PDF Oxu

Siyasət

  • 2

Azərbaycanın bölgələri sürətlə inkişaf edir

Azərbaycanın bölgələri sürətlə inkişaf edir

Martın 3-də Prezident İlham Əliyev Yevlaxdan Mingəçevirə gedərkən Yuxarı Qarxun kəndi tərəfindən Yevlax şəhərinə girişdə aparılmış abadlıq və yenidənqurma işləri ilə tanış olmuşdur. Məlumat verildi ki, burada işlər daxili imkanlar hesabına görülmüşdür. Avtomobil yolunun eni 16 metrə çatdırılmış, daş hasar hörülmüş, 30 ədəd müasir formalı işıq dirəkləri, 10 projektor quraşdırılmışdır. İki təpə üzərində dekorativ gül kollarından və digər tikinti materiallarından istifadə olunmaqla, Azərbaycan Respublikasının simvolik xəritəsi, bayrağı təsvir edilmişdir. Burada eni 16 metr, hündürlüyü 10 metr olan iki alaqapı tikilmişdir. Ərazidə yaşıllıq salınmış, 10 minə yaxın müxtəlif ağac əkilmiş, ulu öndər Heydər Əliyevin şəkli olan lövhə quraşdırılmış, Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılmışdır.

AZƏRBAYCAN PREZİDENTİ MİNGƏÇEVİR ŞƏHƏRİNƏ GƏLİB

Azərbaycan Prezidenti İlham Əliyev regionlara səfəri çərçivəsində martın 3-də Mingəçevir şəhərinə gəlmişdir.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin Heydər Əliyev meydanında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoydular.
Energetiklər şəhərinin mərkəzi meydanında geniş abadlıq-quruculuq işləri aparılmış, sakinlərin istirahəti üçün lazımi şərait yaradılmışdır. Burada musiqili fəvvarə quraşdırılmış, yaşıllıq zolağı salınmış, 10 minə qədər müxtəlif növ ağac və gül kolları əkilmiş, gediş-gəlişi asanlaşdırmaq üçün yerüstü piyada keçidi tikilmişdir.

MİNGƏÇEVİRDƏ HEYDƏR ƏLİYEV MUZEYİ AÇILIB

Martın 3-də Mingəçevirdə Heydər Əliyev muzeyinin açılışı olmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etdilər. Dövlətimizin başçısı muzeyin açılışını bildirən lenti kəsdi və muzeylə yaxından tanış oldu.
2006-cı ildə inşa olunmuş muzeyin binası ötən il yenidən qurulmuşdur. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Muzeydə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər arasında 1981-ci ildə Mingəçevirə ilk səfəri ilə bağlı fotolar xüsusi yer tutur. Ulu öndər o vaxt Qafqazın energetika nəhəngi sayılan Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının birinci enerji blokunun açılışında iştirak etmişdi.
Muzeyin kompyuter otağında məşğələlər keçirilir. Kompyuterlər internetə qoşulmuşdur. Yaxın vaxtlarda muzeyin saytının yaradılması da nəzərdə tutulmuşdur. Məktəblilər və tələbələr burada Heydər Əliyev irsini öyrənirlər. Yaradıcılıq otağında məktəblilərin 100-dək rəsm əsəri, heykəltaraşlıq işləri nümayiş etdirilir. Kitabxana fondunda 600-ə yaxın ədəbiyyat vardır. Muzeydə müxtəlif tədbirlərin keçirilməsi üçün akt salonu da vardır. Burada "Heydər Əliyev məktəbi"nin məşğələləri də keçirilir. Muzeylə tanışlıqdan sonra Prezident İlham Əliyev xatirə kitabına ürək sözlərini yazdı.
Sonra dövlətimizin başçısı muzeyin qarşısında şəhər ictimaiyyətinin nümayəndələri ilə söhbət etdi. Azərbaycanın digər bölgələri kimi Mingəçevirin də sürətlə inkişaf etdiyini bildirən Prezident İlham Əliyev dedi ki, bu istiqamətdə işlər davam etdiriləcəkdir.
Şəhər sakini Təhmasib Hüseynov Mingəçevirə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdi.
Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə xatirə şəkli çəkdirdi.

