Dünən Milli Məclisin növbəti iclası keçirildi. İclasın gündəlikdəki məsələlərinin müzakirəsinə keçməzdən əvvəl millət vəkilləri cari məsələlərə baxdı. Deputat Musa Quliyev ictimai yerlərdə siqaret çəkilməsinin qadağan olunması haqda qanun layihəsi hazırladığını bildirdi. O, layihəni rəy üçün müvafiq qurumlara göndərildiyini, sənədi Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə də təqdim etdiyini vurğuladı. Spiker Oqtay Əsədov bu məsələni təqdir etdiklərini qeyd edərək bildirdi ki, digər deputatlar tərəfindən də bununla bağlı layihələr təqdim olunub və bu məsələyə baxılacaq.
Millət vəkili Aynur Quliyeva Azərbaycanda soyqırımı abidəsinin qoyulması prosesinin tezləşdirilməsini təklif etdi. Deputat Vahid Əhmədov isə ermənilərin törətdiyi soyqırımı nəticəsində yaranan Quba məzarlığında muzey yaradılmasının vacibliyini bildirdi.
Deputat İqbal Ağazadə Qarabağ problemi ilə bağlı Milli Məclisdə qapalı müzakirələr aparılmasını, mövcud durum barədə millət vəkillərinə məlumat verilməsini təklif etdi. İ.Ağazadə, həmçinin, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinin cəmiyyətdə narahatlıq yaratdığını qeyd edərək, məsələyə aydınlıq gətirilməsinə ehtiyac olduğunu diqqətə çatdırdı.
Spiker O.Əsədov Azərbaycanın xanım millət vəkillərinin Türkiyəyə dəvət olunduğunu və səfər zamanı bu mövzuda müzakirələrin olunacağını vurğuladı. Spiker onu da qeyd etdi ki, Bakıda Türkiyə Böyük Millət Məclisinin üzvlərinin iştirakı ilə Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı müzakirələr keçiriləcək: "Mən də hesab edirəm ki, sərhədlərin açılması Azərbaycanın xeyrinə işləyə bilməz. Biz öz işimizi görməliyik".
Millət vəkili Qüdrət Həsənquliyev bu barədə danışaraq qeyd etdi ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması yolverilməzdir: "Azərbaycan və Türkiyə xalqları bunun əleyhinədirlər".
Müxalifət böhtan vərdişlərindən əl çəkmir
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov 18 martda Azərbaycanda referendumun yüksək səviyyədə keçirildiyini, müxalifətin prosesdə qanun pozuntularının olması barədə fikirlərinin əsassız olduğunu dedi. S.Novruzov onu da bildirdi ki, bu prosesin üzərinə qara yaxmaq istəyənlər öz çirkin vərdişlərindən əl çəkməyən müxalifət beyrnəlxalq təşkilatlara məktublar göndərərək heç bir fakta əsaslanmadan mətbuatda mənasız çıxışlar edir. Lakin xalq martın 18-də keçirilən referendumda bir daha birlik nümayiş etdirdiklərini sübut etdi. Elə bu birliyin məntiqi nəticəsidir ki, səsvermədə seçicilərin 70 faizdən çoxu iştirak etmiş və onların 87-92 faizi əlavə və dəyişikliklərin lehinə səs vermişdir: "Bütövlükdə "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupu 1500-dən yuxarı müxtəlif xarakterli görüşlər keçirmiş, referenduma çıxarılan məsələlərin mahiyyətini seçicilərə geniş izah etməklə, eyni zamanda, əhalinin seçkidə fəal iştirakını təşviq etmişdir. Müxalifət patiyalarının yaratdığı iki təşviqat qrupu isə, yaradılmış bu bərabər imkan şəraitindən istifadə edə bilmədiyi üçün, vur-tut cəmi 5 görüş keçirə bildi. Lakin bu gün radikal müxalifətin yüksək seçici fəallığı ilə keçirilən referendumla bağlı hay-küylü bəyanatlar verib, fikirlər səsləndirməsi isə, onların böhtan vərdişlərindən əl çəkmədiklərini təsdiqləyir. Bir də işin gedişi müşahidənin nəticəsində üzə çıxır. 250 nəfərə yaxın müxalifət partiyalarının müşahidəçiləri Azərbaycanda olan 5 min 300-ə yaxın məntəqədə müşahidə aparıblar. Daha dəqiq desək, bir adam 4-5 məntəqəyə təhkim olunmaqla müşahidə aparıb. Belə müşahidə aparan müxalifətin böhtançı çıxışlar etməsi, onu deməyə əsas verir ki, onların referendumu müşahidə ilə bağlı söylədikləri fikirlər tam əsassızdır. O ki qaldı müşahidəçilərə təzyiq məsələsinə, Belə bir hadisə qəti şəkildə olmayıb. Müxalifəti ən çox narahat edən odur ki, martın 18-də keçirilən referendumda xalq səsverməyə çıxarılan əlavə və dəyişiklikləri tam dəstəklədiklərini sübut etdilər. Xalqın bu qələbəsi isə, müxalifət dairələrinin yersiz və mənasız iddialarına verilən ən tutarlı cavabdır. Bu referendum bir daha Azərbaycan xalqının birliyini nümayiş etdirdi və ölkədə güclü dövlətin olması üçün ictimaiyyət öz həmrəyliyini göstərdi. Bundan sonra bu proseslə bağlı hər hansı fikir söyləmək mənasızdır".
