PDF Oxu

Siyasət

  • 5

Azərbaycan-Yunannıstan əlaqələri regional əməkdaşlıqda yeni mərhələdir

Azərbaycan-Yunannıstan əlaqələri regional əməkdaşlıqda yeni mərhələdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Yunanıstana dövlət səfərinə yola düşmüşdür. Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.

AFİNA HAVA LİMANINDA QARŞILANMA

fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstana dövlət səfərinə gəlmişdir.
Azərbaycanın və Yunanıstanın dövlət bayraqları ilə bəzədilmiş Afina beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Yunanıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmətlə qarşıladılar.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Azərbaycan Prezidenti hava limanından "Grande Bretagne" mehmanxanasında onun üçün ayrılmış iqamətgaha yola düşdü.

PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA

Xüsusi müxbirimiz xəbər verir ki, Yunanıstan Prezidentinin sarayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Sarayın qarşısında Azərbaycanın və Yunanıstanın dövlət bayraqları asılmış, Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Yunanıstan Prezidenti Karolos Papulyas qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Yunanıstanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Yunanıstanın rəsmi şəxsləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Yunanıstan Prezidenti Karolos Papulyasa təqdim olundu.
Prezidentlər rəsmi foto çəkdirdilər.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ YUNANISTAN REZİDENTİ KAROLOS PAPULYASIN GÖRÜŞÜ

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin inkişafından məmnunluq ifadə olundu və bu səfərin qarşılıqlı əlaqələrin genişlənməsi baxımından əhəmiyyəti vurğulandı.
İki ölkə arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliklərini bildirən dövlət başçıları ikitərəfli, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi apardılar.

GENİŞ TƏRKİBDƏ GÖRÜŞ

Təkbətək görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Qarşılıqlı əlaqələrin genişlənməsindən danışan Prezident Karolos Papulyas Azərbaycan Prezidentinin Türkiyə-Yunanıstan qaz kəmərinin açılış mərasimində iştirakının əhəmiyyətini vurğuladı, eyni zamanda, indiki səfərin də ikitərəfli əlaqələrin genişlənməsinə təkan verəcəyini bildirdi.
Yunanıstanın dövlət başçısı dedi ki, iki ölkə arasında energetika sahəsində əlaqələr də yaxşı inkişaf edir. Bunun regional əməkdaşlıq baxımından da əhəmiyyətli olduğunu vurğulayan Prezident Karolos Papulyas qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini söylədi. İkitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev dedi ki, səfər zamanı imzalanacaq sənədlər siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrin daha da genişlənməsi üçün yaxşı hüquqi əsas yaradacaqdır.
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın fəal iştirakını xatırladan dövlətimizin başçısı bu baxımdan Yunanıstan ilə də enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı.
Türkiyə-Yunanıstan qaz kəmərinin açılış mərasimində iştirakını və həmin tədbiri məmnunluqla xatırladan Prezident İlham Əliyev dedi ki, həmin qaz xəttinin açılması Azərbaycan-Yunanıstan əlaqələri, eyni zamanda, regional enerji əməkdaşlığı üçün yeni bir mərhələnin başlanğıcı olmuşdur.
Azərbaycan Prezidenti ümidvar olduğunu bildirdi ki, iki ölkənin qarşılıqlı əlaqələri bundan sonra da genişlənəcəkdir.
Prezidentlər ikitərəfli əlaqələrin Azərbaycan-Avropa İttifaqı əlaqələri çərçivəsində əhəmiyyətini vurğuladılar, qarşılıqlı münasibətlərin daha da genişlənməsi üçün yaxşı potensialın olduğunu bildirdilər.

SƏNƏDLƏRİN İMZALANMA MƏRASİMİ

Geniş tərkibdə görüşdən sonra Prezidentlər İlham Əliyevin və Karolos Papulyasın iştirakı ilə Azərbaycan-Yunanıstan sənədlərinin imzalanma mərasimi olmuşdur. Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında konvensiyanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın iqtisadiyyat və maliyyə nazirinin müavini Adtonis Bezas imzaladılar. Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında hava əlaqələri haqqında sazişi "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və Yunanıstanın nəqliyyat və kommunikasiya nazirinin müavini Mixail Bekiris imzaladılar. Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Yunanıstanın nəqliyyat və kommunikasiya nazirinin müavini Mixail Bekiris imzaladılar.
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Yunanıstan Respublikasının İnkişaf Nazirliyi arasında bərpa olunan enerji ehtiyatları və enerji səmərəliliyi sahəsində anlaşma memorandumunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Yunanıstanın inkişaf naziri Kostis Hatzidakis imzaladılar.

