Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsi ilə "Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)" iki cildlik kitabın elektron versiyası hazırlanıb. İki cildlik kitab 2008-ci ilin oktyabr ayında geniş ictimaiyyətin və mütəxəssislərin diqqətinə təqdim edilib.
Respublikanın, habelə xaricdəki təşkilatlardan, kitabxanalardan nazirliyə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, kitabın elektron versiyası hazırlanıb. Təqdim edilən elektron kitab Ü.Hacıbəyovun "Koroğlu" operasının uvertürası ilə müşahidə edilir. SİA-nın Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, kitabın birinci cildində Prezident İlham Əliyevin Azərbaycan və dünya mədəniyyət xadimləri ilə görüşləri, müxtəlif mədəniyyət müəssisələrində olan zaman çıxış və tövsiyələri, müsahibələri öz əksini tapıb.
Kitabın ikinci cildində Prezident İlham Əliyevin mədəniyyət xadimlərinə göndərdiyi təbriklər, mədəniyyət sahəsində imzaladığı fərman, sərəncam və qanunlar, habelə mədəniyyət, ədəbiyyat, tarixi-mədəni irs və milli-mənəvi dəyərlər haqqında fikirləri verilib. Kitabın hər iki cildində Prezident İlham Əliyevin mədəniyyət sahəsi ilə əlaqədar fotoşəkilləri verilib.
"Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)" elektron kitabın bütün oxucuların istifadəsinə təqdim etmək məqsədi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Veb-saytının (
http://ryl.az) "Elektron kitabxana" bölməsində yerləşdirib.
"Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)" elektron kitabın təqdimatı yaxın vaxtlarda keçiriləcəkdir. Elektron kitab "Nurlar" Nəşriyyat- Poliqrafiya Mərkəzində hazırlanıb. Layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, buraxılışa məsul Teymur Mehdiyev, Sevda Məmmədəliyeva, Ədalət Vəliyev, tərtibçilər Lətifə Məmmədova və Mayıl Əhmədovdur. Nəşrin elmi məsləhətçiləri professor Teymur Əhmədov və hüquq elmləri namizədi Əli Eyvazovdur.