Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir
Azərbaycan Prezidenti İlham Əliyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəsmi açılış mərasimində iştirak etmişdir. Mərasimdə Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti də iştirak etmişdir.
Azərbaycan dövlətinin başçısı bu əlamətdar hadisə münasibətilə filialın müəllimlərini və tələbələrini səmimi təbrik etmişdir. O demişdir ki, filialın açılması "ölkələrimiz arasında münasibətlərin və humanitar sahədə əməkdaşlığın səviyyəsinin daha bir göstəricisidir".
Sergey Narışkin Rusiyanın dünya şöhrətli ali məktəbinin Bakıda filialının açılmasını "xüsusən 2009-cu ilin MDB-də Gənclər ili elan edilməsi baxımından həm Rusiya, həm Azərbaycan, həm də bütövlükdə MDB üçün mühüm hadisə" adlandırmışdır. O, Azərbaycan Prezidentinə ölkədə rus dilinin qorunmasına və inkişafına göstərdiyi diqqətə görə təşəkkürünü bildirmişdir. M.V.Lomonosov adına MDU-nun rektoru Viktor Sadovniçi isə demişdir ki, Moskva Universiteti Azərbaycan dövlətinin başçısının təhsilin inkişafına yönəlmiş səylərini yüksək qiymətləndirir.