Daxili “razborkalar” müxalifəti çökdürür
Artıq 18 ilə yaxındır ki, ənənəvi müxalifətin nə liderləri, nə də ideyaları dəyişmədiyi üçün onların yaratdığı istənilən birliyin də heç bir perspektivi olmayacaq. "Açıq Cəmiyyət Partiyası"nın sədr müavini Nizami Məmmədov verdiyi açıqlamasında bildirib ki, artıq müxalifətə nəinki Azərbaycan cəmiyyəti, hətta həmin partiyalarda təmsil olunan insanlar da inanmır: "İlk növbədə, müxalifət liderləri istefa verməlidirlər. Həmçinin, həmin partiyalar öz siyasi kurslarına yenidən nəzər yetirməli və həmin kursda dəyişiklik etməlidirlər. Artıq müxalifət birmənalı şəkildə anlamalıdır ki, yanlış siyasi kurs həyata keçirir".
Nizami Məmmədov referendum öncəsi müxalifət partiyalarının yaratmış olduğu birliyin qısa müddətdən sonra həmin partiyalar arasında qarşıdurmalara gətirib çıxaracağını deyib. Məlum olduğu kimi, Müsavat, ADP və AXCP (i) anti-referendum qrupu yaratmağı qərara alıb. Amma vəziyyət qəlizdir. Məsələ burasındadır ki, bir neçə müxalifət partiyası bu prosesə qarşıdır. Xüsusilə, AMİP və "DUİ"-yə daxil olan qurumlar bu prosesin müxalifətin yenidən biabır olmasına səbəb yaradacağını deyir. AMİP funksioneri Əli Orucov isə bəzi partiyaların öz maraqları üçün çapaladıqlarını və məqsədlərinin ancaq və ancaq şəxsi istəklərini təmin emək olduğunu deyib.
AMİP funksionerinin bildirdiyinə əsasən, artıq bu istiqamətdəki fəaliyyət bütün müxalifətin yenidən uçuruma aparılması demək olacaq. Onun açıqladığı fikirlərdən başa düşmək olar ki, AMİP rəhbərliyi hazırkı şəraitdə keçmiş ssenarilərin yenidən təkrarlanmasına qarşıdır və bunun qarşısının alınması üçün öz mövqeyini ortaya qoyur. Ə.Orucovun açıqladığı daha bir fakt isə onunla bağlıdır ki, bəs artıq Müsavat və AXCP (i) öz maraqlarını reallaşdırmaq və gələnilki parlament seçkilərində öz ətraflarında qurumlar toplamaqla, bir növ beynəlxalq təşkilatlardan qrant almağa çalışırlar: "Bəzilərinin durub müxalifət adından nəsə demələri və özlərini düşərgənin cəfakeşi kimi göstərmələri əsil həyasızlıqdır. Kim nə deyir desin, bu, əsil biabırçılıqdır. Bir çoxları yenə köhnə ssenariləri təkrarlamağa can atırlar. Yoxsa bu vaxtı keçmiş oyunları yenidən ortaya atmaq nəyə lazımdır ki?. Deməli, kimlərsə bu oyunları ortaya atmaqla, öz köhnə bosslarına hələ də onlara lazım olduqlarını nümayiş etdirirlər. Kimin əlində bir-iki qəzet varsa, o da bundan istifadə edib özünü reklam edir."
AMİP funksionerinin açıqladığı fikirlər bunu deməyə əsas verir ki, artıq müxalifətin hazırkı rəhbərliyi heç bir il çəkməyəcək ki, tamamilə siyasi səhnəni tərk edəcəklər. Onların bundan başqa yolları da qalmayıb. Daxili razborkalar müxalifəti çökdürür.