PDF Oxu

Siyasət

  • 13

MİLLİ MƏCLİSİN BİR QRUP DEPUTATI QUBADAKI KÜTLƏVİ MƏZARLIQDA OLUB

MİLLİ MƏCLİSİN BİR QRUP DEPUTATI QUBADAKI KÜTLƏVİ MƏZARLIQDA OLUB
31 mart azərbaycanlıların soyqırımı günü Milli Məclisin deputatları Vahid Əhmədov, Yevda Abramov, Qənirə Paşayeva, Havva Məmmədova, Musa Quliyev, Aydın Həsənov, Zahid Orucov və Baba Tağıyev, parlamentdə akkreditə edilmiş bir qrup jurnalist Qubadakı kütləvi məzarlıqda olublar. Deputatlar Quba Rayon İcra Hakimiyyətinin 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar təşkil etdiyi mərasimdə iştirak etmiş, soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklil qoyublar.
İcra hakimiyyətinin başçısı Rauf Həbibov, deputatlar və rayon ictimaiyyətinin nümayəndələri mərasimdə çıxış edərək, ermənilərin tarixən azərbaycanlılara qarşı həyata keçirdikləri terror, soyqırımı siyasətindən danışıb. Bildirilib ki, erməni cəlladlarının təkcə 1918-ci ildə Qubada törətdikləri soyqırımı nəticəsində 16 min dinc əhali qətlə yetirilmiş, 122 kənd, 26 məscid, yüzlərlə ev və digər tikililər yandırılıb məhv edilib. Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində peşəkar olan erməni millətçiləri bu gün də bütün dünyada ölkəmiz və xalqımız əleyhinə təbliğat müharibəsi aparır, dünya ictimaiyyətini çaşdırmağa, Azərbaycan ərazilərinin işğalını unutdurmağa çalışırlar.
Tarixi hadisələrdən ibrət dərsi almağın vacibliyini vurğulayan natiqlər bildiriblər ki, 31 martın azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi əsl tarixi həqiqətlərin üzə çıxmasına təkan verib. Soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri bütün dünyada getdikcə daha mütəşəkkil xarakter alır və geniş əks-səda doğurur. Bu istiqamətdə səylər artırılmalıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan qüdrətli dövlətə çevrilir və artıq dünya onunla hesablaşır. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan işğal altındakı torpaqlarının azad edilməsinə nail olacaqdır.
Sonra tədbir iştirakçıları kütləvi məzarlığa gəlmişlər. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev məlumat verərək demişdir ki, Qudyalçayın sağ sahilində tikinti zamanı aparılan qazıntı işləri nəticəsində burada kütləvi qətlləri təsdiq edən xeyli sayda insan sümükləri aşkar olunmuşdur. İlkin araşdırmalardan sonra bunların 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya basqını zamanı öldürülmüş yerli sakinlər olduğu müəyyən edilmişdir. Təhqiqat zamanı ərazidə sümüklə dolu iki quyu və iki arx müəyyən olunmuşdur. Birinci quyu 4 metr dərinliyində, 5 metr diametrində, ikinci quyu isə 2 metr dərinliyində, 2,5 metr diametrindədir. Meyitlər birinci quyuya yerləşmədiyindən, ikinci quyu qazılmışdır. Tarixi parametrlər, ağsaqqalların dedikləri, arxiv sənədləri sübut edir ki, bu sümüklər XX əsrin əvvəllərində erməni silahlı dəstələri tərəfindən soyqırımına məruz qalmış yerli sakinlərə məxsusdur. Kütləvi məzarlığın ümumi sahəsi 500 kvadratmetrdir. Məlum olmuşdur ki, cəsədlərin qalıqları azərbaycanlılarla yanaşı, ərazidə məskunlaşmış digər etnik qrupların nümayəndələrinə də məxsusdur. Deməli, ermənilər milliyyətindən, yaşından, cinsindən asılı olmayaraq hər kəsə divan tutmuş və insanları kütləvi şəkildə qətlə yetirmişlər. Arxeoloji qazıntılar nəticəsində indiyədək 200-dən çox kəllə sümüyü aşkar edilmişdir. Deputatlar sonra Qubadakı Şəhidlər xiyabanın ziyarət etmiş, Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini ehtiramla anmış, məzarları üstünə tər qərənfillər düzmüşlər.

Digər xəbərlər