PDF Oxu

Siyasət

  • 2

İsanın qara günləri

İsanın qara günləri
Müsavatın qərargahından "Yeni Müsavat" qəzetinin çıxması ilə başqan İsa Qəmbərovla baş yazar Rauf Arifoğlu arasındakı "razborka" növbəti mərhələyə çatdı. 8-ci kilometrdəki mənzil-qərargahına köçən R.Arifoğlu, indi bütün gücünü partiyanı dağıtmaq və üzərində olan missiyanı reallaşdırmağa yönəldib. Partiyadan verilən məlumatda bildirilir ki, gələn il Müsavatın növbəti qurutayı keçiriləcək. Belə olan halda R.Arifoğlu ona qədər öz "işini" görməlidir. Heç kimə sirr deyil ki, baş yazar özünün yeni partiyasını yaratmaq üçün çapalayır və yaradacağı partiyada da Müsavatın hazırkı funksionerlərinin təmsil olunacağını bildirir. Baş yazarın verdiyi açıqlamasına görə, xüsusilə, onun nəzarətində olan Müsavat deputat qrupunun üzvləri də yeni yaradılacaq partiyanını üzvləri olacaq. Onu da qeyd edək ki, çox güman ki, qəfil narazılıq çıxmasa, qəzetin kursu və Müsavat partiyasına olan münasibəti dəyişməyəcək.

Əslində, "Yeni Müsavat"a bu ərəfədə Müsavat Partiyası ilə münasibətləri pozmaq sərf etmir. Çünki Müsavat funksionerləri ilə münasibətləri korlamaq baş yazarın yeni firqə qurmaq planlarını poza bilər. Həbsdən çıxandan Müsavatdan ayrılıb yeni partiya quracağını bəyan etmiş baş yazar, sonralar planını müəyyən səbəblərdən dayandırmışdı. Belə ki, araya parlament və prezident seçkiləri düşdüyündən R.Arifoğlu firqə qurmaq planını sakit bir vaxta saxladı. Baş yazar həm qəzetin köçməsi, həm də yaradacağı partiya ilə bağlı məsələyə aydınlıq gətirərkən təkrar bu məsələyə qayıdıb və firqə yaratmaq planını İ.Qəmbərovun başqanlıqdan gedəcəyi təqdirdə quracağını bildirib. İ.Qəmbərov isə 2010-cu ildə başqanlıqdan gedəcəyini bildirib. Bir müddət öncə başqan Müsavat partiyasının keçirdiyi sonuncu iclasında da bu məsələ ilə bağlı son sözünü deyib və bildirib ki, fikri qətidir, partiyadan gedəcək.

Müsavat funksionerlərinin post-İ.Qəmbərov dönəminə hazırlaşmaları da başqanın gedəcəyini təsdiq edir. Müsavat partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev qardaşı ilə birgə qəzet açır, məclis sədri Sülhəddin Əkbər və divan üzvü Vurğun Əyyubov qrupu isə nəzarət etdikləri "Paralel" qəzetini gücləndirmək istəyirlər. Rayon təşkilatları ilə də təbliğati işi aparılır. Belə bir durumda iki il sonra partiya quracağını bəribaşdan elan etmiş R.Arifoğlunun boş dayanması ağlabatan görünmür. Müsavat partiyasındakı mənbə baş yazarın partiya qurculuğuna start verdiyini bildirir.

Mənbə qeyd edir ki, indiki şəraitdə qərargah götürmək elə müstəqilləşmək və tədricən Müsavatdan qopmaq anlamına gəlmək deməkdir. R.Arifoğlunun ömrünün 20 ilini verdiyi bir partiyadan əliboş qopmayacağı isə gün kimi aydındır. Baş yazarın yeni partiya quruculuğunun birinci mərhələsinə başladığı artıq kimdəsə şübhə doğurmur. Yaranmış vəziyyət onu deməyə əsas verir ki, bu mərhələdə R.Arifoğlu siyasi aləmdə, Müsavatda özünə simsar adamlarını, dostlarını başına toplayacaq, münasibətləri sıxlaşdıracaq, yeni media proyektləri və planlarını həyata keçirəcək. Həmçinin, mənbənin məlumatına görə, baş yazar Müsavatın rayon təşkilatlarının fəalları ilə təmaslar quracaq və onları öz çevrəsinə cəlb etməyə çalışacaq. Baş yazarın bu hərəkəti olduqca normaldır.

Yuxarıda qeyd olunduğu kimi, o, ömrünün 20 ilini Müsavatın güclənməsinə, təbliğinə sərf edib, partiyanın rəqibləri ilə döyüşüb. Belə bir vəziyyətdə onun Müsavatdan əliboş getməsi doğru olmazdı. Beləliklə, illər boyu həyatını qoyduğu Müsavatdan öz qisasını almağa çalışan R.Arifoğlu, artıq hədəfinin bir addımlığındadır. Ağrıyan baş isə Müsavat başqanı İ.Qəmbərovun olacaq.

Digər xəbərlər