Regionların inkişafı ilə bağlı yeni proqramın icrasına yaxın günlərdə başlanılacaq
2004-2008-ci illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Azərbaycanın bütün rayonlarının iqtisadi və sosial həyatında əhəmiyyətli dərəcədə kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olub. Bu proqramın məntiqi davamı olan yeni iqtisadi inkişaf konsepsiyası hazırlanıb və sənədin yaxın günlərdə təsdiq olunması nəzərdə tutulur.
2009-2013-cü illərdə ölkəmizin iqtisadi, sosial, infrastruktur, sahibkarlıq, investisiya siyasətinin başlıca istiqamətlərini əhatə edəcək yeni sənəd- "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ən ucqar bölgələrdə bütün sosial və kommunal xidmət növlərinin yaradılmasını başa çatdırmaq, rayonlarda iqtisadi fəallığı artırmaq, qeyri-neft sektorunun inkişafını təmin etmək və digər tədbirlərlə bağlı kompleks islahatları nəzərdə tutur.
Ümumiyyətlə, yeni Dövlət Proqramı qeyri-neft sektorunu iqtisadiyyatın lokomotivinə çevirməkdən ibarət olacaq. Qarşıdakı illərdə zəngin valyuta sərvətlərinin ölkəmizə daxil olmasının fonunda həmin gəlirlərin neftdən kənar sahələrə yönəldilməsi prioritet olacaq. Həmin mərhələdə ölkənin valyuta sərvətləri bir neçə dəfə artaraq on milyardlarla deyil, yüz milyard dollarla ölçüləcək. Prezident İlham Əliyevin bəyan etdiyi kimi ən yaxın illərdə enerji layihələrinin həyata keçirilməsindən yüz milyardlarla dollar gəlir əldə olunacaq. Bütün bunlar həm iqtisadi, həm də siyasi islahatları həyata keçirməyə, ölkəmizin beynəlxalq mövqelərini möhkəmlətməyə və gələcəyə inamla baxmağa imkan verir. Makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernizasiyasının təmin olunmasına dəstək verən siyasətin dərinləşdirilməsi, inflyasiyanın aşağı salınması, qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsi, məşğulluq səviyyəsinin artırılması, çevik makroiqtisadi idarəetmənin həyata keçirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması qarşıdakı illərdə Dövlət Proqramının ana xətlərdən olacaq.
Dövlət başçısı bildirib ki, 2009-2013-cü illərdə elektrik enerjisi, qazlaşdırma sahələrinə, içməli su təminatı, meliorasiya və suvarma bölmələrinə böyük diqqət ayrılacaq, bir çox infrastruktur proqramlar həyata keçiriləcək. Bir sözlə, Azərbaycanın bütün bölgələrində, kənd və qəsəbələrində bu iqtisadi hədəfələrin reallaşması nəticəsində tamamilə yeni mənzərə yaranacaq. 2009-2013-cü illəri əhatə edən yeni proqram nəinki rayonların, eləcə də qəsəbə və kəndlərin spesifik xüsusiyyətlərini özündə əks etdirəcək. Azərbaycanın bütün yaşayış məntəqələrinin, hər bir kəndin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi, keyfiyyətli su xidmətləri ilə əhatə olunması, bütün məhəllədaxili yolların əsaslı şəkildə yenidən qurulması, qəsəbələrdə yeni müəssisələrin, ticarət mərkəzlərinin, xidmət obyektlərinin yaradılması başa çatdırılacaq. Bundan başqa, bütün rayonlarda məktəblərin, xəstəxanaların, digər səhiyyə obyektlərinin bərpası, rabitə və nəqliyyat xidmətlərinin əhatəli şəkildə təmin olunması bu proqramın başlıca istiqamətlərini təşkil edəcək. 2013-cü ilədək vətəndaşların sosial xidmətlərdən əhatəli şəkildə istifadə etməsi üçün yeni səhiyyə müəssisələrinin, stasionar və diaqnostika mərkəzlərinin inşası, rabitə müəssisələrinin modernləşdirilməsi, məktəblərin ən yeni avadanlıqlarla təmin edilməsi, onların istilik təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.
2009-2013-cü illəri əhatə edən Dövlət Proqramını səciyyələndirən əsas xüsusiyyətlərdən biri işğal olunmuş rayonlarda sosial-iqtisadi layihələrin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan ərazilərdə sosialyönümlü obyektlərin inşa edilməsi, kommunal və infrastruktur şəbəkələrinin yaradılması nəzərdə tutulur. Həmin rayonlar işğaldan azad edildikdən sonra burada sosial- iqtisadi inkişafla bağlı xüsusi proqram hazırlanıb həyata keçiriləcək. Həmin proqramların əsas mahiyyəti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, məktəb, səhiyyə, xəstəxana və digər sosial obyektlərin tikintisi, vətəndaşların yeni iş yerləri ilə təmin edilməsindən ibarətdir.
Dövlət Proqramın əsas sahələrindən biri kimi sahibkarların maliyyə təminatının yaxşılaşdırılması, yeni müəssisələrin yaradılması üçün hökumətin güzəştli vergi-gömrük tarifləri tətbiq edilməsi diqqət mərkəzində dayanır. Sahibkarlar üçün güzəştli vergi rejiminin yaradılması, ƏDV-nin azadılması və digər tədbirlər həyata keçiriləcək. Yeni yaradılan müəssisələrin ən müasir avadanlıqlarla təmin edilməsi üçün sahibkarlara uzunmüddətli kreditlərin verilməsi də bu tədbirlər sırasındadır.