Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüş olacaq
Məlum olduğu kimi, yanvarın 28-də Davos iqtisadi forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar növbəti görüş keçiriləcək. Bununla bağlı bir neçə partiya sədrlərinə müraciət etdik.
Mais Səfərli, "Yurddaş" partiyasının sədri:
- Münaqişə tərəfi olan hər iki dövlətin rəhbərlərinin görüşünü doğru hesab edirəm. Bir məsələ də var ki, ermənilər hər dəfə, bir qayda olaraq, cənab İlham Əliyevin siyasəti qarşısında duruş gətirə bilmirlər, amma müxtəlif həqiqətlərə uyğun olmayan bəyanatlar verirlər. Azərbaycanın həm iqtisadi, həm siyasi cəhətdən güclənməsi işğalçı dövlətin mövqeyini xeyli zəiflədib. Ermənistan güclü Azərbaycan qarşısında acizdir. Bu bizim Prezidentin siyasi bacarığından irəli gəlir. İlham Əliyev cənabları böyük diplomatdır. O, hər dəfə işğalçı dövlətə, erməni rəsmilərinə beynəlxalq hüquq normalarını anladır. Belə görüşlərdən sonra Ermənistanın mövqeləri daha da zəifləyir. Artıq münaqişənin həlli üçün kifayət qədər zəmin yaranıb. Azərbaycan inkişaf edərək, daha da güclənir. Ermənistan isə, əksinə, müflisləşib. Erməni siyasətçiləri də bunu başa düşürlər. Beynəlxalq təşkilatlar da bu münaqişənin həllində israrlıdır. Dağlıq Qarabağ da da vəziyyət dözülməz həddədir.
Bütün bunlar onu deməyə əsas verir ki, 2009-cu ildə münaqişənin həlli üçün şərait var. ATƏT-in Misk Qrupuna üzv olan ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Baxmayaraq ki, həmin ölkələr ermənipərəst dövlət kimi tanınır. Hesab edirəm ki, bu münaqişənin həlli ilə bağlı olaraq Türkiyə də Minsk Qrupuna üzv qəbul olunmalıdır.
Tahir Kərimli, Vəhdət partiyasının sədri:
- Biz Vəhdət partiyası olaraq ölkə başçısı cənab İlham Əliyevin daxili və xarici siyasətinin münaqişənin həlli ilə bağlı yürütdüyü siyasəti də bəyənirik. Prezident İlham Əliyev cənabları ilə işğalçı Ermənistanın prezidenti Serj Sarkisyan arasında keçiriləcək növbəti görüşə gəlincə isə, deyərdim ki, bu görüş Dağlıq Qarabağ münasibətinin həllində müsbət haldır. Bununla cənab İlham Əliyev Azərbaycanın sülhsevər ölkə olduğunu bir daha dünya ictimaiyyətinə çatdırır. Ancaq mən düşünmürəm ki, bu görüşlə münaqişə tam həllini tapmış olsun. Münaqişənin həlli istiqamətində vasitəçiliyi ATƏT-in Minsk Qrupu öz üzərinə götürüb. Lakin ABŞ, Fransa və işğalçı dövləti dəstəkləyən Rusiyanın həmsədri olduğu bu qrupdan heç nə gözləməyə dəyməz. Çünki həmin ölkələr dolayısı ilə Ermənistanı dəstəkləyir.