Cəmiyyətin aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrinə həyatımızın inkişafına uyğun dəyişikliklərin edilməsi üçün Milli Məclis qarşısında təkliflə çıxış etmişdir. Azərbaycan parlamenti Yeni Azərbaycan Partiyasının təşəbbüsünü dəstəkləmiş və bundan sonra Mərkəzi Seçki Komissiyasının qərarına uyğun olaraq, martın 18-də ümumxalq səsverməsinin keçirilməsi üçün qərar qəbul olunmuşdur. Referenduma hazırlıq çərçivəsində Yeni Azərbaycan Partiyası 40 mindən artıq imza toplamaqla "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupu kimi MSK-da qeydiyyatdan keçən birinci təşviqat qrupu oldu. Bu da bir daha onu göstərdi ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə böyük nüfuzu, etibarlı dayaqları mövcuddur.
Təbliğat-təşviqat kampaniyasına start verildiyi gündən ötən bir ay ərzində ölkəmizin hər bir şəhər və rayonlarında, kənd və qəsəbələrində, "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupu əhali ilə 1000-dən artıq görüşdə yüz mindən artıq seçici ilə maarifləndirmə işi aparıb. Bu görüşlərdə "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümayəndələri və vəkilləri Konstitusiyaya təklif olunan əlavə və dəyişikliyin zərurətindən və əlavələrdən sonra vətəndaşların hüquq və azadlıqlarının daha mükəmməl qorunmasında, həyatımızın bütün sahələrinin inkişafında oynayacağı roldan danışmışlar. Təşviqatçılar əlavə və dəyişiklik ediləcək 29 maddənin hər birinin zəruriliyindən, xüsusilə, müzakirə predmeti olan 101-ci maddənin 5-ci bəndi ilə bağlı təklifin mahiyyəti barədə geniş maarifləndirmə işi aparmışlar. 101-ci maddəyə dəyişiklik edilməsi ilə insanların seçim imkanlarının genişləndirilməsi və onların seçmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması qeyd olunmuşdur. Görüş iştirakçıları da "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun maarifləndirmə işinin yüksək olduğunu xüsusi məmnunluqla ifadə edib, martın 18-də məntəqələrə gedərək, təkliflərə dəstək verəcəklərini birmənalı şəkildə bildirmişlər.