PDF Oxu

Siyasət

  • 8

İlham Əliyev: “Azərbaycanla Yunanıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir”

İlham Əliyev: “Azərbaycanla Yunanıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir”

Azərbaycan Prezidenti İlham Əliyev Afinada naməlum əsgərin məzarını ziyarət etmişdir. Məzarın yerləşdiyi meydanda fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev məzarın önünə əklil qoydu. Hərbi orkestrin ifasında Yunanıstanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Parlamentlərarası əlaqələrin əhəmiyyəti böyükdür

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan parlamentinin - Deputatlar Palatasının sədri Dimitris Siufas ilə görüşmüşdür. Azərbaycan ilə Yunanıstan arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunan görüşdə parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulandı və bu sahədəki əməkdaşlığın qarşılıqlı münasibətlərə töhfə verdiyi bildirildi. Yunanıstan parlamentinin sədri Azərbaycan Prezidenti İlham Əliyevi parlamentin qızıl medalı ilə təltif etdi.

Azərbaycan-Yunanıstan biznes forumu işgüzar  əlaqələrin yaranmasına kömək edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikası Baş nazirinin iqamətgahında hökumət başçısı Kostas Karamanlis ilə görüşmüşdür. Görüşdə iki ölkə arasında əlaqələrin genişlənməsindən məmnunluq ifadə olundu, iqtisadi sahədə, xüsusilə də, enerji sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulandı. Azərbaycan Prezidentinin Yunanıstana dövlət səfərinin qarşılıqlı əlaqələrin genişlənməsi baxımından əhəmiyyəti qeyd olundu.
Bildirildi ki, Azərbaycan-Yunanıstan biznes forumu konkret sahələrdə işgüzar əlaqələrin yaranmasına kömək edəcəkdir. İki ölkə arasında imzalanmış sənədlərin iqtisadi və digər sahələrdə əməkdaşlıq üçün hüquqi baza yaratdığı vurğulandı. Görüşdə qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Kostas Karamanlis: "Azərbaycanla çoxtərəfli əlaqələrimiz var"

Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstanın Baş naziri Kostas Karamanlis görüşdən sonra mətbuat nümayəndələri qarşısında bəyanatlarla çıxış etmişlər. Kostas Karamanlis dedi ki, Azərbaycan Yunanıstan üçün Qafqazda mühüm ölkədir və bizim çoxtərəfli əlaqələrimiz var. Yunanıstan Azərbaycan ilə enerji sahəsində uğurlu əməkdaşlıq edir.
Prezident İlham Əliyev bildirdi ki, Yunanıstana səfərin nəticələri uğurludur. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir. Azərbaycan-Yunanıstan əlaqələri dostluq və tərəfdaşlıq xarakteri daşıyır. Enerji sahəsində əməkdaşlığın da böyük əhəmiyyəti var. Yunanıstan Avropa İttifaqının üzvü olan ilk ölkədir ki, Azərbaycan qazı buraya birbaşa ixrac olunur. Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolunu bundan sonra da davam etdirəcəkdir.
Daha sonra jurnalistlərin suallarına cavab verildi.
Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstanın Baş naziri Kostas Karamanlis birgə işçi nahar etmişlər.

