükəsizlik Nazirliyinin 90 illik yubileyi ilə bağlı keçirilən mərasimdə iştirak etmək üçün ölkəmizə səfərə gələn xarici ölkələrin xüsusi xidmət orqanlarının yüksək vəzifəli nümayəndələrini qəbul edib.
Azərbaycanın müstəqil ölkə kimi hərtərəfli inkişafında təhlükəsizlik orqanlarının rolunu qeyd edən dövlətimizin başçısı bu orqanların formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, sabitliyin və təhlükəsizliyin təmin olunması və cinayətkarlığa qarşı mübarizə hər bir ölkənin inkişafında əhəmiyyətli rol oynayır və Azərbaycan xalqının bundan sonra da sülh şəraitində yaşaması üçün bütün tədbirlər görüləcək.
Beynəlxalq əməkdaşlığı, dost ölkələrlə informasiya mübadiləsinin aparılmasını və transmilli cinayətkarlığa qarşı mübarizədə birgə ciddi tədbirlərin görülməsini vacib hesab edən Azərbaycan Prezidenti dedi ki, dünyada baş verən terror hadisələri təsdiqləyir ki, heç bir ölkə təkbaşına təhlükəsizliyini təmin edə bilməz, bu məsələdə bütün ölkələrin birgə səyləri lazımdır. Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin olunması işinə öz töhfəsini verdiyini bildirən Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirdi. Görüşdə çıxış edən Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, ordu generalı Aleksandr Bortnikov və İtaliya Xarici Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin baş direktoru, vitse-admiral Bruno Brançiforte də beynəlxalq terrorçuluğa və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə birgə əməkdaşlığın vacibliyini vurğuladılar. Görüşün sonunda qonaqlar dövlət başçısı ilə xatirə şəkli çəkdirdilər.