MEHDİ HÜSEYNİN 100 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ
Prezident İlham Əliyev görkəmli ədib, Azərbaycanın xalq yazıçısı Mehdi Hüseynin (Mehdi Əli oğlu Hüseynovun) anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda göstərilir ki, 2009-cu ilin mart ayında görkəmli ədib, Azərbaycanın xalq yazıçısı Mehdi Hüseynin (Mehdi Əli oğlu Hüseynovun) anadan olmasının 100 ili tamam olur: "Yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında istedadlı nasir, dramaturq və tənqidçi Mehdi Hüseynin özünəməxsus yeri vardır. O, tarixi və müasir mövzulu bədii əsərlərin bir çox dəyərli nümunələrini meydana gətirməklə yanaşı, peşəkar ədəbiyyatşünas kimi sənətkarlıq və yaradıcılığın nəzəri məsələlərinə dair aktual mülahizələri ilə ədəbi prosesə istiqamət vermişdir."
Bu Sərəncama əsasən, müvafiq dövlət qurumlarına Azərbaycan ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş yazıçı Mehdi Hüseynin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə xalq yazıçısı Mehdi Hüseynin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.