PDF Oxu

Siyasət

  • 7

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRANDA RƏSMİ SƏFƏRDƏDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRANDA RƏSMİ SƏFƏRDƏDİR
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərə yola düşmüşdür. Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanından Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
Martın 10-da Azərbaycan Prezidenti İlham Əliyev İrana rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və İranın dövlət bayraqları ilə bəzədilmiş Tehranın Mehrabad hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi İranın xarici işlər naziri Mənuçehr Mottəki və digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar dövlətimizin başçısına gül dəstəsi təqdim etdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Azərbaycanın və İranın dövlət bayraqlarının asıldığı Prezident sarayının qarşısındakı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İran Prezidenti Mahmud Əhmədinejad Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycanın və İranın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Prezidentlər fəxri qarovul dəstəsinin önündən keçdilər. Azərbaycan Prezidenti İlham Əliyev İran əsgərlərini salamladı.
İranın rəsmi şəxsləri Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyətinin üzvləri İran Prezidentinə təqdim olundular.
Təkbətək görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə nümayəndə heyətlərinin geniş tərkibdə görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə edildi, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın yaxşı perspektivləri olduğu bildirildi. İran ilə Azərbaycanın müxtəlif bölgələri, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişaf etdiyi vurğulandı və bildirildi ki, bunun daha da genişlənməsi üçün yaxşı imkanlar var.
İki ölkə arasında iqtisadiyyat və energetika sahələrində həyata keçirilən konkret layihələrin əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyi bildirildi.
Görüşdə Azərbaycan və İran xalqları arasında mədəni əlaqələrin zəngin tarixi olduğu xatırladıldı, humanitar əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olundu, iki ölkə arasında münasibətlərin inkişafının regional əməkdaşlığa da töhfə verdiyi vurğulandı.
Bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri çərçivəsində imzalanacaq sənədlər ikitərəfli əlaqələrin hüquqi bazasını daha da genişləndirəcəkdir.
Görüşdə ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparıldı, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə sənədlərin imzalanma mərasimi olmuşdur.
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən iqtisadiyyat və maliyyə naziri Şəmsəddin Hüseyni imzaladılar.
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlığa dair protokolu Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, İran tərəfdən ticarət naziri Məsud Mirkazımi imzaladılar. Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlığa dair anlaşma memorandumunu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən Prezidentin birinci müavini vəzifəsini icra edən Həmid Dəqai imzaladılar. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının İranın Mədəni İrsi, Xalq Tətbiqi Sənəti və Turizm Təşkilatı arasında mədəni irs sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən Prezidentin birinci müavini vəzifəsini icra edən Həmid Dəqai imzaladılar. Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası və İran İslam Respublikasının Milli Kitabxanası və Arxivi arasında əməkdaşlığa dair anlaşma memorandumunu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən Prezidentin mədəniyyət məsələləri üzrə müşaviri, Milli Kitabxana və Arxivin sədri Əliəkbər Əşəri imzaladılar. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və İran İslam Respublikasının Statistika Mərkəzi arasında statistika sahəsində əməkdaşlığa dair anlaşma memorandumunu Azərbaycan tərəfdən Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev, İran tərəfdən Statistika Mərkəzinin sədri Məhəmməd Mədət imzaladılar. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt məsələləri üzrə əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən xarici işlər naziri Mənuçehr Mottəki imzaladılar.
Daha sonra İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilmişdir.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev İran inqilabının rəhbəri imam Xomeyninin məqbərəsini ziyarət etmişdir.

Digər xəbərlər