Eldar Namazov - Etibar Məmmədov qarşıdurması
Son zamanlar müxalifət düşərgəsində yaranmaqda olan yeni münaqişə ocaqları daha çox partiyaların məhvinə şərait yaradır. Bu baxımdan da, müxalifətin sıralarının seyrəlməsinin müşahidə olunması artıq adi bir hala çevrilib. Odur ki, müxalifət düşərgəsində yaranmış və yaranmaqda olan yeni münaqişə mənbələri daha çox biri digərinin imkanlarını mənimsəmək prinsipi üzərində qurulub. Məhz bu prinsipləri özündə ehtiva edən müxalifət düşərgəsində daha diqqətçəkən proseslərin baş verməsi onu göstərir ki, burada, hələ də köhnə sistemin qalıqları mövcuddur. 16 ildən artıq bir zaman çərçivəsində normal qaydalardan uzaq olmuş müxalifət düşərgəsi mövcud olduğu dövrdə, özünü cəmiyyətə təqdim etmək bacarığına da yiyələnə bilməyib. Ona görə də, indi daha çox maddi sıxıntılar içində boğulan müxalifət, bununla yanaşı, cəmiyyətin dəstəyi sarıdan da əziyyət çəkir.
Artıq müxalifət düşərgəsinin aparıcı nümayəndələri də etiraf edirlər ki, onların sosial bazası heçə enib. Bunun da başlıca səbəbi düşərgə daxilində normal prinsiplərin hökm sürməməsi və mübarizə metodunun düzgün seçilməməsidir. Hər bir addımı cəmiyyətin nifrəti ilə qarşılanan müxalifət daha çox anti-Azərbaycan mövqeli təşkilatların ətəyindən bərk yapışmaqla, onların malik olduğu maliyyə vəsaitlərindən yararlanmağa çalışırlar. Amma son zamanlar onların bu istəyi də artıq puça çıxıb. Çünki qeyd olunan təşkilatlar artıq pulların boş yerə xərcləməyin əbəs olduğunu anlayaraq, müxalifətin qanararını kəsməli olub. Bu addım isə düşərgənin heç də xoş olmayan güzəranının bir qədər də ağırlaşması ilə nəticələnib. Düşərgədə bu tipdən olan partiyalar sırasında isə AMİP və "ANİF" daha çox sezilməkdədir. Son iki ay ərzində bu iki qurum daha çox vəziyyətdən çıxış yolu axtarmağa çalışsa da, onların bu istəyi özlərinin məhvi ilə nəticələnməli oldu. Çünki yuxarıda qeyd etdiyimiz kimi, indi düşərgə daxilində olan qüvvələr daha çox bir-birilərinin imkanlarını mənimsəmək üçün var-gəl edir.
AMİP-lə "ANİF"-in bu prinsiplə əməkdaşlıq etmək istəyi isə nəticədə birincinin çıxılmaz durumla üzləşməsi ilə sona yetir. Odur ki, indi heç kimə güzəştə getmək iddiasında olmayan "ANİF" sədri Eldar Namazov AMİP lideri Etibar Məmmədovun imkanlarından yararlanaraq öz gücünü artırmağa çalışır. Amma onların hansı məqsəd uğurunda birləşmək eşqinin, hansı effektlə nəticələnməsi isə məsələnin görünən tərəfidir. Çünki E.Namazov digər məsləkdaşları ilə müqayisədə öz maraqları naminə güzəştə getmək prinsipindən tamam uzaqdır. Ona görə də, müxalifət düşərgəsində onu heç kimin gözü götürmür. Müəyyən dövrlərdə isə "ANİF" rəhbəri müxalifətin arzuolunmaz yenilikçisi kimi qələmə verilib. Onunla müqayisədə isə AMİP lideri son bir neçə ildə qaranlıqdan üzə çıxmaq istəmir. Bir az abır-həya saxlamağa çalışan E.Məmmədov, daha çox şəxsi biznes maraqlarının arxasınca qaçmaqla, əslində, məsləkdaşlarına nümunə olmağa çalışır.
Uzun müddət müxalifət düşərgəsində heç bir uğura imza atmağı bacarmayan E.Məmmədov az bir müddətdə özünəməxsus biznes strukturu yaratmaqla dolanmağın asan yolunu tapıb. Amma başı uzun müddət alış-verişə qatışmış AMİP liderini yenidən siyasi məsələlərlə narahat edən E.Namazov, əslində, nə istəkdə olduğunu açıq şəkildə bildirməyə çalışır. Onun bu istəyini isə sadəlövhlüklə qarşılayan E.Məmmədov, indiki məqamda ona siyasi motivdə birləşmək və ayrılmağın gərəksiz olduğunu dolayısı ilə bildirməyə çalışır.
Düşərgə daxilində heç də hamı tərəfindən normal qəbul olunmayan bu iki şəxsin yenidən başqa bir formada üzə çıxmaları isə heç nəyi dəyişən deyil. Onsuz da bütün gücünü itirmiş müxalifət nümayəndələri gündə on cür formatda çıxış etsələr də, onların qiymətini Azərbaycan cəmiyyəti çoxdan verib. Odur ki, müxalifət düşərgəsinə yenilik adı altında gətirilən ideyalar da tamam geriyə bir addım kimi qiymətləndirilir.