ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT
Çexiya Respublikasının Baş naziri Mirek Topolanek və onu müşayiət edən nümayəndə heyəti fevralın 13-də Fəxri xiyabanı ziyarət etmişdir. Mirek Topolanek xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydu. Qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər güllər düzdü.
ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Baş nazir Mirek Topolanek və Çexiya nümayəndə heyətinin üzvləri Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsini yad etdilər. Baş nazir "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.
Qonaqlar buradan Bakının mənzərəsini seyr etdilər. Onlara xalqımızın müstəqillik uğrunda apardığı mübarizə, Şəhidlər xiyabanının salınma tarixi və burada aparılan yenidənqurma işləri barədə məlumat verildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Çexiyanın Baş naziri Mirek Topolanek ilə görüşmüşdür. Görüşdə Azərbaycanla Çexiya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. İqtisadi əlaqələrin, o cümlədən energetika sahəsində əməkdaşlığın gələcəkdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. İkitərəfli əlaqələrimizin, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olundu. Ötən ay Budapeştdə keçirilən Nabukko sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə Çexiya Baş nazirinin görüşünün, habelə Mirek Topolanekin ölkəmizə rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi, əlaqələrin gələcək perspektivlərinin müzakirəsi və əməkdaşlığın daha da dərinləşdirilməsi üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olduğu bildirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Çexiyanın Baş naziri Mirek Topolanekin şərəfinə rəsmi nahar verilmişdir.