DÖVLƏT BAŞÇILARININ MƏTBUAT ÜÇÜN BƏYANATLARI

Sənədlərin imzalanma mərasimindən sonra Yunanıstanın və Azərbaycanın dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış etmişlər.
Azərbaycan Prezidentini Afinada salamlamaqdan məmnunluğunu bildirən Yunanıstan Prezidenti Karolos Papulyas dedi ki, səfər çərçivəsində keçirilmiş görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr geniş müzakirə olundu. Bu əlaqələrin genişlənməsi üçün böyük potensial vardır. Biz Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin genişlənməsi məsələsini, habelə regional məsələləri də müzakirə etdik.
Səfər çərçivəsində imzalanmış sənədlərin əhəmiyyətini vurğulayan Karolos Papulyas əmin olduğunu bildirdi ki, Azərbaycan Prezidentinin Yunanıstana dövlət səfəri ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verəcəkdir.
Yunanıstan Prezidenti Azərbaycana səfərə dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Prezident Karolos Papulyasa minnətdarlıq etdi.
Azərbaycan Prezidentinin Yunanıstana ilk dövlət səfəri etdiyini bildirən dövlətimizin başçısı dedi ki, biz Azərbaycanda bu səfərə böyük əhəmiyyət veririk. Əminik ki, səfərin nəticələri uğurlu olacaq və qarşılıqlı əlaqələrin inkişafına müsbət təsir edəcəkdir. Biz görüşlərdə ikitərəfli, regional məsələləri geniş təhlil etdik. Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çıxarılması üçün son illər ərzində böyük işlər görülübdür. İndiki mərhələdə Azərbaycan ilə Yunanıstan arasındakı əlaqələrin inkişafı buna mühüm təsir göstərəcəkdir.
Enerji təhlükəsizliyi məsələsinə toxunan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynamağa hazırdır. Artıq bir ildən çoxdur ki, Azərbaycan qazı Yunanıstana, beləliklə də Avropa İttifaqı bazarına ixrac olunur.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq dedi ki, Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində bir milyon soydaşımız öz doğma torpaqlarından didərgin düşmüşdür. Münaqişələrin həlli üçün ərazi bütövlüyü prinsipi əsas tutulmalıdır. Ermənistan beynəlxalq hüquq normalarına əməl etsə, bu münaqişə tezliklə həllini tapa bilər.
Prezident İlham Əliyev Azərbaycana səfərə dəvəti qəbul etdiyinə görə Yunanıstan Prezidentinə təşəkkür etdi.

AZƏRBAYCAN PREZİDENTİ YUNANISTANIN ƏSAS MÜXALİFƏT PARTİYASININ SƏDRİ İLƏ GÖRÜŞÜB

Azərbaycan Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda - "Grande Bretagne" mehmanxanasında Yunanıstan parlamentində əsas müxalifət partiyası olan Ümumyunanıstan Sosialist Hərəkatının sədri Georgios Papandreu ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-Yunanıstan münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı.

VARDİNOYANNİS GROUP"UN İDARƏ HEYƏTİNİN SƏDRİ VƏ "MOTOR OİL HELLAS"IN PREZİDENTİ İLƏ GÖRÜŞ

Azərbaycan Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda - "Grande Bretagne" mehmanxanasında "Vardinoyannis Group"un idarə heyətinin sədri və "Motor Oil Hellas"ın prezidenti Vardis Vardinoyannis ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Yunanıstan arasında energetika sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olundu.

MİLLİ ARXEOLOJİ MUZEY İLƏ TANIŞLIQ

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan paytaxtındakı Milli Arxeoloji Muzeylə tanış olmuşdur.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı muzeyin rəhbərləri qarşıladılar.
Dövlətimizin başçısına məlumat verildi ki, muzeydə Yunanıstan tarixinin ən qədim dövrlərini əks etdirən eksponatlar nümayiş etdirilir. Muzey Afinaya gələn turistlərin ən çox maraq göstərdikləri yerlərdən biridir və onlarda Yunanıstanın qədim tarixi, insanların yaşayışı, məşğuliyyəti haqqında aydın təsəvvür yaradır.
Dövlətimizin başçısı və xanımı muzeyin ayrı-ayrı bölmələrində nümayiş etdirilən eksponatlara baxdılar.
Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim olundu.
Azərbaycan Prezidenti və xanımı muzeyin əməkdaşları ilə xatirə şəkli çəkdirdilər.

AZƏRBAYCAN PREZİDENTİNİN VƏ XANIMININ ŞƏRƏFİNƏ

Yunanıstan Prezidenti Karolos Papulyasın adından Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə ziyafət verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstana dövlət səfəri davam edir.

Digər xəbərlər