İlham Əliyev: “Azərbaycan ümumi işin xeyrinə olan qərarların tərəfdarıdır”
Bu il yanvarın 30-da Davos İqtisadi Forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının "CNN" telekanalına müsahibə vermişdi.
"CNN" telekanalı fevralın 27-də "Yaxın Şərq ticarət məkanı" verilişində həmin müsahibənin bir hissəsini yayımlamışdır. Prezident İlham Əliyevin "CNN" telekanalına verdiyi müsahibədə dünya maliyyə və iqtisadi böhranı, o cümlədən beynəlxalq neft bazarı və Azərbaycanın bu bazarda rolu məsələləri də diqqət mərkəzində olmuşdur.
Prezident İlham Əliyev xam neftin 1 barrelinin, yəni 159 litrinin satış qiymətinin 100 dollar olmasının daha düzgün və sərfəli hesab etdiyini əsaslandırmışdır. Dövlət başçısı bu qiymətin istər istehsalçılar, istərsə də istehlakçılar üçün ən məqbul qiymət olduğunu vurğulamış, məhz bu qiymətin neft sektorunun daha da inkişafı üçün sərmayə qoyulmasına hərtərəfli imkanlar yaratdığını bildirmişdir.
Müsahibədə Prezident İlham Əliyevin neftin 1 barrelinin 100 dollara satılacağı təqdirdə hasilatçı ölkələrin "qara qızıl"ı insan kapitalına çevirmək imkanı qazanmalarını xüsusi vurğulaması və bunun Azərbaycan dövlətinin siyasətinin başlıca hədəflərindən biri olmasını açıqlaması da böyük rəğbətlə qarşılanmışdır. Prezident İlham Əliyev "CNN"-in müxbirinin sualının cavabında neft və qaz sektorundan gələn gəlirin böyük bir hissəsini qeyri-neft sektoruna yönəltməklə Azərbaycanın ölkə iqtisadiyyatını şaxələndirdiyini, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına xüsusi diqqət yetirdiyini söyləmişdir.
Azərbaycanın dövlət başçısı, həmçinin OPEK-lə bu quruma üzv olmayan, böyük miqdarda neft hasil edən digər ölkələr arasında hasilatla bağlı məsələlərdə sıx əməkdaşlıq edilməsinin, istehsalçı, istehlakçı və tranzit ölkələrin maraqlarının ədalətli şəkildə uzlaşdırılmasının vacibliyini vurğulamış və bunun dünya iqtisadiyyatının dayanıqlı inkişafı üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Prezident İlham Əliyev enerji daşıyıcılarının Avropaya nəqli məsələsində Azərbaycanın yalnız ümumi işin xeyrinə olan, bütün tərəflərin, o cümlədən ölkəmizin də milli maraqlarına cavab verən qərarların tərəfdarı olduğunu vurğulamışdır.
Müsahibədə enerji daşıyıcıları bazarı ilə bağlı Azərbaycanın nümunəvi xarakter daşıyan siyasətinin fəlsəfəsi hərtərəfli əksini tapmışdır.