İlham Əliyev: “Son beş ildə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artıb”
Bakının "Gülüstan" sarayında "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" icrasının yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə foyedə açılmış və ötən beş il ərzində bölgələrdə istifadəyə verilmiş, yerli şirkətlərə məxsus müəssisələrdə istehsal edilən müxtəlif növ məhsullardan ibarət sərgi ilə tanış oldu, Heydər Əliyev Fondunun, rabitə və informasiya texnologiyaları, mədəniyyət və turizm, gənclər və idman, nəqliyyat nazirliklərinin, "Azərenerji", "Azəriqaz", "Azərsu" səhmdar cəmiyyətlərinin və digər qurumların stendlərinə baxdı.
Prezident İlham Əliyevə məlumat verildi ki, Abşeron iqtisadi rayonunda sənaye və aqrar-sənaye kompleksi əsas iqtisadi potensialı təşkil edir. Ötən beş ildə iqtisadi rayonda ümumi məhsul istehsalının həcmi 2 milyon 885 min manatdan çox olmuş, 1565 yeni müəssisə yaradılmışdır. Bu müddətdə 49 min 386 yeni iş yeri yaradılmış, 16 yeni məktəb binası, 11 səhiyyə ocağı istifadəyə verilmişdir.
Dağlıq Şirvan iqtisadi rayonunda kənd təsərrüfatı, xalq sənətkarlığı, sənaye və turizm əsas yer tutur. Bu sahələrin hər birinin inkişafına xüsusi diqqət yetirilmişdir. Ümumi məhsul istehsalının 1 milyon 140 min manatlıqdan çox olduğu iqtisadi rayonda 350 yeni istehsal müəssisəsi yaradılmış, 21 min 332 yeni iş yeri açılmışdır.
Şəki-Zaqatala iqtisadi rayonunda əsas diqqət ixrac qabiliyyətli məhsulların istehsalına yönəldilmişdir. Bu rayonda əsas sahələr kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi turizmdir. Ötən beş ildə ümumi məhsul istehsalının həcmi 2 milyon 520 min manatdan çox olmuş, 879 yeni müəssisə istifadəyə verilmiş, 40 min 509 yeni iş yeri yaradılmışdır.
Quba-Xaçmaz iqtisadi rayonu da ölkənin sosial-iqtisadi inkişafına layiqli töhfə vermişdir. Bu iqtisadi rayonda da yeni istehsal sahələri yaradılmış, iş yerləri açılmış, iqtisadi inkişaf sürətlənmişdir. İqtisadi rayon üzrə 2 milyon 787 min manatlıqdan çox məhsul istehsal olunmuş, 43 min 736 yeni iş yeri açılmış, 644 yeni müəssisə yaradılmışdır.
Gəncə-Qazax iqtisadi rayonu üzrə əsas iqtisadi göstəricilər kənd təsərrüfatı, xalq sənətkarlığı, sənaye, turizm və digər sahələrlə bağlıdır. İqtisadi rayon üzrə ümumi məhsul istehsalının həcmi 5 milyon 49 min manatdan çox olmuş, 1458 yeni müəssisə yaradılmış, 96 min 977 yeni iş yeri açılmışdır.
Lənkəran iqtisadi rayonunda əsas istehsal sahələrini aqrar-sənaye kompleksi, turizm təşkil etmişdir. İqtisadi rayon üzrə 2 milyon 458 min manatlıqdan çox məhsul istehsal olunmuş, 1082 müəssisə açılmış, 71 min 644 yeni iş yeri yaradılmışdır.
Naxçıvan Muxtar Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində mühüm işlər görülmüş, sənaye, kənd təsərrüfatı, xalq sənətkarlığı və digər sahələrdə yüksək nəticələr əldə edilmişdir. Ötən dövrdə ümumi məhsul istehsalının həcmi 3 milyon 345 min manatdan çox olmuş, 1236 yeni müəssisə yaradılmış, 37 min 73 yeni iş yeri açılmışdır.
Yuxarı Qarabağ iqtisadi rayonunda ümumi məhsul istehsalında kənd təsərrüfatı, sənaye və turizm sektorları üstünlük təşkil etmiş, 8 milyon 340 min manatlıqdan çox məhsul istehsal olunmuşdur. Rayonda 555 yeni müəssisə, 17 min 241 yeni iş yeri yaradılmışdır.
