PDF Oxu

Siyasət

  • 10

Miqrasiya sahəsində “bir pəncərə” prinsipi tətbiq ediləcək

Miqrasiya sahəsində “bir pəncərə” prinsipi tətbiq ediləcək
Prezident İlham Əliyev miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında Fərman imzalayıb. Fərmanda göstərilir ki, Azərbaycan Respublikasında aparılan uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsinin yüksəlməsi və bütün sahələrdə müşahidə olunan sürətli inkişaf ölkəmizə gələn əcnəbilərin sayının ildən-ilə əhəmiyyətli dərəcədə artmasına səbəb olmaqla miqrasiya proseslərinin intensivləşməsini şərtləndirmişdir: "Miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul edilmiş, bir sıra institusional və təşkilati tədbirlər həyata keçirilmiş, əcnəbilərin ölkəyə gəlməsi və ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün elektron informasiya resursları formalaşdırılmışdır.
Bununla yanaşı, müvafiq icazələrin alınması və qeydiyyat prosedurlarının mürəkkəb olması səbəbindən ölkəmizə gələn əcnəbilər müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalırlar."
Bu Fərmana əsasən, miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə  2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipi tətbiq ediləcək.
Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə olunub.
Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi məqsədi ilə sənədlərin qəbulu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi məqsədi ilə sənədlərin qəbulu və öz rəyi ilə birgə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq vəsiqələrin verilməsi, Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilmiş icazələr və həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması haqqında məlumatların "Giriş-Çıxış və Qeydiyyat" İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminə ötürülməsi vəzifələrinin həyata keçirilməsi tapşırılıb. 
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətindən daxil olmuş sənədlər əsasında 7 gün müddətində Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilib-verilməməsi ilə bağlı qərarların qəbul edilməsini və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim olunmasını təmin etmək həvalə olunub. 
Fərmana əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı vəsatətlərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 20 gün müddətində baxılması müəyyənləşdirilib. Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipi tətbiq edildiyi gündən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər (pasport və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənəd) və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında Azərbaycan Respublikasından gedə və Azərbaycan Respublikasına qayıda bilərlər. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən aparılır.
Nazirlər Kabinetinə bir ay müddətində axili əmək bazarı və işçi qüvvəsinə olan tələbat nəzərə alınmaqla iqtisadi fəaliyyət sahələri üzrə əmək miqrasiyası kvotalarını müəyyən etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən çıxış və qayıdış vizalarının ləğv edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən vəsiqələrin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılmasına dair qərarın nümunəsinə, təsvirinə və spesifikasiyasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Eyni zamanda, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə icazələrin verilməsi və onların yaşayış yeri üzrə qeydiyyatı prosesində şəffaflığın təmin edilməsi, tətbiq ediləcək yeni qaydaların əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə çatdırılması məqsədi ilə izahat işlərinin aparılması, yaddaş kitabçalarının hazırlanması və digər zəruri tədbirlərin görülməsi də təşkil olunacaq. Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytında icazələrin alınması üçün verilən ərizələrin formalarının, habelə təqdim olunmalı sənədlərin siyahısının və ödənilən dövlət rüsumları barədə məlumatların yerləşdiriləcək.

Digər xəbərlər