Parlamentin mətbuat xidmətinin "Səs" qəzetinə verdiyi məlumatına görə, Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Almaniya Xarici işlər nazirinin müavini, deputat Gernot Erler və Almaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri, millət vəkili Şteffen Rayxe ilə görüş keçirilib.
Milli Məclisin deputatı, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cəlal Əliyev qonaqları salamlayaraq bildirib ki, ölkələrimiz, xalqlarımız arasında əlaqələr dərin tarixi köklərə malikdir. Hələ 200 il əvvəl alman mütəxəssislərinin Azərbaycana gəldiyini, müxtəlif sahələr üzrə işlər qurduğunu deyən C.Əliyev bildirib ki, almanlar Gəncə bölgəsində Yelendorf adlı qəsəbə salmış, üzümçülük və şərabçılıqla məşğul olmuş, ətrafdakı dağlıq ərazilərə dəmiryolu xətti çəkmişlər.
C.Əliyev münasibətlərimizin inkişafında parlamentlərin xüsusi rolu, bu istiqamətdə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti barədə danışıb. Qeyd edib ki, bu gün Milli Məclisdə müxtəlif sahələri əhatə edən yeni-yeni qanunlar qəbul olunur, digər ölkələrin təcrübəsi öyrənilir.
Almaniya xarici işlər nazirinin müavini, millət vəkili Gernot Erler səmimi görüşə görə təşəkkürünü bildirib. Qonaq 20 il müddətində deputat kimi fəaliyyət göstərdiyini və səfər zamanı ilk görüşünü məhz deputat həmkarları ilə keçirdiyindən məmnun olduğunu nəzərə çatdırıb. O, Azərbaycana 17 il əvvəl etdiyi səfərini xatırlayaraq, ölkəmizin, o cümlədən, Bakının dəyişdiyini, burada heyranedici inkişafın şahidi olduğunu xüsusi vurğulayıb. Qanunvericilik orqanlarının əlaqələrindən danışan qonaq bildirib ki, hər iki ölkənin parlamentlərarası işçi qruplarının əməkdaşlığı, qarşılıqlı səfərləri təcrübə mübadiləsi baxımından çox önəmlidir.
Görüşdə iştirak edən millət vəkilləri, işçi qrupunun üzvləri Rövşən Rzayev və Fuad Muradov çıxış edərək Milli Məclisin bir qrup deputatının bu yaxınlarda Almaniyaya səfər etdiklərini, orada bir sıra maraqlı görüşlər keçirdiklərini bildiriblər.
Söhbət zamanı Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunulub. Bu istiqamətdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, məsələ sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində, ərazi bütövlüyünün toxunulmazlığı prinsipi əsasında öz həllini tapmalıdır.
Görüşdə Almaniyanın ölkəmizdəki səfiri Peer Stankina və digər rəsmi şəxslər iştirak ediblər.
XXX
Milli Məclisin mətbuat xidmətinin "Səs" qəzetinə verdiyi məlumatında bildirilir ki, parlamentin sədrinin birinci müavini Ziyafət Əsgərovla Almaniya xarici işlər nazirinin müavini, deputat Gernot Erlerin başçılıq etdiyi nümayəndə heyətinin görüşü keçirilib. Z.Əsgərov müstəqil Azərbaycanın dünya dövlətləri, o cümlədən, Almaniya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirərək qeyd edib ki, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan ölkəmiz Avropa strukturlarına inteqrasiyanı özünün strateji seçimi hesab edir: "Azərbaycanla Almaniya arasında münasibətlərin inkişafında dövlət başçılarının və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, görüşlər və aparılan danışıqlar mühüm rol oynayır. Bu gün ölkələrimiz arasında əlaqələrimizin daha da dərinləşməsi üçün yaxşı hüquqi zəmin yaradılmışdır".
Spikerin birinci müavini dövlətlərarası münasibətlər sistemində parlamentlərin xüsusi rolu olduğunu və hər iki ölkənin qanunvericilik orqanında dostluq qruplarının fəaliyyət göstərdiyini vurğulayıb. Ölkəmizin uğurları ilə yanaşı Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən söz açan Z.Əsgərov bildirib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və digər beynəlxalq qurumların qərarlarına məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir: "Bu gün Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, 1 mln-dan artıq adam öz yurdlarından didərgin düşmüşdür. Dağlıq Qarabağda separatçılar silahlanmaqda davam edir, beynəlxalq hüquq normalarına məhəl qoyulmur. Təəssüf ki, ikili standartlar ucbatından işğalçı dövlətə sanksiyalar tətbiq edilmir. Bunun əvəzində isə bir sıra Avropa dövlətlərinin tanınmış şirkətləri və qeyri-hökumət təşkilatları işğal olunmuş ərazilərdə fəaliyyət göstərir. Biz Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini müsbət qiymətləndiririk".
Görüşdə iştirak edən qonaq Azərbaycanda keçirdiyi görüşlərdən və ölkəmizdəki inkişafdan məmnun olduğunu deyib. Qeyd edib ki, Almaniya Azərbaycanla həyatın bütün sahələrində, o cümlədən, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir.
Görüşdə Almaniya xarici işlər nazirinin müavini, millət vəkili Gernot Erler bütöv bir regionda inkişafa böyük maneçilik törədən Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, öz ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bundan sonra da problemin həllində öz səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Bildirib ki, Dağlıq Qarabağ separatçıları ilə əlaqə saxlayan qurumların Almaniya hökuməti ilə heç bir əlaqəsi yoxdur və bu, onun təmsil etdiyi ölkənin mövqeyini əks etdirmir. Almaniya Azərbaycanla siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığı gələcəkdə də inkişaf etdirmək niyyətindədir və Azərbaycanın əldə etdiyi uğurlara qəlbən sevinir, gələcəkdə də Qafqazın bu bölgəsinə öz tərəfindən hər cür dəstək göstərməyə hazırdır.
Görüşdə Milli Məclisin deputatı Məlahət Həsənova Almaniyanın ölkəmizdəki səfiri cənab Peer Stankina və digər rəsmi şəxslər iştirak edirdilər.