PDF Oxu

Siyasət

  • 10

İlham Əliyev: “Əminəm ki, təhlükəsizlik orqanları bütün vəzifələrin öhdəsindən layiqincə gələcək”

İlham Əliyev: “Əminəm ki, təhlükəsizlik orqanları bütün vəzifələrin öhdəsindən layiqincə gələcək”
Əsası 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı - kəşfiyyat və əks-kəşfiyyat bölməsinin təşkil olunması ilə yaradılmış milli təhlükəsizlik orqanlarının qət etdiyi 90 illik dövr etiraf edək ki, son dərəcə ziddiyyətli və şərəfli səhifələrlə zəngin olmuşdur. Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının peşə bayramının təsis edilməsi barədə sərəncam, məhz ümummilli lideri Heydər Əliyev tərəfindən 23 mart 1997-ci il tarixdə imzalanıb.
Etiraf edək ki, 1918-1920-ci illər Azərbaycan tarixinin ən şərəfli, eyni zamanda, ən mürəkkəb və ziddiyyətli dövrlərindən biri hesab olunur. Sovet hakimiyyəti illərində Azərbaycan tarixinin müvafiq zaman kəsiyi, ümumiyyətlə, öyrənilmədiyindən, xüsusi xidmət orqanlarının tarixi də diqqətdən kənarda qalmışdır. Lakin ADR fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski və general Məmməd bəy Sulkeviç kimi sərkərdələr xüsusi rol oynadılar. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında başa çatdırıldı.
ADR-in təhlükəsizliyinin təmin edilməsi missiyasını da ilk zamanlar ordu öz üzərinə götürmüş və Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsinin kəşfiyyat və əks-kəşfiyyat bölməsi bu işin öhdəsindən bacarıqla gələ bilmişdir. Müasir Azərbaycan məhz ADR-in varisi hesab olunduğundan, MTN-də ilk milli xüsusi xidmət orqanının varisi olmaqla əsasını bu bölmənin yarandığı tarixdən götürmüşdür. Etiraf edək ki, həmin illərdə Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyi, daxili və xarici vəziyyət ayrıca kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinin yaradılması zərurətini doğururdu.
Ölkənin xarici müdaxilə təhlükəsi qarşısında qalması hərbi aspektlərə xüsusi diqqət yetirməyi, başlıca məsuliyyəti bu strukturlara tapşırmağı tələb edirdi. Belə ki, 1919-cu il mart ayının 28-də hərbi nazir S.Mehmandarovun və Baş Qərargah rəisi M.Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Bu əmrdən sonra bölmənin komplektləşdirilməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində xeyli iş görüldü. Lakin hərbi idarə çərçivəsində olan bu struktur fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspektlərinə yönəldirdi. 1919-cu il aprelin 2-də Nazirlər Şurası sədrinə göndərdiyi məktubunda S.Mehmandarov yazırdı: "Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir, bolşevizmlə mübarizə ümumdövlət işi olduğundan tək hərbi idarə onun öhdəsindən gələ bilməz".
Ümumiyyətlə, ötən əsrin 20-50-ci illərində repressiyaya məruz qalaraq, məhv olunanların sayı 400 mini keçmiş, yarım milyondan çox insan isə ölkədən sürgün edilmişdir. Beləliklə, ötən əsrin 20-50-ci illərində xüsusi xidmət orqanları ölkənin qabaqcıl ziyalılarına və düşünən beyinlərə qarşı repressiya siyasətini həyata keçirən təşkilat funksiyasını icra edirdi.
Ulu öndər Heydər Əliyev respublika və ittifaq rəhbərliyində çalışdığı vaxtlarda da ölkəmizin xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə saxlamış, öz qayğısını bu təsisatlardan əsirgəməmişdir. Təsadüfi deyil ki, bir müddət əvvəl Prezident İlham Əliyev də MTN-in akademiyasına döyüş bayrağının təqdim edilməsi mərasimində ümummilli liderin xüsusi xidmət orqanlarındakı fəaliyyətini Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi qiymətləndirdi: "Bilirsiniz ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə xüsusi münasibəti var idi. Onun ömrünün çox hissəsi bu nazirlikdə keçmişdir. Ən kiçik vəzifədən sədr vəzifəsinədək, general rütbəsinədək yüksəlmişdi. Sonrakı fəaliyyətində - artıq Azərbaycanın Birinci Katibi vəzifəsinə seçiləndən və Prezident vəzifəsinə seçiləndən sonra da O, daim bu orqana öz diqqətini əsirgəməyibdir".
