PDF Oxu

Siyasət

  • 8

“SOYUQ MÜHARİBƏ” SONA ÇATIR...

“SOYUQ MÜHARİBƏ” SONA ÇATIR...
ABŞ-ın Britaniyadakı səfirliyində Rusiya prezidenti Dmitri Medvedevlə ABŞ prezidenti Barak Obama arasında keçirilmiş ilk görüş dünya mətbuatı tərəfindən ən müxtəlif rakurslardan təhlil olunmaqdadır. Prezidentlər Londonda keçirilən "G20" sammiti çərçivəsində bir araya gəliblər. Görüşün yekunları ilə bağlı qəbul edilmiş bəyanatda deyilir ki, dövlət başçıları hər iki ölkə üçün strategiyanı müəyyənləşdiriblər və münasibətlərə yenidən start verməyə hazırdırlar...
Dövlət başçıları diplomatlara strateji hücum silahlarına dair yeni müqavilənin hazırlanması üçün danışıqlara başlamağı və iyula qədər bu barədə hesabat verməyi tapşırıblar. Ancaq Avropada raket hücumundan müdafiə elementlərinin qurulması məsələsində fikir ayrılığı davam edir. Bəyanatda bildirilir ki, prezidentlər raket təhlükələrini nəzərə alan və hər iki ölkənin, eləcə də onların müttəfiqlərinin və tərəfdaşlarının təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş bərabərhüquqlu beynəlxalq fəaliyyət üçün yeni imkanları müzakirə ediblər.
B.Obama Rusiya ilə münasibətləri yenidən qiymətləndirməyə çağırıb və deyib ki, ABŞ Rusiya ilə bütün mümkün əməkdaşlığı etməyə hazıdır. B.Obama xüsusi ilə nüvə sialhının yayılmasının qarşısının alınması və terrorizmlə birgə mübarizəni vurğulayıb. Amma yeni prezident onu da deyib ki, Vaşinqton Moskvaya açıq-aydın bildirməlidir ki, Rusiya qonşularını narahat edəcək addımlar atmamalıdır, xüsusilə də, Gürcüstana qarşı təhdidlərdən əl çəkməlidir.
"RİA Novosti"nin məlumatına görə, Rusiya tərəfdən görüşdə baş nazirin birinci müavini İqor Şuvalov, maliyyə naziri Aleksey Kudrin, xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçiləri Arkadi Dvorkoviç və Sergey Prixodko, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak və başqaları iştirak ediblər. Amerika prezidentini isə dövlət katibi Hillari Klinton, maliyyə naziri Timati Qayter, prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyms Cons və Ağ Ev administrasiyanın digər nümayəndələri müşayiət edib. Görüşdən əvvəl Rusiya prezidentinin köməkçisi Sergey Prixodko jurnalistlərə bildirib ki, prezidentlər Əfqanıstandakı vəziyyəti, raketdən müdafiə sistemlərini, maliyyə böhranını və təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırıblar. Amerika prezidenti isə nüvə silahından birgə müdafiə sisteminin yaradılması məsələsini Rusiyanın dövlət başçısı ilə apardığı ikitərəfli görüşdə müzakirə etdiyini qeyd edib. Lakin o, bir daha ABŞ ilə Rusiya arasında fikir ayrılığının qalmaqda olduğunu təsdiqləyib. "Mən onların bitdiyini deməyəcəm. Ancaq bizim birlikdə işləyə biləcəyimiz qarşılıqlı maraqlar sahəsi var".
Beləliklə, D.Medvedevlə görüşünü şərh edən xarici ekspertlər bildirirlər ki, dəyişiklik vədi ilə hakimiyyətə gələn ABŞ-ın yeni prezidenti B.Obamanın atmağa başladığı addımlar xarici siyasətdə yeni bir yanaşmanın işartılarını verməkdədir. İraqdakı hərbi güclərini çıxaracağını, İranla dialoq quracağını və terrorla mübarizdə Əfqanıstana birinci dərəcədə önəm verəcəyini vəd edən B.Obama hakimiyyəti Rusiya ilə də yeni bir başlanğıc üçün əməli addımlar atmağa başlayıb. NATO-nun Rusiya ilə münasibətləri yenidən başlaması qərarı da, həmçinin, bir müddət əvvəl iki ölkə xarici işlər nazirləri Hillari Klinton və Sergey Lavrovun Cenevrədə keçirdikləri görüş bu çərçivədə qiymətləndirilə bilər.