"KÜR" ELEKTRON AVADANLIQLARI İSTEHSALI MMC İLƏ TANIŞLIQ

Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də "KÜR" elektron avadanlıqları istehsalı MMC-nin fəaliyyəti ilə tanış olmuşdur.
Mingəçevirin yeni istehsal müəssisələrindən olan "KÜR" elektron avadanlıqları istehsalı MMC regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində 2005-ci ilin sentyabrında fəaliyyətə başlamışdır. Müəssisədə rəqabətə davamlı yüksək texnologiyalı məhsullar istehsal olunur. Bu məhsullar Mərkəzi və Şərqi Avropa ölkələrinin təşkil etdiyi "Keyfiyyət turnirinin" qalibi olmuş, "Moody İnternational" beynəlxalq agentliyinin İSO 9001:2000 sertifikatına layiq görülmüşdür. Burada istehsal olunan keyfiyyətli məhsullar müxtəlif beynəlxalq sərgilərdə diplomlar almışdır.
Bu müəssisə respublikada ümumtəhsil məktəblərinin kompyuterləşdirilməsində aparıcı rol oynamışdır. Təhsil Nazirliyinin sifarişi ilə 27217 ədəd kompyuter avadanlığı istehsal edilərək ümumtəhsil məktəblərinə verilmişdir. "KÜR" kompyuterləri Moldova və Gürcüstana da ixrac olunur, hazırda Türkmənistanla bu istiqamətdə danışıqlar aparılır.
Müəssisənin istehsalı olan informasiya köşkündə isə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən məlumatlar var. Köşkdəki şəbəkə vasitəsilə Heydər Əliyev Fondunun saytına da daxil olmaq mümkündür.
Dövlətimizin başçısı müəssisənin istehsalat sexi ilə tanış oldu.
Bildirildi ki, konveyrdə gün ərzində 140 kompyuter avadanlığı yığılır. "KÜR" ticarət markası altında 22 konfiqurasiyada, 5 modeldə informasiya köşkləri, 2 modeldə stasionar telefon aparatları da buraxılır. 2005-2008-ci illərdə 29 min ədəddən çox fərdi kompyuter, 127 ədəd informasiya köşkü, 22 min telefon aparatı istehsal edilmişdir.
Hazırda müəssisədə 62 nəfər işləyir. Orta aylıq əmək haqqı 230 manatdır. Azərbaycanda bu qəbildən olan ilk müəssisədə quraşdırılmış avadanlıq Almaniya və İsrail şirkətlərindən alınmışdır. Yığılan kompyuterlər termonəzarət kamerasında müsbət 40 dərəcə temperaturda sınaqdan keçirilir. Testdən uğurla keçən kompyuter 140-250 volt gərginlik intervalında yoxlanılır və qablaşdırılır. İstehsal edilən kompyuterlərə 3 il zəmanət verilir. Bu müddətdə kompyuterlərə həm stasionar, həm də səyyar servis xidmətləri göstərilir.
Prezident İlham Əliyev müəssisənin istehsal etdiyi məhsulların sərgisinə də baxdı. Məlumat verildi ki, hazırda yeni kompyuterlər Multi PC, Mini PC, Multimedia GS istehsal edilir. Bu yaxınlarda fotoköşklərin istehsalına da başlanmışdır. Bu avadanlıq vasitəsilə Azərbaycanda ilk dəfə olaraq müştəri 10x15 sm ölçüdə fotoşəkli tez bir zamanda və kənar müdaxilə olmadan çap etdirə bilər. Avadanlığın hissələri Yaponiya şirkətlərinin istehsalıdır. Bu cür köşklər ilk olaraq Bakı Dövlət Universitetində və Azərbaycan Texniki Universitetində qoyulmuşdur. İnternet xarakterli köşklər də bu zavodda istehsal olunur. İnsanlar müəyyən yerlərdə quraşdırılan bu köşklərdən pulsuz internetdən istifadə edərək, lazımi informasiya ala bilərlər. Köşkdə xüsusi proqramın köməyi ilə kommunal xidmətlərə görə borcların ödənilməsini həyata keçirmək, avtobus və təyyarə reyslərinin cədvəlini öyrənmək, dövlət orqanlarının internet səhifəsindən istifadə etmək olar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə hazırlanan köşklərə daxil olmaqla isə paytaxda və regionlarda vakant iş yerlərinin siyahısı ilə tanış olmaq mümkündür. Müəssisənin Bakıda və Gəncədə ticarət agentləri fəaliyyət göstərir.
Dövlətimizin başçısına səyyar mobil texniki xidmət maşını haqqında da məlumat verildi. Prezident İlham Əliyev müəssisənin işini yüksək qiymətləndirdi.

