TEHRANDA İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ 10-CU ZİRVƏ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Dünən Tehranın "Hafiziyə" sarayında İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu zirvə görüşü keçirilmişdir.Görüşdə təşkilatın üzvü olan ölkələrin dövlət və hökumət rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.
Tədbir İran İslam Respublikasının himninin səslənməsi və "Qurani-Kərim"dən ayə oxunması ilə başlandı. 2006-cı ilin mayında Bakıda keçirilmiş 9-cu zirvə görüşündən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEV zirvə görüşünü açıq elan edərək dedi:
-Hörmətli İran İslam Respublikasının Prezidenti cənab Mahmud Əhmədinejad, hörmətli dövlət başçıları,hörmətli nümayəndə heyətlərinin başçıları,əziz dostlar!
İlk növbədə, mən sizin hamınızı ürəkdən salamlayıram və İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu zirvə görüşünü açıq elan edirəm.
Bu zirvə görüşünü yüksək səviyyədə təşkil etdiyinə görə əziz dostumuz, İran İslam Respublikasının Prezidenti cənab Mahmud Əhmədinejada böyük məmnuniyyətlə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Azərbaycanın sədrliyi ilə bizim təşkilatımız 9-cu zirvə görüşündən sonra çox uğurlu bir yol keçmişdir. Təşkilat daha da inkişaf etmiş, dünyada öz mövqelərini möhkəmləndirə bilmişdir, təşkilat daxilində inteqrasiya prosesləri güclənmişdir. Bir sıra çox önəmli təşəbbüslər irəli sürülmüşdür və bu gün deyə bilərəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatı həm bölgədə, həm də geniş mənada dünyada çox böyük nüfuza malik olan bir təşkilatdır.
Mən bu gün bizim zirvə görüşümüzdə qonaq qismində iştirak edən dövlət başçılarını böyük məmnuniyyətlə salamlayır, onlara öz ehtiramımı bildirmək istəyirəm. Mən hesab edirəm ki, bizim formatımız nə qədər geniş olsa, hamımız üçün bir o qədər yaxşıdır.
Son illər ərzində İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində bir sıra mühüm məsələlər müzakirə olunmuş və öz həllini tapmışdır. Regional təhlükəsizlik məsələlərinə çox böyük diqqət göstərilmişdir və şübhəsiz ki, bu məsələ növbəti illərdə də diqqət mərkəzində olmalıdır. Regional əməkdaşlıq məsələləri öz həllini tapır, bizim aramızda həm ikitərəfli, həm çoxtərəfli formatda inteqrasiya prosesləri güclənir və bu, hər bir üzv ölkənin inkişafı üçün əlavə imkanlar yaradır. Energetika sahəsində görülmüş işlər enerji təhlükəsizliyi məsələlərinə öz töhfəsini vermişdir. Nəqliyyat sahəsində, humanitar sahədə, bütün başqa sahələrdə gələcək inkişaf üçün çox gözəl perspektivlər, çox gözəl imkanlar var.
Mən xüsusilə təşkilatın Katibliyinin son üç il ərzindəki fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Bu fəaliyyət çox uğurlu olmuşdur və əminəm ki, təşkilatın gələcək inkişafı üçün öz müsbət rolunu oynamışdır.
Gündəliyə uyğun olaraq, biz indi İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu zirvə görüşünün sədrini seçməliyik və mən böyük məmnuniyyətlə İran İslam Respublikasının Prezidenti cənab Mahmud Əhmədinejadın 10-cu zirvə görüşünün sədri seçilməsini təklif edirəm.
Sizin mövqeyinizi bu təklifə dəstək kimi qiymətləndirirəm. Hörmətli cənab Prezident, mən Sizi 10-cu zirvə görüşünün sədri seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm, Sizə ən xoş arzularımı bildirmək istəyirəm və sədrliyi Sizə təqdim edirəm.
10-cu zirvə görüşünə sədrlik edən İran Prezidenti Tehran görüşünün dünyada qlobal dəyişikliklər dövrünə təsadüf etdiyini bildirdi. Dünyada böyük iqtisadi problemlərin yaşandığını deyən Mahmud Əhmədinejad onların aradan qaldırılması üçün birgə səylərin vacibliyini vurğuladı. O, İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinin genişləndirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin xidmətlərini xüsusi qeyd edərək, Azərbaycanın dövlət başçısına minnətdarlığını bildirdi.
İranın xarici işlər naziri Mənuçehr Mottəki təşkilatın Nazirlər Şurasının 18-ci iclasının nəticələrindən danışdı. O, İqtisadi Əməkdaşlıq təşkilatının fəaliyyəti, qurum çərçivəsində imzalanan sənədlərin icrası və həyata keçirilən layihələrdən, regional və beynəlxalq məsələlərdən bəhs etdi. Bildirdi ki, təşkilatın Nazirlər Şurası öz fəaliyyətində üzv ölkələr arasında ticarət və iqtisadi əlaqələrinin möhkəmləndirilməsi, dünya maliyyə böhranından çıxış yollarının axtarılmasını əsas tutmuşdur.
