BƏRDƏ MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİ ƏHALİYƏ YÜKSƏK SƏVİYYƏLİ XİDMƏT GÖSTƏRƏCƏK
Martın 2-də Bərdə şəhərində Müalicə-Diaqnostika mərkəzinin açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı mərkəzin kollektivi, səhiyyə işçiləri böyük hörmətlə qarşıladılar.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.
2006-cı ilin martında Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulmuş, müasir memarlıq görkəmi ilə diqqəti cəlb edən bu səhiyyə ocağı regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmişdir. Tikintidə yerli materiallarla yanaşı, Almaniya, İspaniya, Polşa, Türkiyə və digər ölkələrdən gətirilmiş inşaat materiallarından istifadə olunmuşdur. Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda səhiyyənin inkişafı sahəsində gördüyü işləri əks etdirən fotoguşə yaradılmışdır. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verdi ki, 260 nəfərin çalışacağı bu tibb ocağında qəbul, şüa diaqnostikası, hemodializ, anesteziologiya, reanimasiya, konsultativ diaqnostik poliklinika şöbələri, əməliyyat bloku vardır. Hemodializ şöbəsi Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına alınmışdır. Bundan əlavə, mərkəzdə 150 yerlik konfrans salonu, əczaxana fəaliyyət göstərir. Konfrans salonunda quraşdırılmış monitorun köməyi ilə 4 cərrahiyyə otağında aparılan əməliyyatları birbaşa izləmək mümkün olacaqdır. Buradakı avadanlıq Almaniya, Yaponiya və digər inkişaf etmiş ölkələrdən gətirilmişdir. Mərkəzdə tibbi xidmət və müalicə tam pulsuz aparılır. Bütün xərcləri Dövlət Neft Şirkəti ödəyir.
Mərkəzin ayrıca yardımçı stansiyası, qazanxanası, 500 ton tutumu olan su anbarı da vardır. Binada müasir standartlara cavab verən mərkəzləşdirilmiş istilik və havalandırma sistemləri, habelə ABŞ-ın "OTİS" firmasının istehsalı olan 3 ədəd sürətli lift quraşdırılmışdır.
Xəstələrin qidalanmalarına da xüsusi diqqət yetirilir. İki yeməkxanada eyni vaxtda 54 nəfərin qidalanması mümkündür.
Binanın həyətində 6000 kvadratmetr sahədə yaşıllaşdırma işləri aparılmış, müxtəlif ağac və gül kolları əkilmişdir.
Yeni səhiyyə ocağı Bərdə ilə yanaşı, Ağcabədi, Tərtər, Yevlax, Goranboy, Beyləqan, Ağdam və digər rayonların əhalisinə də xidmət göstərəcəkdir.
Prezident İlham Əliyev ayrı-ayrı mərtəbələrdə yerləşən şöbələri, palataları gəzdi, yeməkxanaya, şüa diaqnostikası şöbəsindəki kompyuter tomoqrafiyası və rentgen otağında rəqəmsal müayinə aparatlarına baxdı.
Dövlət başçısı reanimasiya şöbəsi, intensiv terapiya palatası ilə də tanış oldu.
Anesteziologiya və reanimasiya şöbələri, əməliyyat otaqları ilə tanışlıq zamanı bildirildi ki, burada quraşdırılmış müasir avada Prezident İlham Əliyev mərkəzin kollektivi ilə görüşdü və açılış münasibətilə ən xoş arzularını bildirdi: "Sizi bu gözəl Müalicə-Diaqnostika Mərkəzinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Çox gözəl binadır, həm xarici gözəlliyi ilə fərqlənir, həm də ki, burada ən yüksək tibbi xidmət göstərilməlidir. Əminəm ki, bu mərkəz həm Bərdə sakinlərinə, həm də qonşu rayonlarda yaşayan insanlara ən yüksək səviyyədə xidmət göstərəcəkdir. Burada ən gözəl avadanlıq quraşdırılıb, bunlar dünyanın ən qabaqcıl firmalarının məhsulu olan avadanlıqdır. İndi əsas vəzifə ondan ibarətdir ki, burada işləyən kadrlar o avadanlıqda işləyə bilsinlər, öz bilik səviyyəsini qaldırsınlar. Bir daha demək istəyirəm ki, burada həm Bərdə əhalisi üçün, həm də ki, bütün bu bölgədə yaşayan insanlar üçün ən yüksək tibbi xidmət göstərilməlidir."
Əməkdar həkim Zeynəb Əliyeva göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi: "Sizin fəaliyyətinizin əsasını insan amili, insanlara qayğı təşkil edir. Bunu Qarabağ camaatının hamısı öz üzərində hiss etmişdir və edir. Siz camaatın sağlamlığı keşiyində durursunuz. Bunun da bariz nümunəsi bu gün istifadəyə verdiyimiz bu diaqnostika mərkəzidir. Qarabağ camaatının bu diaqnostika mərkəzinə çox böyük ehtiyacı vardı. Bu ehtiyacı aradan qaldırdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Əvvəllər insanlar müalicə üçün uzaq yol keçib, böyük şəhərlərə getməli olurdular. Artıq indi bunlar olmayacaqdır. Bu da Sizin diqqətiniz sayəsində mümkün olub və buna görə Sizə ürəkdən minnətdarıq.
