AZƏRBAYCAN PREZİDENTİNİN KÜVEYTƏ RƏSMİ SƏFƏRİ BAŞA ÇATIB
Azərbaycanın və Küveytin dövlət bayraqları ilə bəzədilmiş Əl-Küveyt beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycanın və Küveytin dövlət himnləri səsləndi. Prezident İlham Əliyevi Küveyt Dövlətinin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah və ölkənin digər rəsmi şəxsləri böyük hörmət və ehtiramla yola saldılar. Dövlətimizin başçısı həmin gün Bakıya qayıtdı. Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.