İsa Qəmbərov AXCP (i) sədri Əli Kərimovu ittiham edir
Radikallar arasında yaranan gərginlik hələ də davam etməkdədir. Bu isə, həmin düşərgədə olan köhnə fikirli, köhnə "əqidəli" insanların "siyasətdən" getməsi ilə nəticələnir. Təbii ki, onlar bacarmadıqları siyasətdən çoxdan getməli idilər. Ancaq nə edək ki, belə olmadı.
Onsuz da Əli Kərimovun, İsa Qəmbərovun, Lalə Hacıyevanın və Əvəz Temirxanın və eləcə də, onların ətrafında olan insanların siyasətdə qalıb-qalmamağı heç kəsə maraqlı deyil. Bu, maraqsızlıq, siyasi savadsızlıq, ikiüzlülük, radikal düşərgəni pis vəziyyətə salıb. Onlar artıq xarici qrantlardan da məhrum olub. Bu məhrumiyyət tezliklə Müsavatın, AXCP (i)-nin və digər pozucu fəaliyyətlə məşğul olan partiyaların demək bir-birinin ardınca siyasətə əlvida deməsi ilə nəticələnəcək. Çünki həmin partiyalara, Ə.Kərimova, İ.Qəmbərova və L.Hacıyevaya xalq çoxdan əlvida deyib. Ə.Kərimovun yaşadığı taleyi indi də İ.Qəmbərov yaşamaqdadır.
Məlumdur ki, AXCP (i)-nin 15 üzvü var ki, onlardan da 10-u partiyadan istefa verib. İndi həmin acınacaqlı vəziyyəti Müsavat başqanı yaşayır. Rauf Arifoğlunun və digərlərinin kütləvi şəkildə Müsavat sıralarını tərk etməsi buna sübutdur. İ.Qəmbərov bu məsələdə AXCP (i) sədri Ə.Kərimovu ittiham edir. Başqan bu məsələdə Ə.Kərimovun əli olduğunu söyləyir. Onun iddiasına görə, AXCP (i) sədri R.Arifoğlu ilə əlbir olaraq, Müsavat başqanı İ.Qəmbərova təxribat hazırlayır. Beləliklə, Müsavatdaxili qarşıdurma keçmiş "dostların" düşmən olması ilə nəticələnib. Yəni AXCP (i) sədri Ə.Kərimovla Müsavat başqanı İ.Qəmbərov arasında yenidən qızğın savaş başlayacaq.