Aran iqtisadi rayonu da Dövlət proqramının həyata keçirilməsində uğurlar qazanmışdır. Bu iqtisadi rayona daxil olan bölgələrdə iqtisadiyyatın əsas sahələrini kənd təsərrüfatı, sənaye, o cümlədən neft və qaz, tikinti materialları istehsalı təşkil etmişdir. Bu rayonda ümumi məhsul istehsalının həcmi 8 milyon 878 min manat olmuş, 2982 yeni müəssisə yaradılmış, 169 min 628 yeni iş yeri açılmışdır.
Dövlət başçısına neft və energetika, tikinti və tikinti materialları, yüngül sənaye, qida, turizm, səhiyyə, kənd təsərrüfatı, elektrotexnika, kompyuter texnikası, rabitə, məişət avadanlığı, şərabçılıq sektorlarında yeni yaradılmış müəssisələrin məhsulları barədə ətraflı məlumat verildi. Bildirildi ki, bu məhsullar həm daxili bazara çıxarılır, həm də ixrac edilir.
Prezident İlham Əliyev sərgidəki eksponatları yüksək qiymətləndirərək, keyfiyyətli məhsul istehsalını artırmağın, xarici bazarda, xüsusilə də Avropa bazarında möhkəmlənməyin vacibliyini vurğuladı. Dövlətimizin başçısı dedi ki, gələcəkdə ölkəmizdə sahibkarlığın, özəl sektorun inkişafına diqqət və qayğı daha da artırılacaqdır.
Sonra konfrans başlandı.
Konfransda ölkənin müxtəlif regionlarından 600-dək iş adamı, beynəlxalq maliyyə təşkilatlarının Azərbaycanda təmsil olunan nümayəndələri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak edirdilər. Salona toplaşanlar Prezident İlham Əliyevi alqışlarla qarşıladılar.
Dövlətimizin başçısı konfransı giriş nitqi ilə açdı:
"Beş il bundan əvvəl "Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. 2004-cü ilin fevral ayında proqramın icrası başlanmışdır. Bu gün böyük məmnunluq hissi ilə deyə bilərəm ki, proqram vaxtından əvvəl və daha da böyük həcmdə icra olundu. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı məsələləri diqqət mərkəzində dayanırdı. Bu gün də belədir. Ancaq beş il ərzində keçdiyimiz yol bu gün deməyə əsas verir ki, bölgələrin bir sıra problemləri öz həllini tapmışdır. 2004-cü ildə qeyri-neft sektorunun inkişafına nail olmaq əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Yəni, bölgələrdə müasir güclü infrastruktur, yeni müəssisələr yaradılsın, iş yerləri açılsın ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin. Hər bir ölkənin inkişafı üçün bu, çox böyük əhəmiyyət kəsb edir. İlk növbədə, təbii resurslarla zəngin olan ölkələrdə qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət kəsb edir."
Dövlət başçısı vurğulayıb ki, regionların inkişafı bir tərəfdən güclü infrastrukturun yaradılmasına, iş yerlərinin açılmasına xidmət göstərir, bir növ miqrasiya meyillərinin qarşısını alır. Digər tərəfdən, müasir, yeni infrastrukturun yaradılması yeni müəssisələrin yaradılmasına xidmət göstərir: "Nəzərə alsaq ki, Azərbaycan dövləti son beş il ərzində bölgələrə çox böyük sərmayə qoyubdur, bununla bərabər, özəl sektorun inkişafı üçün böyük həcmdə kreditlər, güzəştli şərtlərlə kreditlər ayrılmışdır, sahibkarlığın inkişafına böyük dəstək verilmişdir. Həm mənəvi dəstək, həm siyasi, həm də maddi dəstək. Yəni bütün bu amillər birləşəndə, əlbəttə ki, uğura nail olmaq mümkündür və Azərbaycanın son beş il ərzində keçdiyi yol bunun əyani sübutudur. Təkcə bir neçə statistik rəqəmə fikir vermək kifayətdir ki, biz proqramın nə dərəcədə böyük əhəmiyyəti olduğunu görək. Son beş ildə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmışdır, adambaşına düşən gəlir 5500 dollara çatmışdır. Azərbaycanda sənaye istehsalı 2,5 dəfə artmışdır və sənayeləşmə prosesi çox geniş vüsət almışdır. Bunun nəticəsində 766 min yeni iş yeri açılmışdır ki, onlardan da 547 mini daimi iş yeridir. Bunun nəticəsində yoxsulluğun səviyyəsi kəskin şəkildə azalmış, 49 faizdən 13,2 faizə düşmüşdür."
