Məhkəmə-hüquq islahatları genişləndirilir
Ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.
Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramında göstərilir ki, dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi, hüquqi təsisatların möhkəmləndirilməsi, beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi ədliyyə və məhkəmə orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsini, onun maddi-texniki bazasının modernləşdirilməsini şərtləndirir. "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" ədliyyə sahəsində daha sürətli inkişafı təmin etmək üçün əsas vəzifələri, istiqamətləri və yerinə yetirilməli olan tədbirləri müəyyən edir.
Müvafiq Dövlət Proqramının başlıca məqsədi Azərbaycan Respublikasında ədliyyə sahəsində dövlət siyasətinin daha uğurla həyata keçirilməsini, ölkədə aparılan məhkəmə-hüquq islahatlarının davam etdirilməsini, ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafını təmin etməkdən ibarətdir: "Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:
ədliyyə sahəsində islahatların davam etdirilməsi və bu sahədə inkişafın təmin edilməsi;
ədliyyə sistemində və məhkəmələrdə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi işinin sürətləndirilməsi;
müasir tələblərə cavab verən yeni iş prosesinin təşkil edilməsi;
cəzaçəkmə müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi;
ədliyyə sisteminin və məhkəmələrin infrastrukturunun yeniləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi;
vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə müraciət etmək imkanlarının genişləndirilməsi."