PDF Oxu

Siyasət

  • 4

CNBC telekanalı Azərbaycanla bağlı videomaterial yayımlayıb

CNBC telekanalı Azərbaycanla bağlı videomaterial yayımlayıb
Azərbaycanın apardığı uğurlu iqtisadi siyasət, ölkəmizin malik olduğu neft və qaz kəmərləri respublikamızın dünyadakı nüfuzunu möhkəmləndirmişdir. Digər tərəfdən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində xüsusi əhəmiyyət verilən Nabukko qaz kəməri layihəsində iştirakla bağlı niyyətini bəyan etməsi ölkəmizə beynəlxalq marağı daha da artırmışdır.
Amerika Birləşmiş Ştatlarının nüfuzlu CNBC (Si-en-bi-si) telekanalı da yayımladığı videomaterialda Prezident İlham Əliyevlə müsahibə əsasında Azərbaycanın uğurlarını geniş tamaşaçı auditoriyasına təqdim etmişdir. Verilişdə tanınmış analitiklərin fikirləri də səslənmişdir.   Videomaterialda vurğulanır ki, Davos forumunda müzakirə olunmuş əsas mövzulardan biri enerji təhlükəsizliyi mövzusu idi. Rusiya ilə Ukrayna arasında enerji mübahisəsinin Avropanın onlarca ölkəsində enerji böhranı yaratdığını nəzərə alaraq, həmin mövzu təbii ki, gündəlikdə əsas yeri tutmalıdır. Böyük həcmdə enerji təchizatında alternativ mənbə rolunu oynamağa başlayan dövlətlərdən biri də Azərbaycandır. Vaxtilə mövcud olmuş İpək yolunda strateji mövqeyi ilə seçilən ölkənin Prezidenti İlham Əliyev yeni ticarət əlaqələrini araşdıraraq əməkdaşlıq vəd edir.
Yeni İpək yolunun bərpasını tənzimləyə biləcək ölkələrdən söhbət açsaq, təbii ki, onlardan biri də Azərbaycandır. Asiya ilə Avropanın qovuşuğunda strateji mövqeyə malik Azərbaycan Rusiya ilə Ukrayna arasında qaz mübahisəsi fonunda tarazlaşdırıcı ölkə kimi görünür.
Prezident İlham Əliyev: Bu və ya digər halda bu gərginliklər öz mənfi təsirini göstərir. Bu da öz növbəsində qlobal enerji sektorunda əlavə gərginlik yaradır. Biz bunu görmək istəmirik. Biz gözlənilən və davamlı təchizat marşrutlarını və bütün iştirakçılar arasında qarşılıqlı anlaşmanı görmək istəyirikF.
Sərt qış şəraitində görünür ki, avropalılar mövcud Bakı-Tbilisi-Ərzurum boru kəmərinə ikinci, əlavə Nabukko boru kəmərinin çəkilməsini çox böyük razılıqla qarşılayırlar.
Analitik Yames Nixey: Azərbaycandan çəkiləcək hər hansı boru kəmərləri alqışlanır. Qərb və Avropa İttifaqı kifayət dərəcədə fəal, birgə işləyərsə və sərmayə qoyuluşuna başlayarsa, Nabukko boru kəməri baş tuta bilər. Layihə barədə prinsip etibarilə razılıq artıq əldə olunmuşdur.
Azərbaycandan Qərb və Şərq istiqamətlərində boru kəmərləri layihələri həyata keçirilə bilər. İstehlak ehtiyacları sürətlə artan Çin və Hindistan regionları ilə enerjidən asılı olan Avropa arasında yerləşən Azərbaycan bu gün strateji şahmat oyununda özünəməxsus rolunu oynaya bilər.
Analitik Daniel Yergin: Sovet İttifaqının süqutu xəritədə böyük dəyişikliklərlə müşayiət olunmuşdur. Yeni təchizat mənbələri olmaları sayəsində Azərbaycan və Qazaxıstan artıq sürətlə inkişaf edən ölkələrə çevrilmişdir. Onlar okean dövlətləri deyil, buna görə də həmin ölkələr üçün çoxşaxəli boru kəməri sistemi böyük əhəmiyyət kəsb edir.
Enerji daşıyıcıları Azərbaycanı inkişaf baxımından böyük bir sıçrayışla dünyanın ən qabaqcıl dövlətləri sırasına qoşmuşdur. 2006-cı ildə illik iqtisadi artım 34 faizdən çox olmuşdur. Neftin qiymətlərinin kəskin aşağı düşməsi neft sənayesinin nə dərəcədə həssas bir sahə olduğunu və burada çətin dövrün də ola biləcəyini açıq şəkildə nümayiş etdirmişdir. Bunu nəzərə alan Azərbaycan fəaliyyət dairəsini genişləndirmək qərarına gəlmişdir. Keçmişdə qədim İpək yolunun mühüm hissəsində yerləşən Azərbaycan Transavrasiya informasiya-kommunikasiya texnologiyaları sisteminə inteqrasiyasını gücləndirərək, regionda İKT mərkəzinə çevrilmək məqsədini qarşıya qoymuşdur.
Analitik Anna Valker: Təbii ki, Azərbaycanın bunun üçün potensialı var. Avropa İttifaqı Asiya ilə Avropa arasında fiber optik kabelin çəkilməsində xüsusilə maraqlı olubdur. Azərbaycan isə həmin marşrutun ortasında yerləşir. Əlbəttə ki, bu, daha etibarlı kommunikasiyalar yaratmaqda kifayət qədər asan yoldur.
Ötən il 40 faiz artmış turizmdən tutmuş kosmik sənayeyə qədər şaxələndirmə Azərbaycanda ən işlək ifadədir. İqtisadiyyatın müasirləşdirilməsi bu günün ən mühüm məsələsidir. Ölkə 2012Üci ilə qədər iki telekommunikasiya peyki buraxmaq və regional innovasiya zonası yaratmaq niyyətindədir.
Prezident İlham Əliyev: Biz enerji sahəsində olduğu kimi, İKT sahəsində də cəlbedici olmalıyıq.
Analitik Daniel Yergin: Astana və Bakıya səfər edən hər bir şəxs inkişafa əsaslı vəsaitlərin yönəldiyinin şahidi olur. Sosial tələbatlar və infrastruktur xərcləri sahəsində bu ölkələrə böyük vəsaitlər lazımdır. Həmin vəsaitlər əvvəllər bu həcmdə mövcud olmamışdır.
Neft və qazdan əldə olunan gəlirlər artmaqdadır. 2008-ci ilin sonuna Azərbaycanın Dövlət Neft Fondunda 11 milyard ABŞ dolları vəsait toplanmışdır.
 Analitik Anna Valker:Azərbaycanın bu sahədə əldə etdiyi və Neft Fonduna yığılan gəlirlərin böyük hissəsi tikililərin yenidən qurulmasına, yol infrastrukturunun yaradılmasına sərf olunur. Bu baxımdan Azərbaycan beynəlxalq təşkilatların və Dünya Bankı kimi maliyyə təsisatlarının etimadını qazanmışdır və bu, davam etməkdədir. Həmin təsisatlar da kredit ayırır və bu, yol infrastrukturuna xərclənir.
Gələcəyinin bütövlükdə neft və qaz sektorundan asılılığının düzgün olmadığını başa düşən Azərbaycan dəyişikliklərə uyğunlaşır və Asiya ilə Avropa arasında olan qədim əlaqələri XXI əsrdə müasirləşdirir.

Digər xəbərlər