Möhtərəm cənab Prezident, Siz həmişə demisiniz ki, "mən hər bir azərbaycanlının Prezidenti olacağam". Bu sözlər bizim ürəyimizdə qürur hissi doğurur. Sizin hər bir fəaliyyətinizdə biz bunun şahidiyik. Sizinlə fəxr edirik, Sizinlə qürur duyuruq, ona görə ki, Siz sözü bütöv, vədinə əməl edən bir rəhbərsiniz."
TARİX-DİYARŞÜNASLIQ MUZEYİNİN AÇILIŞI
Martın 2-də Bərdə şəhərində Tarix-diyarşünaslıq muzeyinin açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı muzeyin açılışını bildirən lenti kəsdi. Muzeylə tanış olan Prezidentə məlumat verildi ki, 2008-ci ilin sentyabrında başlanılmış tikinti işləri qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılmışdır. İki salonda Bərdənin qədim tarixini, mədəniyyətini əks etdirən eksponatlar, o cümlədən qədim Bərdənin maketi, binanın özülü qazılarkən tapılan əşyalar nümayiş etdirilir.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, muzeyin kollektivinə uğurlar arzuladı.
BƏRDƏDƏ MUSİQİ MƏKTƏBİ İSTİFADƏYƏ VERİLİB
Martın 2-də Prezident İlham Əliyev Bərdə şəhərində musiqi məktəbinin binasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu. Prezident İlham Əliyevin göstərişi və Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən 400 şagird yerlik dördmərtəbəli binada inşa-tərtibat işləri səkkiz aya başa çatdırılmışdır. Bu, Bərdə rayonunda 7-ci musiqi məktəbidir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənətə diqqət və qayğısını əks etdirən guşəyə maraqla baxdılar.
37 otaqdan ibarət məktəbdə uşaqlar tar, kamança, fortepiano, skripka, nağara, qarmon, saz və sair alətlərdə ifaçılığı öyrənəcəklər.
Dövlətimizin başçısı lazımi avadanlıq və əyani vəsaitlərlə təmin edilmiş nəzəriyyə və musiqi ədəbiyyatı otaqlarına baxdı, akt salonunda gənc xanəndələrin ifasında "Heyratı" muğamını dinlədi.
Prezident İlham Əliyev uşaqların ifasını yüksək qiymətləndirdi, məktəbin kollektivinə və şagirdlərə uğurlar arzuladı.
YENİ AZƏRBAYCAN PARTİYASIBƏRDƏ RAYONTƏŞKİLATININ BİNASI İLƏ TANIŞLIQ
Martın 2-də Prezident İlham Əliyev Bərdəyə səfəri çərçivəsində Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının binası ilə tanış olmuşdur. Ümumi sahəsi 506,8 kvadratmetr olan ikimərtəbəli binanın lazımi avadanlıqla təmin edilmiş iş otaqları və konfrans salonu vardır. Bina ilə tanış olan Prezident İlham Əliyev burada yaradılmış şəraitdən razılığını bildirdi.
AZƏRBAYCAN PREZİDENTİ DAXİLİ QOŞUNLARIN "N" HƏRBİ HİSSƏSİNDƏ OLUB
Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində martın 2-də Daxili Qoşunların "N" hərbi hissəsi üçün inşa olunmuş şəhərcikdə olmuşdur.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ali baş komandana raport verdi.
Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə yaxından tanış oldu, hərbi xidmətin yüksək səviyyədə təşkili üçün tövsiyələrini verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Bərdəyə səfərini başa çatdıraraq, martın 2-də Yevlax şəhərinə gəlmişdir.
Son beş ildə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində Yevlaxda da mühüm işlər görülmüşdür. Şəhərdə abadlıq-quruculuq, tikinti işləri aparılmış, infrastrukturun yaxşılaşdırılması, sosial problemlərin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilmişdir. Bu dövrdə ümumi daxili məhsulun həcmi 344,1 milyon manat olmuş, bunda özəl sektorun payı 93,7 faiz təşkil etmişdir. Ötən illər ərzində Yevlaxda rəqabətədavamlı məhsul buraxan iri istehsal müəssisələri yaradılmışdır. 2008-ci ildə istehsal edilmiş 12 milyon 300 min manatlıq sənaye məhsulunun 6,6 milyon manatlığı ixrac olunmuşdur. 67 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Son beş ildə 12 mindən çox, o cümlədən 6272 daimi iş yeri açılmışdır. 2008-ci ildə bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 151,9 milyon manat olmuşdur. 2004-2008-ci illərdə 954 layihə həyata keçirilmiş, əhalinin təbii qaz və elektrik enerjisinə olan tələbatını ödəmək istiqamətində mühüm işlər görülmüş, təhsil və səhiyyə obyektləri tikilmişdir.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoydular.