Prezident İlham əliyev qeyd edib ki, Azərbaycanda aparılan uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində ölkəmizin büdcə xərclərimiz 12 dəfədən çox artmışdır: "İndi valyuta ehtiyatlarımız 18 milyard dollardan çoxdur və bu, əlbəttə, bizə əlavə əminlik verir və imkan verir ki, gələcəyə də çox böyük nikbinliklə baxaq. Yəni bu statistik göstəricilər özlüyündə göstərir ki, son beş il ərzində biz, həqiqətən, böyük və uğurlu yol keçmişik. Bunun nəticələrini təkcə rəqəmlərdə yox, eyni zamanda, şəhərlərimizin dəyişən simasında görürük, abadlaşan şəhərlərdə, kəndlərdə, çəkilən yollarda, tikilən infrastruktur obyektlərində görürük. Bu, indi bizə imkan verir və gələcəkdə də verəcək ki, biz öz ciddi siyasi və iqtisadi islahatları daha da sürətlə aparaq, Azərbaycanın müasirləşməsi istiqamətində daha da ciddi addımlar atılsın. Nəticə etibarilə bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir ki, Azərbaycanda bütün meyarlar dünyanın ən qabaqcıl, inkişaf etmiş ölkələrinin səviyyəsinə çatsın."
Dövlətimizin başçısı bildirib ki, bu gün Azərbaycanda konkret proqramla təmin olunmayan sahə yoxdur. Qəbul edilmiş bütün proqramlar konkret xarakter daşıyır. Onlar sadəcə olaraq, şüar, təbliğat naminə qəbul edilmir. Hər bir proqramın konkret icra mexanizmləri, konkret maliyyə bazası var və bütün texniki imkanlar var: "Son beş il ərzində biz öz texniki imkanlarımızı əhəmiyyətli dərəcədə möhkəmləndirə bilmişik. Bu gün Azərbaycanda istənilən tikinti layihəsi daxili resurslar hesabına icra oluna bilər. Əgər əvvəlki illərdə Azərbaycanda çox böyük tikinti-quraşdırma layihələrinin icrası üçün daha çox xarici firmalara üz tuturduqsa, bu gün yerli şirkətlər öz peşəkarlığını nümayiş etdirirlər. Bu da imkan verir ki, işlərin tam əksəriyyəti Azərbaycan şirkətləri tərəfindən icra olunsun, büdcədən xərclənən vəsait Azərbaycanda qalsın və Azərbaycan şirkətləri, Azərbaycan vətəndaşları bundan bəhrələnsinlər."
Prezident İlham Əliyev əminliklə vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı artıq oturuşmuş iqtisadiyyatdır və dünyanı bürümüş maliyyə və iqtisadi böhran zamanı Azərbaycanda bu, çox az hiss olunur: "Biz elə etməliyik ki, böhranın ola biləcək mənfi təsirini maksimum dərəcədə azaldaq və mən şübhə etmirəm ki, buna nail olacağıq.
İndi Azərbaycan iqtisadiyyatının inkişaf potensialı çox böyükdür. Azərbaycan iqtisadiyyatına çox böyük təkan verilmişdir və o, bu gün də davam etdirilir."
Bütün bunlar növbəti illərdə iqtisadiyyatımızın daha da şaxələndirilməsinə gətirib çıxaracaq. Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, neft-qaz amilindən asılılıq daha da aşağı düşəcək. Beləliklə, ölkə öz inkişafını uğurla davam etdirəcək və Azərbaycan xalqı bundan sonra daha da yaxşı yaşayacaq: "Bu da 2004-cü ilin əvvəlində qarşıya qoyduğumuz ən vacib məqsədlərdən biri idi. Bizim bütün işlərimiz, proqramlarımız, tədbirlərimiz ilk növbədə, Azərbaycan xalqının daha da yaxşı yaşamasına yönəldilməlidir və yoxsulluğun səviyyəsinin aşağı düşməsinin dinamikası bunu çox aydın göstərir."