Prezident İlham Əliyev Abdullah Gülə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev "Türk Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsinin Amsterdam şəhərinin beynəlxalq hava limanında qəzaya uğraması ilə bağlı Türkiyə prezidenti Abdullah Gülə başsağlığı məktubu göndərib. Prezident başsağlığı məktubunda insan tələfatı ilə nəticələnən qəza xəbərindən çox kədərləndiyini bildirib: "Hörmətli cənab Prezident, "Türk Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsinin Amsterdam şəhərinin beynəlxalq hava limanında qəzaya uğraması və insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!"