PDF Oxu

Siyasət

  • 4

İsa Qəmbərov siyasi bicliklərin yeni terminlərini öyrənib

İsa Qəmbərov siyasi bicliklərin yeni terminlərini öyrənib
Müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin daim istifadə etdikləri bir metod mövcuddur. Daha çox diqqətə səbəb olmaq və düşərgə daxilində seçilib-tanınmaq. Aparılan mübarizədə tam şəkildə demək olmaz ki, bir partiya sədri mütləq qalib olub. Çünki istənilən uğur müvəqqəti xarakter daşıyıb.

Müəyyən zaman kəsiyindən sonra nisbətən irəliləyən partiya sədri, sonradan əks mövqeyinə qayıtmalı olub. Bu, nöqteyi-nəzərdən, müxalifət düşərgəsində hər zaman partiya sədrləri arasında çəkişmələr baş verib. Təbii ki, mövcud qarşıdurmalar ümumilikdə müxalifətin ziyanına işləyib. İctimai rəyin dəstəyindən məhrum olan müxalifət başbilənləri sıravi üzvlərin də onlardan uzaqlaşmalarına səbəb olublar. Ona görə də, müxalifət düşərgəsi ümumilikdə cəmiyyət üçün qəbuledilməz qüvvəyə çevrilib. Maraqlı məqam ondan ibarətdir ki, müxalifət liderləri martın 18-də keçiriləcək Konstitusiyaya əlavə və dəyişikliklər ərəfəsi fəallıq nümayiş etdirməyə, zorən ictimai rəyə daxil olmağa səylər göstərirlər. Onlar, gah qeyri-ciddi sonluqla nəticələnən toplantılar keçirir, gah da rayonlarda məzhəkələr qurub, şoular yaradırlar. Hərdənbir onlara hakimiyyət tərəfindən təzyiqlərin olduğunu uyduraraq hay-külər də qoparırlar. Xüsusilə də, referendum üzrə təşəbbüs qruplarının bölgələrdə imzatoplama kampaniyası apardığı zaman, radikal müxalifət çirkin vasitələrin bütün incəliklərindən istifadə etməyə səylər göstərirlər. AXCP (i) sədr müavini Həsən Kərimov partiyanın yerli təşkilat üzvlərinin həbs olunduğunu iddia edibsə, Müsavatın seçki qərargahının katibi Gülağa Aslanlı onlara imzatoplama kampaniyasında maneələrin törədildiyini uydurub. Hətta məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciətlər də olunub. Amma MSK-da yaradılan komissiyanın apardığı araşdırmalar nəticəsində müraciətlərin yalan olduğu üzə çıxıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, müxalifətin bölgələrdə imzatoplama kampaniyası uğursuzluqla nəticələnib. Çünki insanlar imzatoplamanın radikal müxalifətin təmsilçilərinin olduğunu başa düşdükdə, onları qovublar. Hətta bəzi yerlərdə insanlar radikal müxalifətin onların yaşadıqları yerlərə daxil olmalarını yolverilməz hal kimi qiymətləndirib, bunu özlərinə qarşı təhqir hesab etdiklərini bildiriblər. Radikal müxalifətin Bakıda əyləşən ünsürləri isə, cəmiyyətin mövqeyini həzm etmək istəməyiblər. Ona görə də, özlərini küçə uşaqları kimi aparmağa üstünlük veriblər. Araşdırmalar göstərir ki, Müsavat başqanı İsa Qəmbərov referendum ərəfəsi hay-küy yaratmaqla diqqət mərkəzinə çevrilməyə daha çox səy göstərir. Başqan xaricdən aldığı maddi və mənəvi dəstəyə arxalanaraq, hər cür primitiv ideyalarla çıxış etməkdən çəkinmir. İ.Qəmbərov bölgələrdə qruplar şəklində iğtişaşlar yaradacaqlarını, mərkəzdə isə, kütləvi aksiyaların keçirilməsinə çalışacaqlarını bildirib: "Biz bu referendumdan öz maraqlarımızın təminatı üçün hər cür üsullardan istifadə edəcəyik. Müxalifətdən bizə dəstək verən olmasa, onlar xəyanətkar və satqın kimi ifşa olunacaqlar". Bu cür ultimativ bəyanatlar onu deməyə əsas verir ki, İ.Qəmbərov bu günə qədər siyasi fəaliyyəti ərzində tətbiq etmədiyi və ya edə bilmədiyi hər cür cəfəngiyyatı bundan sonra həyata keçirmək niyyətindədir. Bu niyyətin reallaşması İ.Qəmbərov üçün problemlərlə yaşanacağı şübhə doğurmasa da, başqan ruhdan düşmək niyyətində deyil.

Müsavat başqanının keçmiş müavini Rauf Arifoğlu isə, İ.Qəmbərovun ifrat dərəcədə radikallıq nümayiş etdirməsinin partiya üçün acınacaqlı nəticələrə səbəb olacağı qənaətindədir. Onun sözlərinə görə, cəmiyyət, eləcə də, müxalifət düşərgəsində təmsil olunan sıravi müxalifət üzvləri radikallığı qətiyyətlə rədd edirlər. Ona görə də, İ.Qəmbərovun siyasi fəaliyyət istiqamətini məlum olmayan səbəblərdən daha da kəskinləşdirməsi Müsavat üçün arzuolunmaz nəticələrlə yekunlaşa bilər: "Müsavatın əksər rayon təşkilatları ictimai sifarişə uyğun olaraq, İ.Qəmbərovla birgə siyasi mübarizəyə son qoyacaqları qənaətindəyəm. Bu, reallıqdır, düşünürəm ki, özünü siyasətçi hesab edən hər bir şəxs bu reallığı qəbul etməlidir."

Digər xəbərlər