Bakıda Qış bulvarı salınacaq
Yaxın illərdə Bakıda Qış bulvarı salınacaq. Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayevin mətbuata verdiyi açıqlamaya görə, Qış bulvarı hər iki tərəfdən binalar zolağı ilə əhatə olunan uzun xiyabandır. Qış aylarında, soyuq havada dəniz kənarındakı gəzintidən daha çox bu cür parkda gəzinti adama xoş təsir bağışlayar.
Qeyd edək ki, Qış bulvarının salınması hələ Bakı şəhərinin baş planında nəzərdə tutulub. Bu park Heydər Əliyev Sarayından Milli Elmlər Akademiyasına qədər uzanmalı idi. Qış bulvarının eni də bugünkü çertyojlarda göstərildiyindən fərqli olaraq, daha geniş imiş. Lakin bəzi səbəblərə görə, tikinti planına yenidən baxılıb və indi Qış bulvarı Heydər Əliyev Sarayının arxasından Füzuli meydanına qədər olan ərazini əhatə edəcək. C.Qocayevin sözlərinə görə, park hətta Milli Dram Teatrının binasından yuxarıdakı ərazini də əhatə edə bilər.
Heydər Əliyev Sarayı və Füzuli meydanı arasında yerləşən köhnə yaşayış evləri və binalar söküləcək. Artıq sökülmə işlərinə başlanılıb. Sakinlərə hansı məbləğdə pul kompensasiyasının ödəniləcəyi barədə Bakı şəhər İcra Hakimiyyəti qərar verəcək.
Bu layihənin hansı müddət ərzində həyata keçiriləcəyini isə hələ heç kim dəqiq bilmir. Hazırda podratçı-şirkətlər arasında müsabiqə elan edilib. C.Qocayevin fikrincə, bu şirkətlər arasında Koreya tikinti şirkəti də ola bilər.