B.Obamanın Rusiya ilə münasibətlərdə yeni bir yanaşma gətirəcəyi hələ seçki kampanyası vaxtı verdiyi mesajlardan bəlli idi. Belə ki, B.Obama rəqibi respublikaçı Makkeynin Rusiyanı tədric etmə və bu çərçivdə bu ölkəni "G-8" -dən çıxarma, Ümumdünya Ticarət Təşkilatına üzvülüyünə veto qoymaq kimi addımlar atılmasının vacibliyinə dair məsajlarına qarşı çıxmışdı. B.Obama hələ o zaman Rusiyanı tədric etmək yerinə müzakirə kursunun seçilməsini, başda nüvə tərksilahsız olmaqla münsibətlərdəki ortaq maraq mövzularında fəal əməkdaşlığın önəmini vurğulamışdı. Demokrat partiyanın namizədi kimi B.Obama o vaxt Rusiya ilə tamamilə fərqli yanaşmaya malik olduqları NATO-nun genişləməsi, Kosovo və Gürcüstan mövzularında da müzakirə yolunun təcriddən daha faydalı olduğunu da ifadə etmişdi. B.Obamanın bu mesajları rəsmi Moskva tərəfindən müsbət qarşılansa da, Rusiya rəsmiləri bu açıqlamalara təmkinlə yanaşmaqdaydılar.
B.Obamanın Rusiya ilə münasibətlərdə gərginliyi azaldıcı mesajları prezident seçildikdən sonra da davam etdi. Yeni ABŞ administrasiyasının Rusiya ilə münasibətlərdə yeni bir başlanğıc istəyi isə ən açıq xətləri ilə fevral ayında Münhendə keçirilən ənənəvi təhlükəsizlik konfransında vitse-prezident Con Baydenin çıxışında vurğulandı. C.Bayden konfransda çıxış edərkən ABŞ-ın Rusiya münasibətlərinin təhlükəli səmtə getməsinin qarşısını almaq və mümkün sahələrdə əməkdaşlıq etmək istədiyini açıqladı. Rusiya ilə başda Cənubi Osetiya və Abxaziya olmaq üzrə müxtəlif məsələlərdə ciddi mövqe fərqi olduğunu bildirən C.Bayden əməkdaşlıq üçün Rusiya-NATO münasibətlərinin və Əfqanistan məsələsinin önəmini xüsusi qeyd etdi.
Daha sonra B.Obamanın rusiyalı həmkarı Dmitri Medvedevə İran mövzusunda əməkldaşlıq etmək və bunun üçün Vaşinqtonun Avropada Raketdən Müdafiə Sistemindən vaz keçməyə hazır olduğunu təklif etdiyinin ortaya çıxması da iki ölkə arasında yeni münasibətlər sisteminin başlayacağına dair güclü bir siqnal kimi qəbul edildi. Rusiya tərəfi isə ABŞ-dan gələn bu mesajları B.Obamanın doğru yolda olduğu kimi qəbul etdiyini bildirməklə yanaşı, münasibətlərdəki yeni yanaşmadan, sadəcə, əməli addımlar atıldıqdan sonra danışıla biləcəyini vurğulamaqdaydı.