İƏT-in baş katibi Xurşid Ənvər təşkilatın fəaliyyəti barədə hesabat verməzdən əvvəl, İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən 9-cu zirvə görüşündən keçən dövr ərzində qurumun fəaliyyətinə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirdi.
İqtisadi Əməkdaşlıq Təşkilatının Bakı görüşünün əhəmiyyətinə toxunan baş katib bildirdi ki, həmin zirvə görüşündə qəbul olunmuş mühüm qərarlar daha səmərəli tədbirlərin və görüşlərin keçirilməsi istəyini reallaşdırmışdır. Təkcə son iki ildə təşkilat çərçivəsində keçirilən müxtəlif görüşlərin sayı 35 faiz artmışdır. Bu görüşlər nəqliyyat, kommunikasiya, enerji, sənaye, kənd təsərrüfatı, səhiyyə, təhsil, mədəniyyət və ətraf mühitin qorunması sahələrini əhatə etmişdir.
Xurşid Ənvər İqtisadi Əməkdaşlıq Təşkilatının ötən dövrdəki uğurları və qarşıda duran məsələlər haqqında geniş məruzə ilə çıxış etdi.
Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai digər məsələlərlə yanaşı, terrorizm və narkotik maddələrin dövriyyəsi ilə mübarizədə üzv ölkələrin birgə fəaliyyətindən danışdı, bu məsələdə ölkəsinin digər dövlətlərin yardımına ehtiyacı olduğunu bildirdi.
İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxış etmişdir.
-Hörmətli cənab sədr, əziz dostlar!
Bir daha sizin hamınızı ürəkdən salamlayır və bildirmək istəyirəm ki, son üç il ərzində Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının inkişafı üçün öz səylərini göstərmişdir. Biz təşkilatdakı fəaliyyətimizə çox böyük önəm veririk. Hesab edirik ki, təşkilatın güclənməsi, bölgədə və dünyada mövqelərinin möhkəmlənməsi hər bir üzv ölkə üçün əlavə fayda gətirə bilər.
Biz son illər ərzində regional əməkdaşlıq məsələlərinə çox böyük əhəmiyyət vermişik. İqtisadi Əməkdaşlıq Təşkilatında təmsil olunan ölkələri birgə tarix birləşdirir, mədəniyyət birləşdirir. Bizim aramızda ənənəvi olaraq, çox güclü əlaqələr mövcud olmuşdur və indiki mərhələdə, xüsusilə dünyanı iqtisadi və maliyyə böhranı bürüdüyü bir vaxtda regional əməkdaşlıq, iqtisadi təşəbbüslər, inteqrasiya məsələləri xüsusi önəm daşıyır. Biz öz tərəfimizdən bu istiqamətdə addımlarımızı davam etdirməyə hazırıq və xüsusilə siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişlənməsində maraqlıyıq. İqtisadi Əməkdaşlıq Təşkilatında təmsil olunan ölkələr arasında siyasi əlaqələr çox yüksək səviyyədədir və elə etməliyik ki, üzv ölkələr iqtisadi sahədə də bizim potensialımızdan maksimum dərəcədə istifadə edə bilsinlər. Azərbaycan öz tərəfindən bu istiqamətdə önəmli addımlar atır. Son üç il ərzində bizim sədrliyimiz altında İqtisadi Əməkdaşlıq Təşkilatında müxtəlif təşəbbüslər irəli sürülmüşdür. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə bölgədə enerji, nəqliyyat və digər sahələrdə çox önəmli addımlar atılmışdır. Azərbaycan enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verməkdə davam edir. Bizim təşəbbüsümüzlə bölgədə yaradılmış yeni enerji infrastrukturu enerji təhlükəsizliyi məsələlərinə, ikitərəfli və çoxtərəfli əlaqələrin güclənməsinə xidmət göstərir. Bu baxımdan biz həm neft-qaz kəmərlərini sadalaya bilərik, eyni zamanda, elektrik enerjisi sahəsində qonşu ölkələrlə çox uğurlu və qarşılıqlı surətdə faydalı layihələrin gerçəkləşməsini qeyd edə bilərik. Enerji məsələləri bu gün dünya miqyasında gündəliyin ön sıralarındadır. Bizim ölkələrimizdə mövcud olan böyük təbii enerji resursları dövlətlərimizin milli maraqlarına xidmət göstərməlidir. Ölkələrimizin milli maraqlarını müdafiə etməlidir və əlbəttə ki, regional əməkdaşlıq məsələlərinə də bunun çox böyük təsiri olmalıdır. Biz bu sahədə öz səylərimizi əlaqələndirilmiş şəkildə davam etdirməliyik. Nəqliyyat sahəsində Azərbaycanın və bizimlə qonşu ölkələrin təşəbbüsü ilə çox önəmli dəmir yolu layihəsi icra olunur. Tikilən bu dəmir yolu Avropanı Asiya ilə birləşdirəcəkdir. Hazırda Türkiyə, Gürcüstan və Azərbaycan birlikdə bu layihəni icra edir, ancaq