Millət vəkili Zahid Oruc Türkiyə Böyük Millət Məclisinin sədrinin Azərbaycana dəvət olunmasını və Ermənistanla sərhədlərin açılması barədə məsələlər müzakirə edilməsini bildirdi. Z.Oruc onu da qeyd etdi ki, Mili Məclis Avropa Şurası Parlament Assambleyasının Azərbaycana siyasi məhbuslar üzrə məruzəçi təyin etməsinə etiraz bildirməlidir.
Spiker O.Əsədov buna cavab olaraq qeyd etdi ki, AŞ PA istəyirsə, 10 məruzəçi təyin etsin: "Onlar 2007-ci ildən sonra ölkədəki vəziyyətə baxmaq istəyirlər, təkcə siyasi məhbus məsələsinə yox".
Bundan sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. Milli Məclisin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə gündəlikdəki birinci məsələ - "Azərbaycan Respublikasının Milli Bankı və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) arasında Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında" qanun layihəsi barədə ətraflı məlumat verdi. Z.Səmədzadə bu sənədin 2008-ci il noyabrın 25-də Bakı şəhərində imzalandığını dedi.
Məsələ millət vəkilləri tərəfindən səs çoxluğu ilə qəbul edildi.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Z.Səmədzadə "Azərbaycan Respublikası və Yunanıstan Respublikası hökumətləri arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın təsdiq edilməsi barədə" və "Azərbaycan Respublikası və Yunanıstan Respublikası hökumətləri arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihələrini şərh etdi. Bildirdi ki, Azərbaycanın iqtisadi inkişafı dünya ölkələrinin diqqət mərkəzindədir. Xarici dövlətlərin ölkəmizlə həyatın vacib sahələrində əməkdaşlığa can atması, müqavilələr imzalaması buna parlaq misaldır. İmzalanmış sənədlər Azərbaycanın siyasi münasibətləri ilə yanaşı iqtisadi-ticarət, nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edir.
Deputatlar bu məsələnin Azərbaycanın milli maraqlarına, eləcə də, ölkənin pul-kredit siyasətinin daha çevik həyata keçirilməsinə xidmət etdiyini qeyd etdilər.
İclasda həmçinin, "Azərbaycan Respublikasının Mülki Məcəlləyə dəyişiklik edilməsi barədə", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə" qanun layihələrinə baxıldı. Deputatlar məsələ ilə bağlı fikirlərini bildirdilər. Millət vəkilləri məsələnin qəbul olunmasına səs verdilər.
Gündəlikdə olan "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" qanun layihəsi ilə bağlı parlamentin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov məlumat verdi. Bildirdi ki, sənəddə qanunun 8 maddəsinə əlavə və dəyişiklik təklif olunub. Layihəyə əsasən, özəl teleradio yayımının təsisçiliyində və pay sahibliyində dəyişiklik zərurəti yarananda, bu barədə bir ay əvvəl müvafiq dövlət orqanına məlumat verilməlidir. Həmin dövlət orqanı dəyişikliyin qanunun tələblərinə müvafiq olması haqda 2 ay müddətində rəy verəndən sonra bu dəyişiklik edilir və bir ay müddətində yeni sənədlər həmin dövlət qurumuna təqdim olunur. Layihədə o da qeyd olunub ki, qanunun tələbləri xüsusi razılığın (lisenziya) qayda və şərtləri pozulduqda müvafiq dövlət qurumu inzibati tənbeh tədbirləri tətbiq edir və ya məhkəmə qarşısında iddia qaldırır.