PREZİDENT İLHAM ƏLİYEV "MİNGƏÇEVİR İZOLİT" ASC-DƏ OLUB

Prezident İlham Əliyev martın 3-də "Mingəçevir İZOLİT" ASC-də olmuşdur. Mingəçevirdə son illər əsaslı şəkildə yenidən qurulmuş müəssisələrdən olan "Mingəçevir İZOLİT" ASC "Azərelektroizolit" zavodunun bazasında yaradılmışdır. Müəssisəyə xammal əsasən Rusiya, Ukrayna və Səudiyyə Ərəbistanından gətirilir. 2008-ci ilin aprelindən tam özəlləşdirilən müəssisədə müxtəlif ölçülü şüşə-plastikdən ümumi təyinatlı borular, elektrotexnikada istifadə edilən xüsusi təyinatlı borular və silindirlər, güc transformatorları üçün izolyatorlar, neft-qaz quyularının qazılmasında və istismarında istifadə olunan müxtəlif təyinatlı borular və digər məhsullar buraxılır.
Hazırda burada 155 nəfər işlə təmin olunmuşdur. Onların orta aylıq əmək haqqı 206 manatdır.
Yaxın gələcəkdə müəssisə tam gücü ilə işləyəndə iş yerlərinin sayı 400-ə çatdırılacaqdır. Müəssisə Rusiya, Qazaxıstan, ABŞ və digər ölkələrin iri müəssisələri üçün yüksək keyfiyyətli məhsul istehsal edir. "Halliburton Enerji Servis" şirkəti müəssisənin istehsal etdiyi boruların Brüsseldə sınağını keçirmiş və müsbət rəyini vermişdir.
Polietilen və polipropilen məhsullar istehsal edən sexdəki avadanlıq Türkiyədən gətirilmişdir. Sexdə istehsal olunan məhsullardan içməli su, qaz və kanalizasiya xətlərinin çəkilişində istifadə edilir. Xammal isə əsasən Koreya Respublikasından alınır.
Yaxın vaxtlarda xarici şirkətlərlə məhsul satışı ilə bağlı müqavilənin imzalanması da planlaşdırılır.
Prezident İlham Əliyev plastik boru istehsalı sexinin işə düşməsini bildirən düyməni basdı, müəssisənin sexlərində işin gedişini izlədi, istehsal olunan məhsulların nümunələrinə baxdı.
Dövlətimizin başçısı regionlarda bu cür müəssisələrin fəaliyyət göstərməsinin əhəmiyyətini vurğuladı, kollektivə uğurlar arzuladı.

"İNTERENERJİ" MİNGƏÇEVİRİN İRİ MÜƏSSİSƏLƏRİNDƏN BİRİDİR

Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində martın 3-də "İnterenerji" MMC-nin fəaliyyəti ilə tanış olmuşdur.
"Azerenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, MDB-də analoqu olmayan bu müəssisə 2006-cı ildən işləyir. Prezident İlham Əliyev müəssisənin sexlərini gəzdi, iş şəraiti ilə yaxından tanış oldu.
Ötən il "İnterenerji" MMC 35 milyon 480 min manat dəyərində tikinti-quraşdırma, 1 milyon 403,5 min manat dəyərində təmir-tikinti işlərini yerinə yetirmişdir. Müəssisənin 1400 işçisi var. Üçnövbəli rejimdə işləyən dəmir-beton məmulatları zavodunda 640 nəfər çalışır. İşçilərin orta aylıq əmək haqqı 460 manatdır. Ötən il 8200 kubmetr dəmir-beton konstruksiyalar, o cümlədən yüksək gərginlikli elektrik ötürmə xətləri üçün dayaqlar istehsal olunmuşdur. Keçən il bu zavodda mexaniki yığma və metal dayaqlar sexi istifadəyə verilmişdir. Müəssisə 10, 220, 400 kilovoltluq elektrik xətləri üçün dəmir-beton dayaqlar istehsalına lazım olan xammalın bir hissəsini Ukrayna və Rusiyadan alır.
Dövlət başçısının tapşırıqlarına əsasən, müsəssisə Azərbaycan İstilik Elektrik Stansiyasında ehtiyat mazut çənləri quraşdırır. Hər birinin tutumu 20 min kubmetr, diametri 40, hündürlüyü 23 metr olan çənlər ölkədə ilk dəfə olaraq bilavasitə yerində quraşdırırlır.
Dövlət başçısı Fransa istehsalı olan yükqaldırıcı maşınlara da baxdı. Əsasən sayğaclaşdırma zamanı istifadə olunan bu maşınlar texniki təhlükəsizlik qaydalarına tam cavab verir.
Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