şübhə etmirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu işə başlayandan sonra regionun digər ölkələri də bu imkanlardan istifadə edəcəklər. Çünki bu, həm iqtisadi cəhətdən çox sərfəlidir, eyni zamanda, bizim aramızda olan dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirəcəkdir. Bütövlükdə biz iqtisadi sahədə üzv ölkələrin potensialından maksimum dərəcədə səmərəli istifadə etməliyik. Qarşılıqlı ticarəti təşviq etməliyik. Elə etməliyik ki, öz ticarət əməliyyatlarımızı daha çox üzv ölkələrlə aparaq. Azərbaycan bu istiqamətdə öz səylərini göstərir. Deyə bilərəm ki, ölkəmiz son beş il ərzində iqtisadi inkişaf baxımından çox uğurla addımlamışdır. Son beş ildə Azərbaycanda ümumi daxili məhsul 2,6 dəfə, sənaye istehsalı isə 2,5 dəfə artmışdır. Bu nailiyyətlər bizə imkan verib ki, yoxsulluğun səviyyəsini kəskin şəkildə aşağı salaq. Beş il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə enmişdir. Biz növbəti illərdə də çalışacağıq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal rolumuzu davam etdirək və əminəm ki, gələcəkdə biz bunun gözəl nəticələrini görəcəyik.
Bütün vacib olan investisiya, inteqrasiya, iqtisadi əməkdaşlıq, regional əməkdaşlıq məsələlərini daha da uğurla həll etmək üçün bölgədə sülh, əmin-amanlıq olmalıdır. Əfsuslar olsun ki, biz bunu hələ ki, görmürük. Müxtəlif təhlükələr, müxtəlif risklər, çağırışlar mövcuddur və bəzi hallarda onlar nəinki azalmır, hətta artır. Eyni zamanda Azərbaycanın son 20 il ərzində üzləşdiyi böyük problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətidir. Bu siyasət nəticəsində və Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qovularaq, qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Torpaqlarımızın 20 faizi işğal altına düşmüşdür və bu işğal indi də davam edir. Bu, həm Azərbaycan üçün böyük problemdir, həm də bölgədə təhlükəsizlik tədbirlərinin güclənməsinə böyük maneçilik törədir. Eyni zamanda, bu, böyük ədalətsizlikdir. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi müdafiə olunur, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması haqqında 4 qətnamə qəbul edilmişdir. Ancaq Ermənistan buna məhəl qoymur. Düz bir il bundan əvvəl BMT-nin Baş Məclisində Azərbaycanın işğal olunmuş torpaqlarında vəziyyətlə bağlı qətnamə qəbul edilmişdir. İslam Konfransı Təşkilatı çərçivəsində çox mühüm və ədalətli qərarlar qəbul olunmuşdur. Həmçinin digər təşkilatlarda da. Ancaq əfsuslar olsun ki, bu diplomatik səylər hələ ki, nəticəyə gətirib çıxarmır. Biz bu ədalətsizliklə barışa bilmərik. Mən xüsusilə bütün səsvermələrdə Azərbaycan mövqeyini, haqq-ədaləti dəstəkləyən bütün ölkələrə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu münaqişə öz həllini tapandan sonra bölgədə tamamilə yeni vəziyyət yaranacaq, əməkdaşlıq üçün, işbirliyi üçün yeni imkanlar açılacaqdır.
Eyni zamanda, biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan digər ölkələrin üzləşdiyi problemlərə də çox fəal münasibətimizi bildirməliyik. Azərbaycan beynəlxalq tədbirlərdə üzv ölkələrin milli maraqlarının müdafiəsi üçün həmişə öz səsini ucaldıb, səsvermədə həmişə həmrəylik göstəribdir. Həm İqtisadi Əməkdaşlıq Təşkilatı, həm də İslam Konfransı Təşkilatı çərçivəsində həmrəylik məsələlərinə həmişə böyük həssaslıqla yanaşıbdır. Azərbaycan bundan sonra da həmişə dost, qardaş ölkələrə siyasi dəstəyini göstərməkdə davam etməyə hazırdır.
Mən bu fürsətdən istifadə edərək, bütün üzv ölkələrin dövlət, hökumət başçılarına, nümayəndə heyətlərinin başçılarına bir daha hörmət və ehtiramımı bildirmək istəyirəm. Əziz dostum, qardaşım, İran İslam Respublikasının Prezidenti cənab Mahmud Əhmədinejada növbəti illərdə təşkilatın idarə edilməsində uğurlar arzulayıram. Əminəm ki, İqtisadi əməkdaşlıq Təşkilatı gələcək illərdə öz mövqelərini daha da möhkəmləndirəcəkdir və bu, bilavasitə hər bir üzv ölkənin milli maraqlarına cavab verir. Sağ olun.