Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin strukturu təsdiq edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin aparatının və Komitənin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin işçilərinin say həddini müəyyən etmək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Eyni zamanda, "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 nömrəli Fərmanının 1-ci bəndi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 423; 2003-cü il, № 10, maddə 585; 2004-cü il, № 8, maddə 617, № 9, maddə 678; 2005-ci il, № 10, maddə 910; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 14 nömrəli Fərmanı) qüvvədən düşmüş hesab edilib. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamədə göstərilir ki, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 52 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Komitə qiymətli kağızlar bazarında dövlət siyasətini və qiymətli kağızlar bazarının tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Eyni zamanda, Komitə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
qiymətli kağızlar bazarında öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək: qiymətli kağızların buraxılışının qaydalarını və qiymətli kağızların emissiya prospektinə dair tələbləri müəyyən etmək; qiymətli kağızların sertifikatlarının məcburi rekvizitləri və onların blanklarının hazırlanması qaydalarını müəyyən etmək; qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası qaydalarını müəyyən etmək; qiymətli kağızların tədavülü qaydalarını müəyyən etmək; qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi qaydalarını müəyyən etmək; qiymətli kağızlar bazarının iştirakçılarına tələblərin və onların fəaliyyəti qaydalarını müəyyən etmək; qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının attestasiya qaydalarını müəyyən etmək; xarici emitentlərin qiymətli kağızlarının Azərbaycan Respublikasında tədavülə buraxılması qaydalarını müəyyən etmək; Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirilməsi qaydalarını müəyyən etmək; hüquqi və fiziki şəxslərin borc öhdəliklərinin qiymətli kağızlarla rəsmiləşdirilməsi və ödənilməsi qaydalarını müəyyən etmək; qiymətli kağızlar bazarında sığortalanmalı olan risklərin sığorta standartlarını müəyyən etmək; öz səlahiyyətləri çərçivəsində qiymətli kağızlarla bağlı hesabatların və məlumatların təqdim olunması qaydalarını müəyyən etmək; qiymətli kağızlar bazarında xidməti məlumatın saxlanılması və təqdim edilməsi qaydalarını müəyyən etmək və s.
Komitənin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını və Komitənin aparatının və onun strukturuna daxil olan qurumların işçilərinin say həddini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Komitənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Komitənin sədri rəhbərlik edir. Komitənin sədri Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.