“Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı” uğurla həyata keçirilib
2004-2008-ci illərdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı vaxtından əvvəl və nəzərdə tutulduğundan daha böyük həcmdə həyata keçirilib. Son 5 ildə əsasən qeyri-neft sektorunun inkişafı qarşıya məqsəd qoyulub və buna nail olunub, Azərbaycan iqtisadiyyatının neft, qaz amilindən asılılığının azaldılması istiqamətində böyük işlər görülüb, regionların inkişafına diqqət artırılıb, sahibkarlığa böyük dəstək verilib.
Son 5 ildə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artıb, sənaye istehsalı 2,5 dəfə yüksəlib, adambaşına düşən gəlir 5,5 min dollar təşkil edib, ölkədə 766 min iş yeri açılıb ki, onların 547 mini daimidir, yoxsulluğun səviyyəsi 49%-dən 13,2%-ə düşüb. Ölkədə son 5 ildə minimum əmək haqqının 8,3 dəfə, minimum pensiyanın 4 dəfə artıb. Bu müddətdə 1600 məktəb, yüzlərlə tibb müəssisəsi, o cümlədən, dünya standartlarına cavab verən 8 diaqnostika mərkəzi tikilib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Gülüstan" sarayında keçirilən "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramının (2004-2008-ci illər) icrasının yekunlarına həsr olunmuş konfransda bəyan edib. Ölkə başçısı bildirib ki, Azərbaycanda elə bir sahə yoxdur ki, bu proqram o sahəni əhatə etməsin.
Prezident İlham Əliyev Azərbaycanın texniki imkanlarının gücləndiyini, böyük tikinti layihələrinin daxili imkanlar hesabına aparıldığını, bu işlərin görülməsi üçün ortaya ciddi siyasi iradə qoyulduğunu, maliyyə nizam-intizamının yaradıldığını bildirib.
"Büdcə xərcləri 12 dəfə artıb, valyuta ehtiyatları 18 mlrd. dollar həddini keçib. "Bu, gələcəyə nikbinliklə baxmaq üçün əsas verir" deyə prezident bildirib. Onun sözlərinə görə, Azərbaycan dünyanın qabaqcıl dövlətləri sırasına daxil olmağı qarşısına məqsəd qoyub. Prezident dünyada hökm sürən maliyyə böhranının Azərbaycanda az hiss olunduğunu qeyd edərək deyib ki, bunu daha da azaltmalıyıq.
Hazırda dünyada neft və qazla zəngin ölkələrdə təbəqələşmənin sürətlə getdiyini, iş yerlərinin az olduğunu nəzərə alsaq, Azərbaycanda bunun tam əksinin göründüyünü deyə bilərik. Son proseslər aydın göstərdi ki, Azərbaycan neft ehtiyatlarından istifadə ilə bağlı tam düzgün yol seçib.
Ölkə iqtisadiyyatının real sektoruna əsaslı vəsait qoyulur, ölkədə neft gəlirləri ədalətli bölünür, bu sahədə şəffaflıq təmin olunur. Şəffaflığın daha da gücləndirilməsi üçün müəyyən işlərin görülüb.
Dövlət Proqramının əhəmiyyəti bir də ondan ibarətdir ki, ölkədə qeyri-dövlət sektoru daha yüksək səviyyədə inkişaf edir. Son 17 ildə iqtisadiyyatda özəl sektorun payı 85%-ə çatıb.
Beş il əvvəl Prezident İlham Əliyev Azərbaycanda bir dənə də olsun çadır şəhərciyinin qalmayacağına söz vermişdi. Artıq ötən ildən ölkədə çadır şəhərciyi yoxdur. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi, onların işlə təmin olunması və digər problemlər də öz həllini tapıb.
Son 5 ildə ölkənin nəqliyyat sektorunda da ciddi inkişafa nail olunub. Son illərdə Azərbaycanda 4 aeroport tikilərək istifadə verilib ki, bu da ölkənin strateji maraqlarına cavab verir.
Ötən dövrdə dəniz nəqliyyatında da inkişaf müşahidə olunub. Azərbaycanın tanker donanmasının imkanları artırılıb. Avtomobil və dəmiryol nəqliyyatında bir sıra yeniliklər baş verib.
Dəmiryol xətlərində təmir-bərpa işləri aparılıb, sərnişin və yük vaqonları yenilənib. Yeni metrostansiyalar istifadəyəö verilib, metropoliten üçün xeyli yeni vaqonlar alınıb. Bakıda beynəlxalq avtovağzal istifadəyə verilib. Şəhərdaxili sərnişindaşımada müasir Avropa standartlarına cavab verən iri tutumlu avtobuslar tətbiq olunub.
Bu müddətdə ölkədə taxıl istehsalı 300-400 min ton artıb. Ölkənin ərzaq təhlükəsizliyinin qorunması üçün önəmli tədbirlər görülüb. Taxın Fondu yaradılıb. Bakıda böyük taxıl terminalı tikilib. Kənd təsərrüfatında da artıma nail olunub. Fermerlərə edilən yardımlar və ciddi dövlət dəstəyi ölkədə məhsul bolluğunun yaranmasına və kənd təsərrüfatı məhsullalrının qiymətinin ucuzlaşmasına səbəb olub.
Qlobal maliyyə böhranı nəticəsində ağır duruma düşən bəzi ölkələr beynəlxalq təşkilatlara kredit üçün üz tutduqları halda Azərbaycan belə bir problemlə qarşılaşmayıb.
Son 5 ildə əsas prioritet enerji təhlükəsizliyi ilə bağlı olduğundan bu dövrdə Azərbaycanda 9 elektrik stansiyası tikilib ki, onların ümumi gücü 1 000 MVt-dan çoxdur. Bu il daha 2 elektrik stansiyasının istifadəyə veriləcəyi, onların gücünün 600 MVt təşkil edəcəyi, ümumi gücü 1000 meqavatt daha iki elektrik stansiyasının tikilməkdə olduğu bildirilir. Ölkədə qaz çıxarılması həcmi 60%-dən 80%-ə çatdırılıb, yaxın illərdə isə 93%-ə çatdırılacaq.
Dövlət Proqramının icra olunduğu müddətdə bölgələrin inkişafı üçün böyük maliyyə vəsaitləri cəlb edilib. 5 il ərzində bu məqsədlərlə 6,8 mlrd. manat xərclənib. Qeyd etmək kifayətdir ki, təkcə 2008-ci ildə regionların inkişafına 4 mlrd. manata yaxın vəsait yönəldilib.
Xatırladaq ki, hazırda növbəti 5 il üçün proqram hazırlanır. Dövlət başçısı növbəti 5 il üçün Dövlət Proqramının yaxın vaxtlarda qəbul olunacağını, proqramın artıq hazır olduğunu, onun icrası üçün siyasi iradə ortaya qoyulacağını bildirib.
Qeyd edək ki, növbəti 5 illik Dövlət Proqramında əsas məsələ içməli su, suvarma, meliorasiya işlərinin tam həll edilməsinə həsr olunacaq, ekoloji məsələlərə ciddi yer ayrılacaq.
Ekspertlər yeni Dövlət Proqramının ölkədə növbəti 5 il üçün çox böyük inkişafa səbəb olacağını qeyd edirlər. Qarşıdakı müddətdə regionların sosial-iqtisadi inkişafı tamam başa çatacaq, Azərbaycanda tarazlı inkişafın real nətiəcələri müşahidə olunacaq. Buna indi heç kimdə şübhə yoxdur. Çünki buna şəxsən Azərbaycan Prezidenti İlham Əliyev qarantiya verir.