Rusiya və ABŞ arasında yeni bir başlanğıc üçün ilk əməli addım isə Brüsseldə keçirilən NATO toplantısında atıldı. Üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında NATO Rusiya ilə 7 aydan bəri dayandırılan əməkdaşlıq münasibətlərin yenidən başlamasını qərarlaşdırdığını elan etdi. Münasibətlərin yenidən başlaması qərarını elan edən NATO-nun Baş katibi Yaap de Hoop Sxefferin "Rusiyanın mühüm qlobal bir oyuncu olduğunu və onunla danışmamağın münasib olmadığını" bildirdi. Xatırladaq ki, Rusiya və NATO arasındakı münasibətlərdəki pisləşmə rəsmi Moskvanın Gürcüstana hərbi hücumuna ABŞ-ın NATO-Rusiya Şurasında iştirak etməməklə qarşılıq verməsi ilə yaranmışdı. Amerikalıların iştirak etmədiyi toplantı keçirilməmiş, arxasından isə NATO xarici işlər nazirlərinin toplantısında Rusiyanın Gürcüstana qarşı çox sərt reaksiya göstərməsi səbəb göstərilərək NATO-Rusiya Şurası çərçivəsində həm siyasi həm də hərbi əməkdaşlığın dayandırılması qərarı alınmışdı. Ancaq NATO və Rusiya bu qərara baxmayaraq Əfqanıstan mözvusunda əməkdaşlıq davam etmiş, tərəflər arasında münasibətlərin normallaşmasına dair müzakirələr aparılmışdır.
Rusiya ilə münasibətlərin normalaşması üçün Fransa, Almaniya, İtaliya, İspaniya və Norveçin göstərdiyi cəhdlər isə ancaq ABŞ-da prezident seçkilərində B.Obamanın qalib gəlməsindən sonra nəticə verməyə başlamışdır. Bu çərçivədə hələ 2008-ci il dekabrın 2-dəki toplantıda üzv ölkələr NATO Baş katibinə Rusiya ilə münasibətləri normallaşdırmaq üçün addım atmaq göstərişini vermişdir. NATO-Rusiya münasibətlərinin yendidən başlaması qərarı bu prosesdə irəliyə doğru yeni mühüm addım kimi xarakterizə edilə bilər. Ancaq alınan qərarın tam qüvvəyə minməsi isə məhz Fransada keçirilən NATO toplantsında mümkün olacaq. NATO-nun bu qərarı üzvlər arsında heç də birmənalı qarşılanmadı. Belə ki, Litvanın xarici işlər naziri Vyqaudas Usaskas bu qərarın alınmasının erkən bir addım olduğunu, Gürcüstan müharibəsindən sonra Rusiyanın mükafatlandırılması mənasını daşıdığını vurğuladı.
ABŞ-ın yeni administrasiyasının NATO-Rusiya münasibətlərini normallaşdıran qərarını isə bir neçə amillə açıqlamaq olar. Əvvəla, B.Obama administarsiyasının ən başlıca sahə olaraq qəbul etdiyi Əfqanıstandakı terorizmlə mübarizə üçün NATO -ya ehtiyacı var. Bu qərarla ABŞ Avropadakı müttəfiqləri ilə arasında soyuqluq yaradan məsələlərdən birini həll edərək, Avropadakı müttəfiqlərinin NATO çərçivəsində Əfqanıstana daha güclü dəstək verməsinin yolunu açmaq istəməkdədir. İkincisi, yenə Əfqanıstan məsələsində ABŞ-ın Rusiya ilə də daha güclü əməkdaşlığa ehtiyacı var. Son dövrlərdə ABŞ-ın Orta Asiyadakı hərbi bazalarını itirməsi ilə Rusiya ilə əməkdaşlığın önəmini daha da artırmışdır. ABŞ son qərarla Rusiya ilə münasibətləri normallaşdırma və NATO-Rusiya münasibətlərində Əfqanıstan mərkəzli yeni bir əməkdaşlıq prosesinin inkişafını təmin etmək istəməkdədir.