"RİVER SİDE" MEHMANXANASININ AÇILIŞI OLUB

Prezident İlham Əliyev martın 3-də Mingəçevirdə "River side" mehmanxanasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və mehmanxana ilə tanış oldu. Son illərdə ölkədə turizm sektorunun inkişafı istiqamətində görülmüş işlərin daha bir nümunəsi olan 4 ulduzlu "River side" şəhərin memarlıq ansamblına yaraşıq verir.
Kürün sahilində yerləşən və ümumi sahəsi 7000 kvadratmetr olan beşmərtəbəli binada 30 otaq, 60 nəfərlik konfrans salonu, yay restoranı, 120 nəfərlik restoran, kafe-bar, idman salonu, trenajor və s. var. Turistlərdən ötrü 80 avtomobil üçün nəzərdə tutulan dayanacaq da yaradılmışdır.
Beynəlxalq standartların tətbiq olunduğu bu mehmanxana yüksək xidmət səviyyəsi ilə fərqlənir. Burada turistlərin vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılmış, ovçuluq və balıqçılıq həvəskarlarının da marağı nəzərə alınmışdır.
Mehmanxanada müştərilərə 40 nəfərlik heyət xidmət göstərir.
Qonaqlara Azərbaycan və Avropa mətbəxinin nümunələri təklif olunur. Onlar Kürdə gəmi gəzintisinə də çıxa biləcəklər.
Ölkəmizdə turizm sektorunun inkişafının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev burada görülən işləri yüksək qiymətləndirdi.

MİNGƏÇEVİRDƏ AVROPADA BƏNZƏRİ OLMAYAN AVARÇƏKMƏ BAZASI YARADILIR

Prezident İlham Əliyev martın 3-də Mingəçevirdə "Kür" Olimpiya tədris-idman mərkəzinin tikintisi ilə tanış olmuşdur.
 Bazanın maliyyə smeta layihəsi hazırlandıqdan sonra, 2007-ci ildə tikinti işlərinə başlanmışdır. Tikintidə 240 nəfər çalışır, onlardan 120-si Serbiyadan gəlmişdir. Layihəyə əsasən burada inzibati bina, üzgüçülük hovuzu, gəmini xatırladan 6 mərtəbəli 250 yerlik mehmanxana, idman salonu, avarçəkmə klubu, kotteclər, qüllə, tennis kortu, qayıqların saxlanması üçün ellinq daxildir.
Tikinti işləri tam başa çatdıqdan sonra bazanın ərazisində yüksək səviyyədə quruculuq-abadlıq işləri aparılacaq və istirahət guşələri yaradılacaqdır. Artıq indidən bazadan istifadə etmək barədə xarici ölkələrdən davamlı müraciətlər daxil olur. Ötən il bazanın yardımçı hissəsində avarçəkmə üzrə birinci "Prezident kuboku" beynəlxalq reqatası keçirilmışdır. Bu il martın 22-26-da ikinci reqata keçiriləcəkdir.
Prezident İlham Əliyev hazırda burada məşq edən idmançılarla və onların məşqçiləri ilə söhbət etdi.
Dövlətimizin başçısı mərkəzin tikintisinin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılması barədə tapşırıqlarını verdi.
Bununla da Prezident İlham Əliyevin Mingəçevir şəhərinə səfəri başa çatdı.

Digər xəbərlər