Onu da qeyd edək ki, ölkəmiz 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etdikdən sonra, Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. Qısa müddət ərzində digər millətlərin nümayəndələri nazirliyi və respublikanı tərk etdilər, təhlükəsizlik orqanlarının milli kadrlardan komplektləşdirilməsi dövrü başlandı. Lakin dəyişən yalnız təhlükəsizlik orqanının adı və şəxsi heyəti deyildi, ilk növbədə, nazirliyin qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti dəyişdi. Əgər DTK-nın bütün imkanları və potensialı sovet dövlətinin mövcudluğunun və strateji maraqlarının təmin olunmasına yönəlmişdisə - MTN-in qarşısında duran vəzifələr Azərbaycanın suverenliyinə, Konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların, ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir.
Belə ki, bu gün MTN-nin fəaliyyətinin hüquqi əsasını ölkə Konstitusiyası, "Milli Təhlükəsizlik haqqında qanun", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında qanun", Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi, habelə, ölkəmizin tərəfdaş olduğu beynəlxalq müqavilə və sazişlər təşkil edir. Eyni zamanda, MTN-nin fəaliyyəti insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik, bitərəflik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.
Xüsusilə, yeni qanunvericilikdə milli təhlükəsizliyin əsas elementləri olan bir çox anlayışların, o cümlədən, milli maraqların və təhdidlərin tərifi verilmiş, təsnifatı aparılmış, milli təhlükəsizliyin təmini sahələri və sisteminin əsas elementləri müəyyənləşdirilmişdir. Təbii ki, bütün bu amillər ölkəmizin milli təhlükəsizliyinin etibarlı əllərdə olduğuna inamı daha da artırır.
Ulu öndər Heydər Əliyevin ölkəmizin milli təhlükəsizliyi istiqamətində əsasını qoyduğu ənənələr bu gün çox böyük şərəf və ləyaqətlə davam etdirilir. Təsadüfi deyil ki, dövlət başçısı xüsusi xidmət orqanları əməkdaşlarının işini digər hüquq-mühafizə orqanları üçün nümunə sayaraq MTN-in 90 illiyi münasibətilə bu mötəbər qurumun bir qrup əməkdaşının təltif edilməsi barədə fərman imzalayıb. Nazirliyin iki əməkdaşı general-mayor rütbəsinə layiq görülüb, onlarla əməkdaşı isə "İgidliyə görə" və "Vətənə xidmət" medalları ilə təltif edilib. Həmçinin, Prezident xüsusi xidmət orqanlarının 90 illik yubileyi münasibətilə MTN işçilərini qəbul edərək, onların qarşısında bir sıra mühüm vəzifələr də qoydu: "XXI əsrin çağırışlarına vaxtında və effektiv cavab vermək məqsədilə Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki bazasının müasirləşdirilməsi, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, onların peşəkarlığının artırılması üçün xeyli iş görülmüşdür və dövlətin xüsusi xidmət orqanlarına qayğısı bundan sonra da davam edəcəkdir. Bu isə, öz növbəsində, milli təhlükəsizlik orqanlarının məsuliyyətini daha da artırır. Əminəm ki, təhlükəsizlik orqanları bütün vəzifələrin öhdəsindən layiqincə gələcək, milli dövlətçilik ruhunda tərbiyə edilən zabitlərimiz vətənimizə hədsiz sədaqət, vətənpərvərlik, igidlik nümayiş etdirəcəklər".
Dövlət başçısının bu fikirləri də təsdiqləyir ki, Azərbaycanda xüsusi xidmət orqanlarının fəaliyyətinə dövlət qayğısı son illərin ən aktual məsələyə çevrilməkdədir. O da etiraf edilməlidir ki, hakimiyyətin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində Azərbaycanın milli təhlükəsizliyi etibarlı təmin olunur. Həmçinin, bu islahatlar nəticəsində xüsusi xidmət orqanlarına və onların fəaliyyətinə cəmiyyətdə rəğbət hissləri formalaşıb. Hər bir azərbaycanlı dövlətçiliyimizin və milli dəyərlərimizin keşiyində duran bu mötəbər qurumun fəaliyyətinə hörmət və sevgi ilə yanaşır...

Digər xəbərlər