NATO-nun Rusiya ilə münasibətləri düzəltmə qərarı rəsmi Moskvada da razılıqla qarşılanıb. Rusiyanın NATO-dakı nümayəndəsi Dmitri Roqozin və Xarici İşlər Nazirliyini rəsmisi Andrey Nesterenko da həmin qərarı müsbət qarşıladıqlarını, hər iki tərəfin dünyaya baxışlarında müxtəliflik olmasının normal olduğunu, ancaq terorizmlə mübarizə, tərksilah, narkotika ticarəti ilə mübarizə və Əfqanıstan məsələsində əməkdaşlıq edilə biləcəyini vurğulayıblar. Burada maraqlı olan məqam, ABŞ-ın Əfqanıstanla terorizmlə mübarizə aparmaq üçün Orta Asiyada qurduğu bazaların bağlanmasında xüsusi rolu olan rəsmi Moskvanın Vaşinqtona öz əməkdaşlığını təklif etməsidir. Rusiya ziddiyyətli görünən bu mövqeyi ilə bir yandan ABŞ-ın Orta Asiyada möhkəmlənməsinə mane olmaqda, o bir yandan isə ABŞ-ın sadəcə onunla əməkdaşlıq etməklə bölgədə başarılı ola biləcəyi mesajını verməkdədir.
"G20" sammitinə gəldikdə isə iştirakçı ölkələr hazırkı qlobal maliyyə böhranının təkrarlanmasının mümkünlüyünə yol verməmək üçün maliyyə bazarları, hec-fondlar və offşor vergi zonalarının tənzimlənməsinin sərtləşdirilməsinə tərəfdar olduqlarını bildiriblər. Sammitin yekunlarına dair kommünikedə deyilir ki, "sistemli risqlər yarada bilən" digər özəl investisiya strukturları da daxil olmaqla "bütün maliyyə bazarlarını, məhsulları və iştirakçıları" əhatə edən hərtərəfli tənzimləmə sistemi yaratmaq lazımdır. Sammit iştirakçıları hesab edirlər ki, bu, bazar iştirakçılarının son dərəcə risqli hərəkətinin qarşısını almalıdır. Kommünikedə qeyd edilir ki, reytinq agentlikləri icbari qaydada tənzimlənməli və qeydə alınmalıdır. Bankların yaxşı dövrlərdə maliyyə resursları yığması məqsədilə onlar üçün stimul yaradılmalıdır. Vergidən yayınmaq üçün istifadə olunan offşor zonalara qarşı tədbirlərin görülməsi, transmilli maliyyə institutlarına nəzarət üçün beynəlxalq kollegiyaların yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, Rusiya qlobal böhranı əsas gətirərək dünya iqtisadiyyatı üçün dolların əvəzinə yeni valyutanın dövriyyəyə buraxılmasını təklif edib. Xarici işlər nazirinin müavini Andrey Denisov yeni valyuta ilə bağlı beynəlxalq konfransın keçirilməsinin vacibliyini irəli sürüb. Rusiyaya ehtiyatlı dəstək Çindən gəlib. Çinin Xalq Bankının sədr müavini Xu Syaolyan açıqlama verərək dollara alternativ tapılması zərurətini bildirib. Ancaq rəsmi Pekinin asanlıqla dollardan imtina edəcəyini proqnozlaşdırmaq da çətindir. Birincisi, Çinin əsas pul ehtiyatı dollarlarda saxlanılır. Söhbət 2 trilyon dollardan gedir. Digər tərəfdən, Çinin nəhəng yatırımları ABŞ iqtisadiyyatına yönəlib. Bunlar da dollar şəklindədir. Elə dollara əvəz tapılması gərəkliyini bildirən Xu Syaolyan açıqlamasının sonunda acı gerçəkliyə qayıdıb: "Biz yeni valyutanı müzakirə etməyə həvəsliyik, ancaq hazırda dolların əsas valyuta kimi istifadə olnduğunu da diqqətdə saxlamaq məcburiyyətindəyik". Rusiya və Çinin dolları dəyişmək istəyini məşhur milyarder, mahir birja oyunçusu Corc Soros da bəyənib. O, dolların dünya valyutası kimi istifadəsi erasının sona çatdığını neçə aydır israrla vurğulayır. C.Soros fikrini onunla əsaslandırır ki, artıq dollar kreditləşmədə işə yaramır.
Bütün bunlarla yanaşı, gündəmin əsas mövzusu Obama-Medvedev görüşüdür ki, bir çox müşahidəçilər hesab edirlər ki, B.Obamanın səylərinə baxmayaraq, iki ölkə arasında münasibətlərin istiləşəcəyinə dair proqnozlar səsləndirmək, hələlik, tezdir...

Digər xəbərlər