Konstitusiya islahatları qanunvericiliyimizin təkmilləşməsinə xidmət edir
Layihəsi ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanmış müstəqil dövlətimizin ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilmişdir. Müstəqil və suveren Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi Azərbaycanın dövlət və hüquq tarixində xüsusi yer tutan mühüm hadisələrdən biridir. Milli hüquq sistemi və qanunvericiliyin inkişafında konstitusiyanın əhəmiyyəti əvəzsizdir.
Mürəkkəb keçid dövründə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası yeni iqtisadi-siyasi proseslərin sabitləşdirilməsinin vacib amillərindəndir.
Konstitusiyanın mətni çox yığcamdır, lakin onun hər bir müddəası Azərbaycan Respublikasının müxtəlif qanunlarında öz ətraflı əksini tapmaqla, dərin məzmuna malikdir. Konstitusiyanın müddəaları beynəlxalq hüququn hamılıqla tanınmış normalarına, Azərbaycan xalqının mənəvi dəyərlərinə əsaslanır.
Azərbaycan Respublikasının beynəlxalq hüququn subyekti kimi tanınması, ictimai həyatın bütün sahələrində köklü iqtisadi-siyasi, o cümlədən hüquqi islahatların aparılması zərurəti yeni Konstitusiyanın qəbul edilməsini şərtləndirən başlıca amillərdən olmuşdur.
Müstəqil dövlətimizin ilk Konstitusiyası siyasi-iqtisadi, sosial-mədəni həyatda baş verən keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir. Konstitusiyada hakimiyyətin bölünməsi prinsipinin təsbit edilməsi, ayrı-ayrılıqda qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyətlərinin və yerli özünüidarəetmə orqanlarının statusunun müəyyən edilməsi ölkəmizin inkişaf etmiş demoktarik dövlətlərlə addımlamasını səciyyələndirən başlıca xüsusiyyətlərdir.
Cəmiyyət inkişaf etdikcə meydana çıxan yeni ictimai münasibətlər özünün hüquq normaları əsasında tənzimlənməsini tələb edir. Belə münasibətlərin hüquqi tənzimlənməsi bir qayda olaraq, qanunların qəbulunu edilir. Bəzən bu konstitusiyaya əlavələrin və dəyişikliklərin edilməsində də özünü göstərir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci il avqustun 24-də keçirilmiş referendumdan sonra, respublikanın bütün sahələrdə inkişaf etməsi, dövlətin iqtisadi siyasətində sosial yönümlü məsələlərin həlli, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə müdafiəsinə xidmət edən qanunvericilik bazasının fomalaşması Konstitusiyaya zamanın tələbi ilə səsləşən bir sıra əlavə və dəyşikliklərin edilməsini labüd etmişdir. Bu referendumda Konstitusiyanın 24 maddəsinə 38 əlavə və dəyişikliklər edilmişdir. Bu əlavə və dəyişikliklər sırasında Konstitusiyanın 130-cu maddəsinə edilən əlavə - hər bir vətəndaşa Konstitusiya Məhkəməsinə birbaşa şikayət hüququnun verilməsi insan hüquqlarının dövlət tərəfindən səmərəli müdafiəsinin bariz nümunəsidir.
Ölkəmizdə həm iqtisadi, həm də siyasi həyatda baş verən mühüm dəyişikliklər Konstitusiyamızı yenidən təkmilləşdirmək zərurətini qarşıya qoymuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin rəyi və Milli Məclisin qərarları əsasında ümumxalq səsverməsi-referenduma çıxarılmış əlavə və dəyişikliklər Konstitusiyanın daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı əhəmiyyətli məsələlərin bu sənəddə daha dolğun ifadəsini tapmağa xidmət edəcək. Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklər edilməsi barədə Referendum Aktının layihəsi hazırlanmışdır. Layihədə Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin 5-ci bəndinə edilən təklif bu cür verilmişdir: "Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir".
Bu maddəyə təklif edilmiş dəyişiklik hər bir vətəndaşın seçki hüququnun etibarlı təminatına xidmət edəcəkdir. Xalqın öz taleyini etibar etdiyi şəxsin ali qanunda prezident seçilməsinə qoyulan qadağa bugünkü dövrün tələbi ilə bir araya sığmır.
Referendum Aktının layihəsinə məhkəmə hakimiyyətinin daha səmərəli həyata keçirilməsinə xidmət edən bir sıra mühüm müddəalar daxil edilmişdir. Belə ki, Konstitusiyanın 67-ci maddəsinə təklif edilən 2-ci bənd cinayət törədilməsində təqsirləndirilən hər kəsə məhkum edilməzdən əvvəl dinlənilmək hüququ vermişdir. Bu da, öz növbəsində, təqsirləndirilən şəxsi məhkum etməzdən qabaq dinləmək, onun verdiyi məlumatlar əsasında ittihamın məhkəmədə tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.
Bundan başqa, 130 və 131-ci maddələrə təklif edilən əlavələrlə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin qərarlarının dərc edilməsinin Konstitusiyada bir prinsip kimi öz əksini tapması diqqətəlayiqdir.
İnanırıq ki, Konstitusiya islahatları xalqımızın gələcək rifahının yaxşılaşdırılmasına, qanunlarımızın təkmilləşdirilməsinə, vətəndaşların mənafelərinin daha dolğun qorunmasına xidmət edəcək.