N.Cəfərov onu da vurğuladı ki, təklif edilən dəyişikliyə əsasən, zəruri hallarda ictimai əhəmiyyət kəsb edən tədbirlərin, seçkilərin, mühüm əhəmiyyətli idman yarışlarının keçirilməsi zamanı xarici televiziya və radio kanallarının Azərbaycan ərazisində peyk yayımı ilə yayımlanmasına icazə verilir. Layihəyə görə, teleradio yayımçıları xüsusi razılığın (lisenziya) qayda və şərtlərini, yaxud bu qanunun tələblərini pozduqda, lisenziyanın qüvvəsi və ya hər hansı bir proqramın yayımı məhkəmə qərarı ilə bir müddətə müvəqqəti dayandırıla bilər. Həmçinin, yayımçı müvafiq dövlət orqanı tərəfindən 1 il ərzində ən azı 3 dəfə sanksiyaya məruz qaldıqda, onun barəsinə inzibati hüquqi qərar qəbul edilə bilər. Dəyişikliyə görə, indiyədək bir sutkada yayımlanan verilişlərin 20 faizini reklamlar təşkil edirdisə, indi həmin vəziyyət saxlanılır, amma 1 saatda 12 dəq-dən artıq reklam yayımlanması qadağan edilir.
Daha sonra deputatlar təklif edilən dəyişikliklərlə bağlı çıxış etdilər.
Millət vəkili Qənirə Paşayeva təklif edilən dəyişikliklərin telekanalların fəaliyyətinə maneçilik yaratmadığını dedi.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə telekanallarda dublyajların aşağı səviyyədə olduğunu qeyd etdi və bildirdi ki, bu məsələ ilə bağlı ciddi ölçü götürülməlidir. S.Novruzov, həmçinin, layihəyə əsasən bir saatda 12 dəq reklam verilməsinin çox olduğunu vurğuladı.
Telekanallardakı vəziyyətə etiraz edən Sabir Rüstəmxanlı isə regional kanallara nəzarət olumamasından şikayətləndi: "Bu gün Azərbaycan telekanalları meyxana göstərməklə məşğuldur. Fars mədəniyyətinin quyruğu olan meyxana millətə sırınır. SMS xəstəliyi hökm sürür. Camaatı soymaqla məşğuldurlar. Bu, quldurluqdur".
S.Rüstəmxanlı türk seriallarının tərcümə olunmasının əleyhinə çıxdı və bu qərara görə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlini tənqid etdi.
Millət vəkili Fəttah Heydərov isə, təklif edilən dəyişiklikləri dəstəklədiyini dedi. Azərbaycanda dövlət dilinin Azərbaycan dili olduğunu qeyd edən F.Heydərov bildirdi ki, bu səbəbdən ölkədə hansı dildə veriliş yayımlanması məsələsi müzakirə olunmamalıdır: "Azərbaycan dili bizim sərvətimizdir".
Deputat Baba Tağıyev telekanalların ədaləti, ziyalılığı təbliğ etməsinin vacibliyini qeyd edərək, bəzən telekanalların milli-mənəvi dəyərlərə zidd reklamlar yayımladığını qeyd etdi.
Spiker O.Əsədov da məsləyə münasibət bildirdi: "Əvvəllər televiziyada aparıcı olmaq fəxr idi. İndi isə, aparıcılarla bağlı heç bir normaya əməl olunmur. Milli Televiziya və Radio Şurası gələcəkdə ədəbi dil normalarına riayət olunmasına diqqət yetirməlidir".
İclasda çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli təklif edilən dəyişikliklərin zərurətdən ortaya çıxdığını dedi. O, dəyişikliklərin hamısının texniki xarakter daşıdığını da vurğuladı. Deputatların tənqidi fikirlərinə münasibət bildirən MTRŞ sədri, bəzi deputatların şuranın səlahiyyətlərindən xəbərsiz olduqlarını söylədi: "Şuranın səlahiyyətlərini Milli Məclis müəyyənləşdirib. Onlar, görünür, öz yazdıqlarını başa düşmürlər".
Spiker O.Əsədov isə, deputatlar haqqında bu cür ifadələr işlətdiyinə görə, N.Məhərrəmliyə etiraz etdi: "Bayaqdan aparıcıların danışıq qabiliyyətindən danışırıq. Görünür, MTRŞ sədrinin normal danışmasına ehtiyac var".
Bundan sonra N. Məhərrəmli söz istəsə də, ona söz verilməyib.
Milli Məclis müzakirələrdən sonra layihəni qəbul edib.
Milli Məclisin bugünkü iclasında "Həbs yerlərində saxlanılan şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi müzakirə olundu. Layihə haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədr müavini Rövşən Rzayev məlumat verdi. R.Rzayev bildirdi ki, qanun layihəsi ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təsbit edilən insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması məqsədilə hazırlanıb. Bu qanun həbs edilmiş şəxslərin həbs yerlərində hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində yaranan münasibətləri tənzimləyir.
V fəsil 51 maddədən ibarət sənəd millət vəkilləri tərəfindən müzakirə edildikdən sonra birinci oxunuşda qəbul edildi.