PDF Oxu

Siyasət

  • 5

“E-elm” layihəsinə həsr olunmuş seminar keçirildi

“E-elm” layihəsinə həsr olunmuş seminar keçirildi
Qloballaşma proseslərinin geniş vüsət aldığı, informasiya cəmiyyəti quruculuğu sahəsində məqsədyönlü işlərin aparıldığı çağdaş dövrdə müasir informasiya texnologiyalarının tətbiqi ilə ölkədə elmi fəaliyyətin elektron mühitə gətirilməsi, elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılması, o cümlədən, Azərbaycan elminin beynəlxalq elmi aləmə inteqrasiyası üçün "Elektron elm" proqramının hazırlanması zəruri məsələlərdəndir.
Prezident İlham Əliyevin respublikanın elmi qurumlarının strukturunun müəyyənləşdirilməsi, elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi proseslərini sürətləndirmək məqsədi ilə imzaladığı "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamı, "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" ("Elektron Azərbaycan") "E-elm" konsepsiyasının işlənməsi və həyata keçirilməsi məsələlərini aktuallaşdırmışdır.
Akademik İ.İbrahimov "Elektron-elm" konsepsiyasının yaradılmasının siyasi-ideoloji, elmi və iqtisadi baxımdan əhəmiyyətindən danışaraq, konsepsiyadan irəli gələn vəzifələr və onların həyata keçirilməsi ilə bağlı fikirlərini bildirdi.
İnstitutun direktoru, "E-elm" proqramı layihəsinin məsul icraçısı, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev bildirdi ki, ölkə vətəndaşlarının formalaşmaqda olan informasiya cəmiyyətinə keçidi, informasiyaya azad çıxış hüququnun təmini və s. məqsədlərini daşıyan "E-Azərbaycan" DP-nin başlıca vəzifələrindən biri də vahid milli elmi informasiya məkanının yaradılması və inkişaf etdirilməsidir. Bu nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edən "E-elm" konsepsiyasının yaradılması və həyata keçirilməsinin perspektivlərindən danışan alim dünyada e-elmlə bağlı müxtəlif yanaşmaların, standartların və dövlət proqramlarının mövcud olduğunu bildirdi. ABŞ, Yaponiya, Almaniya, Rusiya, İngiltərə, Moldova kimi xarici ölkələrin bu sahədə təcrübəsinin öyrənildiyini söylədi.
Alim elmi fəaliyyətin ümumdünya elektron informasiya məkanına inteqrasiya olunması ilə intellektual mülkiyyətin, müəlliflik hüquqlarının qorunması, plagiatlığın qarşısının alınması, bu sahədə təhlükəsizliyin təmini və s. problemlərə də toxundu. Bu məsələlərin aktuallığını qeyd edən professor hazırda bütün dünyada bu problemlərin aradan qaldırılması üçün vəziyyətdən çıxış yolunun axtarılması istiqamətində ciddi işlərin aparıldığını bildirdi.
Alim AMEA prezidenti akademik Mahmud Kərimovun rəhbərliyi altında hazırlanan "E-elm" konsepsiyasından irəli gələn vəzifələrin əsas tutularaq, cari ildə fəaliyyət planının işlənməsi barədə qərar qəbul edildiyini və müvafiq şöbələrə tapşırıqlar verildiyini qeyd etdi. İnstitut direktoru İKT-nin tətbiqi vəziyyətini araşdırmaq və mövcud vəziyyəti qiymətləndirmək üçün monitorinqin aparılması haqqında da məlumat verdi. O, hazırda təşkilatlardan daxil olan materialların araşdırıldığını söylədi. Sorğu anketində hər bir elmi təşkilatda kompüter avadanlıqlarının, İnternet istifadəçilərinin sayı, təşkilatın İnternetə çıxış sürəti, on-line rejimdə birgə elmi araşdırma aparmaq üçün xüsusi olaraq istehsal olunmuş qurğular, aparatlar, kompüterlər, eksperimental və ixtisaslaşdırılmış laboratoriyaların, təşkilatdaxili şəbəkənin, təşkilatın veb-saytının, e-kitabxanasının mövcudluğu, elmi araşdırmaların aparılmasında və alınmış nəticələrin təhlilində informasiya texnologiyalarından istifadə, digər idarə və təşkilatlarla elmi yaradıcılıq əlaqələrinin, təşkilatda informasiya texnologiyalarının tətbiqi ilə bilavasitə məşğul olan struktur bölmə və ya mütəxəssislərin mövcudluğu və s. məsələlər öz əksini tapmışdır.
İnstitutun sektor müdiri Məkrufə Hacırəhimova İKT-nin elmi nəticələrin geniş yayılmasında həm elmi-təhsil müəssisələri, həm də ayrı-ayrı fərdlər üçün daha böyük imkanlar yaratdığını bildirərək, artıq bir çox ölkələrdə elmi fəaliyyətlə məşğul olan elmi-tədqiqat müəssisələrinin öz elmi məhsullarının arxivlərini yaratdığını söylədi. Elmi-texniki informasiyanın elm, təhsil və istehsalatda aparıcı rol oynadığını qeyd edən sektor müdiri, ilk növbədə, informasiya resurslarının (fondların, arxivlərin) yaradılması və elmi-texniki informasiyalara azad və operativ çıxışın təmin edilməsinin mühüm məsələlərdən olduğunu bildirdi. Seminarda yekun olaraq yeni nəzəri və tətbiqi biliklərin əldə edilməsi proseslərini sürətləndirəcək, biliklər iqtisadiyyatının inkişafına təkan verəcək, vətəndaşların ən yeni elmi informasiyaya əlyetərliyini təmin edəcək "E-elm" layihəsinin işlənməsi və reallaşdırılması ilə bağlı institutun müvafiq şöbələrinə tapşırıqlar verildi.

Digər xəbərlər