Parkda Azərbaycanın dövlət bayrağı ucaldılmışdır.
Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev parkda aparılmış yenidənqurma və bərpa işləri haqqında məlumat verərək bildirdi ki, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.
UŞAQ XƏSTƏXANASININ AÇILIŞI
Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Yevlax şəhərində uşaq xəstəxanasının açılışında iştirak etmişdir.
Xəstəxananın kollektivi dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladı.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və xəstəxana ilə tanış oldu.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, smeta dəyəri 4 milyon manata yaxın olan xəstəxana kompleksi dövlət vəsaiti hesabına tikilmişdir. Kompleks üçmərtəbəli əsas korpusdan, yoluxucu xəstəliklər korpusundan və yardımçı binalardan ibarətdir.
Əsas korpusun sahəsi 2976 kavdratmetrdir. Burada 86 otaq vardır. 760 kvadratmetr sahəsi olan yoluxucu xəstəliklər korpusunda isə 33 otaq yerləşir.
Xəstəxananın mərkəzləşdirilmiş istilik sistemi var.
Uşaq xəstəxanası poliklinika, qəbul, reanimasiya, somatik və laboratoriya şöbələrindən ibarətdir.
Burada ən müasir rentgen, ultrasəs müayinə aparatları quraşdırılmış, göz və burun-boğaz xəstəlikləri, cərrahiyyə, stomatoloji kabinetlər yaradılmışdır.
Dövlətimizin başçısı və xanımı peyvənd otağı, ultrasəs müayinəsi, rentgen, kardioloji kabinetlərə, oyun zalına, palatalara baxdılar.
Prezident İlham Əliyev tibb işçilərinə xəstəxanada uğurlu fəaliyyət arzulayaraq dedi ki, gözəl xəstəxanadır, həm uşaqların müalicəsi üçün çox gözəl şərait yaradılıb, həm də həkimlər üçün iş şəraiti çox yaxşıdır. Sizi təbrik edirəm və arzulayıram ki, burada siz uşaqlara yaxşı baxasınız, onları yaxşı müalicə edəsiniz.
Həkim Kəmalə Məmmədova kollektiv adından minnətdarlıq edərək dedi: "Burada şəhərimizin 53 min balaca sakininə xidmət göstərmək üçün, eyni zamanda, qan xəstəliklərinin, infeksion xəstəliklərin müalicəsi üçün lazım olan tibbi şərait yox idi. Elə bu səbəbdən də valideynlər öz xəstə uşaqlarını müalicə etdirmək üçün Bakıya, digər şəhərlərə üz tutmaq məcburiyyətində qalırdılar. İndi isə Sizin diqqət və qayğınız sayəsində ucaldılan möhtəşəm sağlamlıq ocağı bu və ya digər xəstəliklərin müalicəsinə ən böyük töhfəsini verəcəkdir.
Bizim xəstəxananın məhz "Uşaq ili" elan olunan 2009-cu ildə istifadəyə verilməsi körpələr üçün, balacalar üçün ən böyük töhfədir. 2008-ci ildə doğulan uşaqların sayı 2089 nəfər olmuşdur. Bu, 2003-cü illə müqayisədə iki dəfə artıqdır. Şəhərimizin azyaşlı sakinləri ən müasir avadanlıqla təchiz olunmuş bu xəstəxanada ən yüksək tibbi xidmət ala biləcəklər. Bu isə Sizin müasir Azərbaycanın xoşbəxt, sağlam gələcəyi naminə gördüyünüz işlərin bariz nümunəsidir. Möhtərəm Prezidentimiz, bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, əzizimiz, sevimlimiz Mehriban xanım Əliyevanın burada iştirakından istifadə edərək, ölkəmizdə ana və uşaqların sağlamlığına göstərdiyi qayğıya, himayədarlığa görə ona dərin minnətdarlığımızı, ən xoş arzularımızı çatdırırıq.
Möhtərəm Prezident, 2007-ci ilin oktyabr ayında Yevlaxa səfəriniz zamanı şəhərimiz haqqında dediyiniz sözlər heç vaxt yaddaşımızdan silinməyəcəkdir. Siz Yevlaxın Azərbaycanın ən inkişaf etmiş şəhərləri sırasında olduğunu demişdiniz. Həqiqətən də, Sizin sayənizdə şəhərimiz günü-gündən gözəlləşir, simasını dəyişir. Bizim şəraitimiz də günü-gündən yaxşılaşır. Buna görə, belə gözəl, abad, yaraşıqlı şəhərimizə görə Sizə dərin minnətdarlığımızı bildiririk."