Milli Məclisin komissiya iclası keçirilib
Milli Məclisin mətbuat xidmətinin "Səs"ə verdiyi məlumatına görə, parlamentin sosial siyasət, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının birgə iclası keçirildi. Sosial siyasət daimi komissiyası sədrinin müavini Musa Quliyev bildirdi ki, gündəliyə "Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" qanun layihəsi salınıb.
Son 2 il ərzində Əmək Məcəlləsinin monitorinqi keçirilmiş, monitorinqin nəticəsi olaraq vətəndaşların əmək hüquqlarının daha mükəmməl qorunması üçün məcəlləyə bir sıra əlavələrin və dəyişikliklərin edilməsi məqsədəuyğun sayılmışdır.
Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Hacı Mirhəşim Seyid məcəlləyə təklif olunan dəyişikliklər barədə ətraflı məlumat verdi. O bildirdi ki, layihədə istirahət günləri, məzuniyyətlər, hərbi xidmətə gedən işçilərin hüquqları, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 250 təqvim günü ödənişli məzuniyyətin verilməsi, yaxın qohumların toy və dəfn mərasimlərində iştirak etmək üçün işçilərə 5 təqvim gününədək məzuniyyətin verilməsi və s. ciddi müddəalar əksini tapmışdır.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov çıxış edərək əmək münasibətlərinin tərəflərinin bərabərhüquqlu olmasının və hər iki tərəfin hüquqlarının qorunmasının vacibliyindən danışdı. V.Ələsgərov layihədə çox mühüm dəyişikliklərin nəzərdə tutulduğunu diqqətə çatdırdı və sənədin əhəmiyyətini xüsusi vurğuladı.
Sonra deputatlar, müvafiq nazirliklərin və digər dövlət qurumlarının nümayəndələri çıxış edərək layihə ilə bağlı rəy və təkliflərini bildirdilər.
İclasın sonunda maliyyə tutumlu məsələlər istisna olmaqla digər dəyişikliklər Milli Məclisin iclasında müzakirəyə tövsiyə olundu.