İşgüzar əməkdaşlıq imkanları genişdir

Afinada "İşgüzar əməkdaşlığın imkanları" mövzusunda Azərbaycan-Yunanıstan biznes forumu keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstan Prezidenti Karolos Papulyas, bu ölkənin Baş naziri Kostas Karamanlis biznes forumun açılışında iştirak etmişlər.
Azərbaycanda İnvestisiyaların İxracı və Təşviqi Fondunun və Afina Ticarət və Sənaye Palatasının birgə təşkil etdiyi görüşü palatanın prezidenti Konstantinos Mixalos açaraq bildirdi ki, biznes forumda Yunanıstanın 100-dək, Azərbaycanın isə 20-yə yaxın şirkəti təmsil olunmuşdur. Əminik ki, forum iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə xidmət edəcəkdir.
Sonra Yunanıstan Prezidenti Karolos Papulyas çıxış etdi. Azərbaycan Prezidenti İlham Əliyevi Afinada salamlamaqdan bir daha məmnunluğunu bildirən dövlət başçısı dedi ki, Azərbaycan Prezidentinin səfəri çərçivəsində ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə fayda verəcək bir neçə sənəd imzalanmışdır. Azərbaycan ilə Yunanıstan arasında siyasi, iqtisadi və mədəni əlaqələrə toxunan Prezident Karolos Papulyas bildirdi ki, onun ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Azərbaycanın enerji daşıyıcılarının mühüm ixracatçısı və tranzit ölkə olduğunu xatırladan Karolos Papulyas bu sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev biznes forumda çıxış etdi. Yunanıstana səfərinin çox uğurla keçdiyini bildirən dövlətimizin başçısı dedi ki, biznes dairələri arasında əlaqələrin genişlənməsi hər iki tərəf üçün faydalıdır. Səfər çərçivəsində aparılmış danışıqlar, imzalanmış sənədlər gələcəkdə Azərbaycan-Yunanıstan əlaqələrinin dərinləşməsinə kömək edəcəkdir. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. Ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın qeyri-enerji sektorunda da böyük potensialı vardır.
Azərbaycanın gənc müstəqil ölkə olduğunu və qısa müddətdə böyük inkişaf yolu keçdiyini xatırladan Prezident İlham Əliyev dedi ki, həyata keçirilmiş iqtisadi islahatlar nəticəsində Azərbaycan indi dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Adambaşına xarici sərmayələrin həcminə görə Azərbaycan MDB ölkələri arasında liderdir. Bu sərmayələr təkcə enerji sektoruna deyil, həm də qeyri-enerji sektoruna yönəldilmişdir.
Azərbaycanın zəngin təbii sərvətlərə malik olduğunu bildirən dövlətimizin başçısı dedi ki, son illər Azərbaycanda neft hasilatı beş dəfədən çox artmışdır. Son iki ildə isə Azərbaycan qaz idxal edən ölkədən, onu ixrac edən ölkəyə çevrilmişdir. Azərbaycan qazı hazırda Avropa İttifaqı bazarına, yəni Yunanıstana ixrac olunur.
İqtisadi inkişaf üçün sabitliyin və təhlükəsizliyin vacib amil olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, hazırda Cənubi Qafqazda potensial təhlükələr vardır. Bunların ən böyüyü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Biz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq. BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana təcavüzünü pisləyən 4 qətnamə qəbul etsə də, Ermənistan tərəfi indiyədək bu qətnamələrin tələblərinə riayət etmir. Sonra çıxış edən Yunanıstanın Baş naziri Kostas Karamanlis Prezident İlham Əliyevin bu ölkəyə ilk dövlət səfərinin əhəmiyyətini vurğulayaraq bildirdi ki, yüksək səviyyəli qarşılıqlı səfərlər iki ölkə arasındakı əlaqələrin inkişafına müsbət təsir göstərir. Səfər çərçivəsində ikitərəfli, regional və beynəlxalq məsələlərin ətraflı müzakirə edildiyini, bir neçə sənədin imzalandığını xatırladan Baş nazir bütün bunları hər iki tərəfin qarşılıqlı əlaqələrin inkişafına göstərdiyi diqqətin təzahürü kimi qiymətləndirdi. Enerji sahəsində əməkdaşlığı vurğulayan hökumət başçısı ölkəsinin bu sahədə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirdi. Biznes forumunda hər iki ölkədə biznes imkanlarına və sərmayə mühitinə dair təqdimatlar, şirkətlərin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilmişdir.

SƏFƏR BAŞA ÇATDI

Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yunanıstan Respublikasına dövlət səfəri başa çatmışdır.
Azərbaycanın və Yunanıstanın dövlət bayraqları ilə bəzədilmiş Afina beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Yunanıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmətlə yola saldılar.
Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıtdı.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar

Digər xəbərlər